Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İkinci Pərdə": Sevgisiz qurulan ailələrin filmi - Video
"İkinci Pərdə": Sevgisiz qurulan ailələrin filmi - Video

"İblis nədir? — Cümlə xəyanətlərə bais..."

Xəyanət...

Sevgisizlikdən, insanların istədikləri kimi yaşamamasından doğur. Xəyanət edən, xəyanətə uğramaqdan qorxur. Amma unudur ki, hamı xəyanət edir. Kimi sevdiyinə, kimi dostuna, kimi həyat yoldaşına, kimi də özünə edir xəyanəti..

Emil Quliyevin “İkinci Pərdə” filminin baş qayəsidir xəyanət...

Sevgisiz qurulan ailələr... Teymur da, Arif də əslində bədbəxtdir. Teymur sevdiyi qadınla ailə qura bilmədiyi üçün Samirə ilə ailə qurur. İlk sevgisi Günay boşanmış və uşaqlı qadın olduğu üçün Teymur valideynlərinə onun varlığından belə danışmağa qorxur. Ailə qurmaq üçün onu sevən Samirə ilə ailə həyatı qurur. Amma sevgisiz ailə nə qədər davam edə bilər ki? Zaman keçir, ailə həyatı monotonlaşır. Teymurun Samirəyə olan hissləri, marağı keçir... Uşaq da olmadıqca, "ailə" xatirinə ailə həyatı davam edir. Samirə evdə ev yığışdıran, yemək bişirən qulluqçuya çevrilir. Və sevgi axtarmağa başlayır. Qadın olduğunu hiss etmək istəyir. Və eyni zamanda içində Teymurdan qisas almaq hissi də var.

Arif də bədbəxtdir. Filmdə Arifin həyat yoldaşı göstərilmir. Sadəcə evli olduğu deyilir. Ancaq ailəsində xoşbəxt olan, həyatında hansısa bir tərəfdə boşluğu olmayan hansı kişi xəyanət edir ki?

Kişilər bir olmur atam balası, qorxağı var, igidi var...

Kişi... Düzdür bu söz Arifin üzərinə biçilməyib. Dostuna və həyat yoldaşına xəyanət edən qumarbaz, özündən aşağı imkanlı ilə özündən razı şəkildə davranan biridir, o... Bəzilərinin sadəcə cinsi kişidir Arif kimi... Dar gündə əlindən tutan, dəfələrlə çətinlikdən çıxaran Teymura xəyanət edir Arif. Qumar borcunu ödəmək üçün dostunun müalicə üçün yığdığı pulu ondan aldığı gün xəyanət edir dostuna...

İbiş... Arifin bacısının əridir. Bir dəfə nişanı qayıdan, qızı evdə qalmasın və söz-söhbət olmasın deyə, gözünün biri görməyən kasıb ailənin oğlu İbişlə evləndirirlər. Ancaq onların ulduzu ilk gündən barışmır. Arifin bacısı da özü kimidir. Ailə və uşağın nə olduğunu anlamayan, söyüş-təhqir dilindən, telefon əlindən düşməyən biri...  Boşanmağa can atır. İbiş isə, hər şeyə dözüb ailəsini dağıtmaq istəmir... Əslində, dözüm deyil. Bu, çarəsizlikdir. Bu, qorxaqlıqdır... Eşitdiyi təhqirlərin, alçaldılmağın əvəzini vermək istəsə də bir yol tapa bilmir. Çünki o, qorxaq və çarəsiz biridir.

Teymur, İbişə də sahib çıxmağı bacaran biri.. İbişin də xəyanətinə uğrayır. İbiş üçün doğum günü keçirən Teymurun heç ağlına da gəlməzdi ki... İbiş doğum günündə dostlarından Teymurun həyat yoldaşı Samirənin Ariflə münasibəti olduğunu öyrənir. Evdə yoldaşından olmazın sözlər eşidib təhqir edilən və ona cavab verməyə gücü çatmayan İbiş, qisasını Teymurun əli ilə almağa çalışır. Və bir zənglə Teymurun həyatı alt-üst olur. Evə gələn Teymur, əvvəlcə inanmaq istəmir. Sonra pəncərədən bir müddət həyat yoldaşını izləyir. Həyətə düşür, ağlayır, nə edəcəyini bilmir və qərar verib içəri girir...

Xəyanət... Əslində xəyanətə uğradığını eşitmək, buna şahid olmaqdan daha asandır. Xəyanətə uğrayan insan, özündə olan çatışmazlıqları düşünməyə başlayır. Nəyim çatmırdı, nəyim onu qane etmirdi, harda səhv etdim? Mənə xəyanət etdiyi adamın nəyi məndən üstündür? Düşünüb-düşünüb başını divara vurmağın gəlir. Sonra özünü toparlayıb səbəbini soruşursan. Və hər zaman da günahkar çıxarılan sənsən. Bəlkə elə günahkar sənsən? Bəlkə dəyər verməmisən, bəlkə elə sən adiləşdirmisən əvvəllər üzərində əsdiyin insanı... Bilmirsən...

Filmdə Arif obrazı ilə göstərilir ki, əslində dostuna xəyanət edən ariflərin qeyrəti, mənliyi olmur. Qadın xəyanətinin səbəbi olsa da, qadın niyə xəyanət etdiyini bilsə də, arifkimilər nə istədiyini bilmir.

Teymur, əvəvlcə Samirədən Arifi vurmasını istəyir və söz verir, deyir səni bağışlayacağam. Samirə, Arifə qıymır.. Arif isə, çox asanlıqla tətiyi çəkə bilir... Rejissor demək istəyir ki, qadınlar bəzən qadın olmağı hiss etmək arzusu ilə Arif kimi şərəfdən yoxluq çəkənləri də yaxına buraxa bilir. Tanımadan, bilmədən.

“Qulquyruqlu kimə lazımsan e sən, kimə lazımsan e sən? Uşaqla səni kimdi alan e, ay qız, yetimçə”...

Hər şey belə başlayır. Cəmiyyətdə boşanmış, uşaqlı qadın ikinci dərəcəli varlıq kimi hesab edilir. Boşanmış qadınla sevgili olmaq olar, boşanmış qadın əxlaqsız həyat tərzi keçirə bilər, ən yaxşı halda boşanmış qadın kiminsə dini nikahla saxladığı ikinci ailəsi ola bilər. Boşanmış qadın ikinci dəfə ailə qura bilməz, boşanmış qadın istədiyi kimi yaşaya bilməz. Əgər yanında uşağı da varsa, o, artıq heç kimə lazım deyil....

Emil Quliyevin “İkinci Pərdə” filmində sevgisiz qurulan Azərbaycan ailələrinin dramatik, faciəvi sonluğu əks etdirilib. “İkinci Pərdə” bu gün əksər Azərbaycan ailələrində yaşanılan vəziyyəti əks etdirib... Xəyanət var... Və hər biri öz içində etdiyi xəyanətə haqq qazandıra bilir. Hər kəsin içində real olmayan, arzu olaraq qalan hisslər var...

Filmdə zorakılığa uğrayan qadın Samirədir. Əslində Teymur uğradığı xəyanətə görə özünü bu qədər yormamalı, uzaqlaşmalı idi. Arif olmasın, Nahid olsun, Samir olsun, Həsən olsun... Əgər Samirə xəyanət etməyi ağlına qoyubsa, kim olursa olsun edəcəkdi bu xəyanəti... Teymurun ala biləcəyi qisas ayrılmaq ola bilərdi...

Filmdə Teymurun onları vurub-vurmaması aydın olmur. Əslində həyatda heç kim üçün əlini qana batırmağa, qisas almağa dəyməz. Ən böyük qisas susub getməkdir...

Bəs Teymurun yaşadığını siz yaşamış olsaydınız nə edərdiniz?

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »