Dünən Moskvada Cənubi Qafqazda “sülhün və sabitliyin təmin edilməsi” məsələlərinə həsr olunmuş “3+3” formatında əməkdaşlıq platformasının ilk iclası keçirildi Bu formatın təşəbbüskarı Azərbaycan və Türkiyə prezidentləridir. Bu təşəbbüs, eyni zamanda, Rusiya Prezidenti tərəfindən də böyük dəstək alıb. Bunu, həmçinin Tehran açıq surətdə dəstəkləyib.
"Bu formatın region üçün hansı müsbət cəhətləri var? Ümumiyyətlə, regiondakı hərbi-siyasi proseslərə necə təsir edəcək?"

Bizimyol.info saytının bu və digər suallarını cavablandıran Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz bu formatın Cənubi Qafqaz bölgəsi üçün bir çox cəhətdən uğurlu olacağını və bölgəyə sülh gətirəcəyini söylədi: "Ən azından Ermənistanin 9 Noyabr bəyannaməsinin şərtlərinə əməl edəcəyi, eləcə də Zəngəzur dəhlizini açacağı təqdirdə, Azərbaycan - Ermənistan münaqişəsi "3+3" platforması çərçivəsində başa çatacaq. Rusiya ilə Gürcüstan arasındakı problemləri də yaddan çıxarmamaq lazımdır. Bu problemin həlli üçün müəyyən addımlar atıla bilər. Bu format Cənubi Qafqazın iqtisadi cəhətdən inkişafina da müsbət təsir edəcək, bölgədə enerji təhlükəsizliyi və Çini Avropa ilə bağlayan Böyük İpək Yolu kimi nəhəng layihələr baxımından bölgə dövlətlərinin birgə hərəkət etməsini təmin edəcək və tranzit ölkələrin iqtisadi və siyasi gücə çevrilməsinə səbəb olacaq. Bölgədə sülh, əmin-amanlıq, ərazi bütövlüyü və təhlükəsizlik təmin olunacaq, ölkələr arasında qarşılıqlı inam və etibar mərhələli şəkildə artacaq. Bu format təkcə bölgə üçün deyil, həm də beynəlxalq səviyyədə sülhün, əmin-amanlığın yaranmasına da səbəb olacaq.
Növbəti illərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT), İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) və Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan dövlətlərlə "3+3" platformasına qoşulan dövlətlər arasında da bir çox sahələrdə əlaqələrin qurulması da gündəmə gələn bilər. Bu format Türkiyə ilə Azərbaycanın da təmsil olunduğu Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərə və Orta Asiyaya da təsir edəcək".
Qeyd edək ki, bugünkü iclasda Gürcüstan iştirak etmir. Bakıda onun qərarına anlayışla yanaşırlar. Eyni zamanda, “3+3 formatı” Tbilisi ilə Moskva arasında bir çox çətin problemlərin, o cümlədən Abxaziya və Sxinvali regionunun reinteqrasiyası məsələlərinin müzakirəsi və həlli üçün effektiv platformaya çevrilə bilər.
Bu məsələni şərh edən keçmiş attaşe bildirdi ki, Rusiya ilə Gürcüstan arasındakı gərginlik, Tbilisinin bu formatdakı iştirakından imtina etməsini zəruri edir: "Ölkələr arasında qarşıdurmaların olması mümkündür və bu, zamanla həll oluna bilər. Bununla belə, düşünürəm ki, Gürcüstan müşahidəçi qismində də olsa, toplantılarda iştirak edə bilər. Ən azından, böyük iqtisadi layihələrlə bağlı platformaya qoşulacaq. Sonrakı dövrlərdə Rusiya ilə problemlərini həll etdikdən sonra tam hüquqlu üzv ola bilər. Türkiyə, Azərbaycan və Ermənistanla qonşu olan bir dövlətin sülhə, əmin-amanlığa və iqtisadi inkişafa ehtiyacı var".
"Bəzi ekspertlər bu platformanı gözdən salmaq üçün Rusiya, Türkiyə və İranın Suriya ilə bağlı məsələləri həll etdiyi “Astana formatı” ilə paralellər aparır. Onların bu fikri nə qədər doğrudur?"
Beynəlxalq münasibətlərdə formatlar heç zaman bir-birinə uyğun gəlmədiyini bildirən Y.Karauzun sözlərinə görə, "Astana formatı" ilə "3+3" formatının şərtləri çox fərqlidir: "Ən başlıcası, coğrafi mövqeləri və ölkələr fərqlidir. Bu qədər fərqlərə malik olan iki format arasında paralellik aparmaq düzgün deyil.
Ölkələr həmişə bəzi məsələlərdə qarşı-qarşıya gələ, bəzi məsələlərdə isə birgə hərəkət edə bilərlər. Əgər Rusiya-Türkiyə münasibətlərini nümunə götürsək, görərik ki, Liviya məsələsində fərqli formatda qarşı-qarşıya dayanıblar, Suriya məsələsində tam fərqli münasibət saxlayırlar. Ukrayna ilə bağlı problemdə bir-birlərini ittiham edirlər. Qarabağla bağlı məsələdə isə, tam başqa fikirlərə malikdirlər. Rusiya, İran və Türkiyənin Qafqazla bağlı məsələdə "3+3" platforması çərçivəsində həm öz mənafeləri, həm də regional mənfəət baxımından birgə hərəkət edəcəklərini güman edirəm".
"Bəs bu platforma Azərbaycanın siyasi və iqtisadi vəziyyətinə necə təsir edəcək?"
Həmsöhbətimiz düşünür ki, bu platforma işə düşərsə, Azərbaycanın iqtisadiyyatına çox yaxşı təsir edəcək: "Azərbaycan və Zəngəzur dəhlizi üzərindən Orta Asiyaya açılan ticarət, Çindən və Orta Asiyadan Avropaya istər, təbii qaz və neft nəqli, istərsə də quru nəqliyyat sahələrində əməkdaşlığın qurulması baxımından bu format mühüm əhəmiyyət kəsb edəcək. Eyni zamanda, Azərbaycanın Orta Asiya və Avropa arasındakı iqtisadi əlaqələrin qurulmasına, eyni zamanda, Azərbaycanın hərbi-siyasi cəhətdən inkişafina da müsbət təsir edəcək".
Rövşən Ziya, Bizimyol.info