Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov: "Hakim öz qərarına gülünc izahat verib"
Qurban Qurbanov: "Hakim öz qərarına gülünc izahat verib"

"Həm yaxşıyıq, həm də tam yaxşı vəziyyətdə deyilik. Amma əlbəttə, göstərdiyimiz nəticədən razıyıq. Bu gün qarşımızda duran minimum vəzifə yerinə yetirildi".

"Report"un məlumatına görə, bunu İsveçrə "Bazel"i ilə UEFA Konfrans Liqasının VI tur oyunundan qayıdan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib. 49 yaşlı mütəxəssis səfər matçında mövqe səhvlərindən qollar buraxdıqlarını bildirib: "İsveçrəyə həqiqətən də istəkli getmişdik. Qalib gəlmək niyyətində idik. Futbolçularımda bu istəyi ilk dəqiqələrdən gördüm. Oyuna çox yaxşı başlamışdıq. İki yolumuz var idi: Ya qalib gəlməli idik, ya da bundan da böyük hesab gözləyirdik. Ona görə də geri çəkilmədən yalnız irəli getməyi qarşımıza məqsəd qoymuşduq. Qol epizodları yaratdıqca futbolçularımız daha da həvəsə gəlirdi. Bu zaman bəzi texniki mövqe səhvlərimiz oldu və bundan da rəqib lazımınca yararlandı. Çünki onlar bunu çox yaxşı bacarırlar".

Qurbanov 2-ci dəqiqədə komandasının vurduğu təmiz qolu xorvatiyalı referi Fran Yoviçin hesaba almamasına belə reaksiya verib: "İnanın ki, insan belə xoş olmayan, çirkin halları çox da analiz etmək, bu barədə danışmaq istəmir. İki eyni səviyyəli və ya səndən bir baş üstün komanda oynayırsa, hakimin doğru olmayan kiçik qərarı nəticəyə çox böyük təsir edir. Qolumuz sayılsaydı, mənzərə tam əksinə ola bilərdi. Çünki rəqib də mütləq qol vurmalı idik. Nəticədə meydanda fərqli futbol oynanılacaqdı. Bizim oyunda hətta rəqibə qarşı belə hallara yol verilməsini istəmərəm. Dəfələrlə bildirmişəm ki, hakimlik ən çətin peşələrdən biridir, ən böyük ədalət elə orada gözlənilməlidir. İnanıram ki, öz hakimlərimiz Avropada oyunlar idarə etdikdə belə hallardan uzaq olacaqlar. Lakin istənilən halda çox böyük səhv idi".

Təcrübəli mütəxəssisin sözlərinə görə, "Qarabağ"ın əslən xorvatiyalı olan futbolçusu Filip Ozobiçin görüşdən sonra hakim həmyerliləri ilə dialoqu olub: "Yəqin ki, Filip özü daha geniş açıqlama verəcək. Həmin an hakimlərin boynuna heç nə qoymaq olmur. O vəziyyətdən də özlərini haqlı çıxarmaq istəyirlər. Qəribə və gülünc söz işlədiblər: "Bəlkə oyunçunun bədəni içəridə, ayağı xətdən çöldə idi"? Ozobiçin özü də pis olmuşdu. Mənim xorvat dostum, ətrafım yoxdur, sadəcə, futbolçum var. Onun bacarığından, dürüstlüyündən razıyam. Bir də Robert Prosineçki var, onunla da münasibətlərimiz çox yaxşıdır. O da ədaləti xoşlayan insandır. Mənə elə gəlir ki, bəlkə də bizdən çox onlar pis olublar".

Baş məşqçinin fikrincə, istənilən halda ildən-ilə daha da böyümək, futbolun dadını daha çox hiss etmək lazımdır: "Bundan ötrü nəticələr çox vacibdir. Bu günədək qrupda oynayır, ağır matçlar keçirirdik. Lakin cari mövsümdə futbolçularımız qrupdan çıxmağı bacardılar. Hər bir halda nəticəmizdən, taleyimizdən razıyıq".

O, pley-off üçün potensial rəqiblərin siyahısına baxdığını, lakin konkret hansı rəqibin düşməsinə dair fikrinin olmadığını vurğulayıb. Onun sözlərinə görə, rəqibdən asılı olmayaraq, hər iki komanda üçün çox vacib oyunlar olacaq: "İndidən nə isə deməyimiz düzgün çıxmaz. Xeyirlisi nədirsə, o da olacaq. İstənilən halda, pley-off mərhələsinə daha yaxşı hazırlaşmalıyıq".

Qeyd edək ki, "Qarabağ"ın növbəti rəqibi dekabrın 13-də müəyyənləşəcək.

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »