Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bir dəfə də olsun, gəlib maraqlanmadılar ki, sizin nə probleminiz var"
"Bir dəfə də olsun, gəlib maraqlanmadılar ki, sizin nə probleminiz var"

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın, Niderland Ali Məhkəməsinin qərarı ilə 120 saat dövlət üçün pulsuz işləməklə cəzalandırılıb. Qeyd edək ki, diaspor rəhbəri 2014-cü ildə ermənilərin inşa etdiyi qondarma soyqırımı abidəsi ilə bağlı keçirilən mitinqlərin birində deyib ki, "Qarabağ Azərbaycan torpaqlarıdır. Ermənilər, bu torpaqları tərk etməsə müharibə davam edəcək və bu torpaqlar ermənilərə məzar olacaq". Bundan sonra iki federasiya və bir niderland vətəndaşı onu məhkəməyə verib. Yəni, Azərbaycanı 30 ildir ki, Niderlandda təmsil edən diaspor rəhbəri cəzalandırılıb.

Azərbaycan diasporu bu gün Niderlandda hansı vəziyyətdədir, yeni təşkilatlanmalar faydalıdırmı və s. bu kimi suallarımıza İlhan Aşkın cavab verir:

İlhan Aşkın İlhan Aşkın

- İlhan bəy, vəziyyətiniz necədir? Fəaliyyətinizdə nə yenilik var?

- Bu yaxınlarda Azərbaycana səfərimiz gözlənilir. Azərbaycanlı qazilər üçün 100 əlil arabası gətirəcəyəm. Azərbaycanda “Qırımızı Ürəklər” təşkilatı bu işin təşkilatı ilə məşğuldur. Deputat Adil Əliyev bu işlərin gömrük məsələsini həll etdi. Artıq arabalarımız yüklənib. Bu günlərdə Azərbaycana çatacaq. Niderlanddakı Türk vətəndaşlarının, azərbaycanlıların qazilərimizə olan hədiyyələrini gətirib təqdim edəcəyəm.

- İlhan bəy, ermənilərin iddiaları ilə bağlı məhkəmə işiniz nə ilə nəticələndi?

- Ermənilərin iddiaları ilə bağlı məsələ Niderlandda ən yüksək məhkəməyə qədər getdi. Niderland Ali Məhkəməsi məni 120 saat dövlətə pulsuz işləməklə cəzalandırdı. Məhkəmə eyni zamanda iki ay da həbs cəzası təyin etdi. Belə ki, bundan sonra əgər mən qarşı eyni ifadələri istifadə etsəm həbs ediləcəyəm. Ermənilər məni sonradan məndən yenə polisə şikayət etdilər. Onlar bildirirdilər ki, mən yenə onlar haqqında danışmışam. Biz də sakit dayanmadıq və onlardan şikayət etdik. Onlar da mənim haqqımda erməni televiziya, radio və qəzetlərində hər gün yazı və yayımlar verirdilər. Mən də bu məlumatları toplayıb buranın polis təşkilatına verdim. Hazırda gözləyirəm. Ancaq mən 6 həftə, 120 saat işlədim.

- Diaspor Komitəsinə rəhbər kimi Fuad Muradov təyin edildikdən sonra bir çox ölkələrdə təcrübəli diaspor nümayəndələri diqqətdən kənarda qaldı. Sizdə vəziyyət necədir?

- Ağla qara arasındaki fərq hamı üçün aydındır. Bu barədə çox danışmaq istəmirəm. Əslində könül istərdi ki, təcrübəli insanlar iş başında olsun. Təcrübəli insanlar unudulmasın. Gənclər də bizim üçün çox önəmlidir. Təcrübəli insanların yanına gəncləri yerləşdirməklə diaspor fəaliyyətini davam etdirmək olardı. Gənclər də bu müddətdə bu işləri öyrənə bilərdi. Amma hər zamankı kimi deyirik ki, yaxşı olar. Məhkəmədə tək buraxılan, sonradan da tək qalan bir təşkilat rəhbəri nə deyə bilər ki?

- Nə oldu ki, bu qədər sizi incitdi?

- Bu il Nizami Gəncəvi ilidir. Dahi şair Nizami Gəncəvinin 880-ci ildönümüdür. Bu gün hər yerindən duran deyirdi ki, Nizami Gəncəvi iranlı şairdi, fars şairidir. Biz bu barədə kitab hazırladıq. Niderland və Türk dilində olan kitabımız artıq hazırdı, təqdimata hazırlaşırıq. Ancaq bəzi qurumlar mənə dedilər ki, “bunun pulunu biz veririksə, kitab niyə Türkcə yazılır”. Bu necə bir axmaq fikirdir. Kitab həm niderland, həm də Türk dilindədir. Bəs biz Türklərlə qardaş idik, aramızda fərq yox idi. Nə oldu bəs? Kitabın çap pulunun ödənilməsi ilə bağlı söz verilsə də, kitab Türk dilində olduğu üçün bizi yarıyolda buraxdılar. Müqavilə də bağlayıb bizi yarıda buraxdılar. Qəribə bir vəziyyət idi. Sonradan kitabın çap edilməsi üçün dost-tanışlardan pul yığıldı və kitab çap edildi.

Nizami Gəncəvinin Türk dilində çap edilən kitabı Nizami Gəncəvinin Türk dilində çap edilən kitabı

– İndi vəziyyət necədir?

- 30 ildir Niderlandda diaspor fəaliyyəti ilə məşğuluq. Bir dəfə də olsun, gəlib maraqlanmadılar ki, sizin nə probleminiz var. Ancaq önəmlisi var olan təşkilatları gücləndirmək idi. Var olan təşkilatların ətrafında insanları gücləndirmək lazım idi. Bəs 30 il öz maliyyəsi ilə fəaliyyət göstərən cəmiyyətlər necə olacaq? Bəs biz Azərbaycan üçün çalışmamışıq?

- Bəs bu laqeyd davranış sizi bezdirib yormur?

- Təbii ki, bezdirir, yorur. Hər yerdə sıxıntı var, çətinlik var. Mən müşahidə edirəm Avropada fəaliyyət göstərən diaspor təşkilatlarında çalışmağa həvəs qalmayıb. Səmimi deyirəm. Bu kimdən qaynaqlanır? Bunu Azərbaycan dövlətinin özü axtarıb tapmalıdır. Biz əvvəl belə deyildik. Mən heç kimi günahlandırmıram. Bəlkə elə strategiya budur. Kəsin, atın yaşlıları. Bu adam Azərbaycana xidmət edib, etməyəydi. Küsdürün, buraxın getsin. Boş verin.

Məncə, strategiya bu olmamalıdır. Əslində ordu rəhbərliyində olan şəxslərin hamısı yaşlı insanlardır. Çünki təcrübəlidirlər. Gənclər də gəlib onlardan təcrübə yığır. Yaşlıların təcrübəsindən, gənclərin enerjisindən istifadə etmək lazımdır.

- Məhkəmədə yanınızda kim oldu?

- Yanımızda olmaq başqa, bu işin içində olmaq başqa. Mən o zaman komitəyə, azərbaycanlılara, hamıya 3 sualla müraciət etmişdim. Məhkəmə məndən 3 sual soruşdu, dedi bunun cavabını ver:

  1. Ermənilərin Qarabağa köçürüldüyü tarixlər nə vaxtdır?
  2. Xocalıda nə baş verdi?
  3. Hazırda Qarabağın vəziyyəti necədir?

Bu 3 sualı verdilər mənə. Bir nəfər olsun bu sualların cavabını mənə professional olaraq göndərmədi. Cavabları mənə Niderlandda yaşayan bir Türkoloq verdi. Strategiya budur.

100 əlil arabası gətirirəm Azərbaycana. Burada Elxan Mirhəşimli adlı diaspor nümayəndəsi var, o istisna olmaqla, başqa bir nəfərin də dəstəyi yoxdur. Çünki təşkilatların arasında artıq bağ qalmayıb. Təşkilatların arasında dostluq qalmayıb. İndi hər kəs özünü düşünür. Dünyada 50 milyon azərbaycanlı yaşayır. Bunların arasında mehribanlıq yaratmaq əvəzinə hamısını bir-birinə qarışdırdılar.

- Kim etdi bunu?

- Bilmirəm! Gedin, bunu da siz araşdırın.

P.S. Uzun müddətdir ki, Avropada fəaliyyət göstərən diaspor rəhbərləri ilə söhbətlər edirik. Belə məlum olur ki, uzun illər Azərbaycanı Avropada tanıdan diaspor komitərləri gözdən çıxarılıb. Yeni təşkilatların yaradılması təqdirəlayidir, amma əgər bu gün “Qarabağ Azərbaycan torpağıdır” deyən diaspor rəhbəri cəzalandırılırsa və Azərbaycandan heç kim ona dəstək olmursa, bu utancvericdir.

Qeyd edək ki, əvvəllər Niderland hökuməti, təşkilata tədbirlər keçirmək üçün şərait təşkil etsə də, indi məhkəmə cəzasından sonra bu yardım da kəsilib. Amma bütün bunlara baxmayaraq, əslən qərbi Azərbaycanlı olan İlhan Aşkının ürəyi bu gün də Azərbaycanla döyünür. Elə buna görə də, müharibədə yaralanmış qazilərimiz üçün 100-ə yaxın əlil arabası gətirir. Nə deyək, elin gözü tərəzidir.

İlahin, Bizimyol.info

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.14. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Son xəbərlər
Bütün xəbərlər »