Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qadınlar əvvəlcə kişinin ayaqqabısına, sonra saçına, dişlərinə və əllərinə baxar"
"Qadınlar əvvəlcə kişinin ayaqqabısına, sonra saçına, dişlərinə və əllərinə baxar"

Hər kəsin geyim tərzi və maraqları fərqlidir. Ancaq bəzi tövsiyyələr var ki, əməl edilməsə də dinlənilməlidir. Azərbaycan kişiləri geyim tərzi üzərində oynamağı sevmir. Bir köynək, bir şalvar bəzi kişilərə toya da, işə də, küçəyə də, mağazaya da getməyə bəs edir. Ancaq kişilər də cazibəli, təmiz və özünə yaraşanı geyinməlidir. Çünki bəzən bəzi kişilər özünə yaraşmayanı geyinir.

Modelyer Nərmin Rüstəmova Bizimyol.info saytına açıqlamasında bildirib ki, bu gün hər kəs idman stilinə önəm versə də və klassik geyimlər çox dəbdə olmasa da, klassik bir kostyum hər bir kişinin qarderobunun olmazsa olmazı olmalıdır. Bu kostyumlar əvvəlki illərdəki kimi deyil, bir qədər yığcam bədənə oturan olmalıdır.

“Yığcam kostyumları sport ayaqqabılarla uyğunlaşdırıb da geyinmək mümkündür. Klassik, ən yaxşı və daha çox seçilən olmalıdır. Kostyumu bir forma kimi qəbul edin. Sizin bədən formanız cazibəlidirsə, klassik bir kostyum sizi diqqətdə saxlayacaq. Hər şey sizdən asılıdır. Fit bədənə sahibsinizsə, hər şey sizin əyninizdə gözəl görünəcək” - deyə modelyer bildirir.

N.Rüstəmova qeyd edir ki, kişilər çox zaman ucuz və keyfiyyətsiz ayaqqabılara üstünlük verir. Ancaq bir qədər keyfiyyətli ayaqqabı da kişini cazibəli göstərə bilər: “Qadınlar əvvəlcə kişinin ayaqqabısına, sonra saç düzümünə, sonra dişlərinə sonda isə, əllərinə baxar. Əgər kiminsə xoşuna gəlmək istəyirsinizsə, ayaqqabılarınız təmiz və keyfiyyətli olmalıdır. Qısa zamanda keyfiyyətini itirən ayaqqabılara pul xərcləmək israfın bir formasıdır. Bir qədər bahalı və keyfiyyətli ayaqqabı alın. Mokasen və ya dairəvi burunlu düz, tünd rəngli və ya stilinizə uyğun klassik ayaqqabıları seçərkən keyfiyyətlisini seçin”.

Bəzən kişilər kəmərləri köhnəldikdə belə ondan vaz keçmirlər. “Onsuz da kim baxır ki” deyib, köhnə dərisi getmiş kəmərləri belə taxırlar. Amma unutmayın ki, qadınlar geyindiyiniz hər şeyə diqqət edir. Buna görə də, kəməriniz köhnəlibsə dəyişin. İstər idman stili olsun, istər klassik fərq etməz. Aksesuarlarınız köhnələn zaman onları mütləq dəyişin.

Kişilərin digər bir səhvi isə, rənglərdən düzgün istifadə etməməkdir. Kişi modelyer Oliver Spencer deyir ki, “əksər kişilər, tünd göy və boz olmayan geyimlərdən çəkinirlər”.

“Azərbaycanda da vəziyyət eynidir. Metroda, ictimai nəqliyyatda hər kəs qara, göy, qəhvəyi və boza bürünüb. Amma unutmamaq lazımdır ki, həyata bir dəfə gəlmisiniz, özünüzü mükafatlandırın, bəzən bunu seçdiyiniz geyimlərin rəngi ilə belə edə bilərsiniz. Düşündüyünüz kimi geyinin. Ancaq bu o demək deyil ki, kloun kimi geyinməlisiniz. Rəngləri düzgün seçin. Nə geyirsinizsə geyinin, belinizi dik tutun. Bu zaman bütün geyimlər gözəl görünür” - deyə modelyer bildirib.

Qalın, isti yun paltoların dövrü keçib. Bu il qış fəslində nazik görüntü verən, bədənlə uyğunluq təşkil edən gödəkçələr seçməlisiniz. Cazibəli və səliqəli görünmək istəyirisinizsə, əvvəlcə tərzinizi seçib ona uyğun geyimlər almalısınız. Stilinizi, həyat tərzinizə uyğun seçin. Çünki siz klassik bir geyimlə, idman stilində geyinmiş və ya geyim tərzini unutmuş insanların əhatəsində fərqli görünə bilərsiniz. Bu səbəbdən də stilinizi əhatənizə görə seçin. Unutmayın ki, ən pis stil, olmayan stildir.

Mütəxəssislərə görə, insanlar özləri üçün eynək seçən zaman cəmi 7 dəqiqə sərf edirlər. Əgər eynək taxmağı sevirsinizsə, buna bir qədər çox zaman ayırın. Üz formanıza fikir verərək, saç və qaşlarınızın formasına uyğun olan sizi rahat hiss etdirən eynək seçin: “Çalışın aksesuarlarınız az olsun. Məsələn; iki qalstukunuz olsa yetərlidir. Çünki iki rəngli qalstuku bütün kostyumlarla uyğunlaşdırmaq mümündür. Aksesuarlara çox üstünlük verməyin. Şübhəniz varsa, heç istifadə etməyin”.

Kişiləri qadınların gözündə sevimli, cazibəli edən birinci təmizlikdir. Sadə və təmiz geyimlə sadə tərzlə də diqqət çəkmək olar. Çalışın ki, geyimləriniz hər zaman təmizlik qoxusu versin.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »