Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İki dövlət qurumunun "qoç döyüşü"ndə ən ağır "kəllə" vətəndaşa dəyir
İki dövlət qurumunun "qoç döyüşü"ndə ən ağır "kəllə" vətəndaşa dəyir

Hərbi xidmətdə nizamnamədən kənar davranışa yol verən, intizamı pozub komandirin göstərişlərini yerinə yetirməyən intizamsız əsgərlər üçün, komandirlər hər zaman genişfantaziyalı cəzalardan istifadə ediblər.

Məsələn, təyin olunmamış yerdə siqaret çəkib onun kötüyünü yerə atırsan və bunu hansısa yuxarı rütbəli görür. Daha sonra sən və sənin də olduğun yüz nəfərlik bölük həmin siqaret kötüyünü götürüb beş kilometr uzaqlıqda yerləşən boş bir bölgəyə gedirsiniz və iki metr dərinlikdə bir “qəbir” qazıb o siqaret kötüyünü “dəfn” edirsiniz. Daha sonra kazarmaya gələndə, sizə görə beş kilometr yol gedən və iki metr dərinliyində çuxur qazmağa məcbur olan əsgər yoldaşlarınızın mənalı baxışları altında “əriyirsiniz”. Daha sonra sizə aydın olur ki, siqaret kötüyünü yerə atmaq olmaz.

Sözümün canı var: Qış yenə bir addımlığımızdadır. Hər zamankı gəlişi ilə bizə sürprizlər hazırlayıb həyəcanlandırdığı kimi bu il də öz zarafatından qalmaq istəmir. Bu dəfə həmin “zarafat”ı öz boynuna götürüb “üzümüzü güldürmək” istəyən, hər zamankı kimi “Azəriqaz” İstehsalat Birliyi oldu. Deməli, məsələ nədən ibarətdir? Qış gələndə, hər kəsin yadına bir dərdi düşən kimi, “Azəriqaz”ın da yadına ona borcunu ödəməmiş “Azəristiliktəchizat” düşür. Rəhbərlik oturub noyabr ayından indiyə kimi düşünüb, götür-qoy edib, görəsən, necə etsin ki, “Azəristiliktəchizat”a borcunu ödətdirə bilsin. Daha sonra ağlına yuxarıda yazdığım o “hərbi cəza” üsulu gəlib. Düşünüb ki, əgər hər il olduğu kimi qalxıb borcunu tələb etsə, qarşı tərəf yenə “nala-mıxa” vuracaq. Odur ki, nə etmək lazımdır? “Azəristiliktəchizat”ı əhalinin əli ilə cəzalandırmalıdır. Nəhayət, qərar verilib ki, bu qış qazanxanalara istilik təchizatı dayandırılsın və ümumiyyətlə istilik verilməsin. Məntiqi silsilə ilə aydın olur ki, qışın çovğununda əriyən qarların kanalizasiya xətlərini sıradan çıxararaq, suların evlərinə dolması ilə yanaşı, istilik sisteminin də işləməməsini görən sakinlər “Azəristiliktəchizat” rəhbərliyinə elə lətifələr qoşacaq, elə nitqlər söyləyəcək ki, borcunu sabahı günü artıqlaması ilə aparıb qaytaracaq. Buna “əlini kirlətmədən və əsəblərini pozmadan cəzalandırma üsulu” deyilir. Bütün gün zəng edib: “artıq dərəcədə xahiş edirəm, gətir borcunu ver” deyib, yalvarmırsan. Bu taktikanı işə salandan sonra qarşı tərəf gətirib sənə borcunu ödəyir və üzərinə bir də "qonaqlıq" verir. Əslində, çox yaxşı üsuldur. Nəticə etibarilə, həm də mənə aydın oldu ki, “Azəriqaz” rəhbərliyində hərbi xidmət keçən bir neçə nəfər var imiş…

Nə isə, indi gələk qışdan-qışa yada düşən istilik problemlərinə və ödənməmə səbəbi naməlum olan borclara. O vaxtlar belində xəncər gəzdirən, günü at belində keçən dədə-babalarımız deyərlərmiş ki, “kişinin kişiyə borcu olar”, “borc, namusdur”, “borclu borclunun sağlığını istəyər” və ilaxır. İndi mən “Azəriqaz”la, “Azəristiliktəchizat”ı nə qədər bu dəyərli ifadələrin qəlibinə salmaq istəsəm də, görürəm ki, yox, nələrsə uyğun gəlmir. Nələrsə əskikdir…

“Azəriqaz”dan bildirilib ki, “Azəristiliktəchizat”ın dekabrın 15-nə kimi vaxtı var. Ödədi, ödədi, ödəmədisə, bu il nə qazanlar ət görəcək, nə də qazanxanalar istilik: “Dövlət tərəfindən verilən tapşırığa görə, “Azəristiliktəchizat”a yardım olunur. Bu yardım hər ilin sonu, noyabr ayında həyata keçirilir. Lakin hər qurum işini elə formada qurmalıdır ki, aldığı məhsulun dəyərini ödəyə bilsin. “Azəristiliktəchizat”la abonent arasında bağlanmış müqaviləyə görə, abonenti istiliklə təmin etməlidir. Abonent üçün fərqi yoxdur qurumun qaz borcu var, yaxud qazı haradan alır. “Azəristiliktəchizat”la müqaviləmizə əsasən, qaz satışı həyata keçirib məbləği tələb edirik. 15 dekabradək qazın sərfiyyat ödənişini həyata keçirməlidirlər ki, il sonu problem yaşamayaq. Amma buna baxmayaraq, “Azəristiliktəchizat”a satdığımız qazın dəyərini topdansatışçıya ödəmişik. Çünki topdansatışçı bunu bizdən tələb edir. Məsələ 15 dekabradək öz həllini tapacaq. Ona qədər də “Azəristiliktəchizat” ödənişini etməlidir, əks halda ona qazın verilişinin dayandırılacağı ilə bağlı xəbərdarlıq edilib”. – deyə, hələ keçən ay “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Vətəndaşlar bu iki qurum arasında yaranmış borc qalmaqalına demək olar ki, eyni düşüncə ilə yanaşırlar: “Bizi maraqlandırmır, ayrılan pulu basıb yeməzdilər, gedib borclarını ödəyərdilər. Mənim ayım tamam olmamış hərəsi bir tərəfdən qəbzi soxuşdurur ki, ödəməsən, kəsiləcək. İndi canları çıxsın, gedib borclarını ödəsinlər. Mən keçən qış soyuqdan titrəyə-titrəyə yatıb durmuşam. Bu il də qazım kəsilsə, istilik sistemim iflic olsa, aləmi qatacam bir-birinə. İnsanda abır-həya da yaxşı şeydir axı. Hər qış gələndə qarnımıza ağrı dolur: “Görəsən, necə olacaq? “Qazımı kəsmiyəcəklər ki? Görəsən, limiti qaldıracaqlar? İşdir, birdən əməkhaqqım-pensiyam gecikdi, borcumu vaxtında ödəyə bilmədim, nə olacaq?”.

Hələ göydən qar düşməmiş, mənim qarnıma ağrı düşüb. Ödənişi biraz gecikdirirsən, gəlib kəsirlər. İndi deyirsən,: “vaxtında ödəyəcəm”, bu dəfə də kiminsə kiməsə borcu olur, yenə qalırsan ortada, olan sənə olur” – deyə sakinlərdən biri bildirib.

Digər iki misalı kənara qoydum, hər iki qurumu da “borclu borclunun sağlığını istər” atalar sözünə müəyyən qədər uyğunlaşdıra bildim. Ancaq problem və sual bundan ibarətdir ki, bir-birinin “sağlığını” istəyən bu iki qurum əhalinin sağlığını da düşünəcəkmi, yoxsa “qırılan qoşundandır” deyib, yenə öz bildikləri havanı çalacaq?... Yəqin ki, dekabrın 15-nə qədər “hə-yox”u bilinəcək.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »