Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Media qanununu əslində media özü “yazıb””
“Media qanununu əslində media özü “yazıb””

"Media haqqında" qanunun parlamentdə müzakirəsi başlayır. Yeni bir qanun qəbul etmək hansı ehtiyacdan doğur? Onu "Kütləvi informasiya haqqında" haqqında qüvvədə olan qanundan nə fərqləndirir? "Media haqqında" qanun medianın inkişafına xidmət edəcəkmi?

Bu və başqa məsələlərlə bağlı "Bizim Yol" MMC-nin baş direktoru, Bizimyol.info saytının rəhbəri əməkdar jurnalist Bahəddin Həziyevin müsahibəsini təqdim edirik:

Bahəddin Həzi Bahəddin Həzi

- "Media haqqında" qanun layihəsi ilə yaxından tanışsınızmı?

- Bəli, layihəni dəfələrlə oxumuşam. ADA Universitetindəki ilkin təqdimatında və müzakirəsində iştirak etmişəm. Yekun müzakirələrə dəvət olunsam da, ölkədə olmadığımdan, təəssüf ki, şəxsən qoşulmaq imkanım olmadı. Ancaq nümayəndəmiz bizi təmsilən iştirak edib. Bir sözlə, müzakirələrin kursundayıq.

- İlkin müzakirədən sonra layihə haqda təəssüratınız necədir?

- Artıq təəssürat deyil, yekun qənaət deyə bilərik. Əvvəlcə qanunun adı ilə bağlı bir qeydim var. Bu, bütün qanunlara aiddir. Keçmişdən qalıb; ruscadan tərcümənin yaratdığı ənənədir. Məncə, "haqqında" ifadəsi artıqdır. "Media qanunu" adlana bilərdi. Əlbəttə, hüquqşünaslar daha dəqiq rəy verə bilər. Hətta bu layihəyə"Media Məcəlləsi" də deyə bilərdik. Media qanunvericiliyinin, demək olar ki, bütün aspektlərini əhatə edir. Medianı hüquqi müstəviyə daşıyır – bu, çox önəmlidir. Eyni zamanda indiyədək bir çox anlayışlarda dolaşıqlıq vardı; medianın bir hissəsi "mətbuat", bir hissəsi elə "media" adlanırdı. "Çap mətbuatı", "elektron media", "onlayn media" və sair deyə müxtəlif bölgülər var idi. Layihədə bu dolaşıqlıq aradan qaldırılır. Necə deyərlər, əvvəlcə gərək terminlərdə razılaşaq. Qanun, mahiyyətcə, razılaşmadır, müqavilədir.

- Kimlər arasında müqavilədir?

-Tomas Hobsun ictimai müqavilə nəzəriyyəsi var. Dövlət də bütövlükdə müqavilədir; seçənlə seçilən arasında. Xalqla onun qurduğu hakimiyyət arasında müqavilə. Qanun da bu baş müqavilənin şərtlərini və icra mexanizmlərini daha da dəqiqləşdirir. Bu baxımdan, "Media haqqında" qanun (Media qanunu) həm vətəndaşlarla dövlət arasında, həm də dövlətlə media arasında bir qarşılıqlı anlaşma, kontraktdır. Mən son zamanlar hansısa bir qanun layihəsinin bu qədər müddətdə və müxtəlif səviyyələrdə ictimai müzakirəsini görmədim. Layihə üzərində işçi müzakirələr ən son günədək davam edib; bunun şahidiyəm. Daha sonra ictimai diskussiyalar keçirildi. O cümlədən, ən çox maraqlı olan tərəflə - media ilə. Və sonda parlament müzakirələri başlayıb. Düşünürəm ki, biz media olaraq yaxşı bir qanun alacağıq.

- Ancaq layihəyə dair sosial şəbəkələrdə bəzi əks fikirlər də var...

- Yeri gəlmişkən, bu qanun sosial şəbəkələri, blogerləri öz hüquqi qüvvəsi altına almır.

- Eləcə də internet televiziyaları.

- Bəli, belə fikirlər var idi ki, qanun sosial şəbəkələr üzərinə məhdudlaşdırıcı öhdəliklər qoyacaq, internet televiziyalarından lisensiya istəyəcək və sair. Media qanunu belə tələblər qoymur. Bu baxımdan, pessimist proqnozlar doğrulmadı deyə bilərik.

- "Pessimist" demişkən; media reyestri, jurnalistlərə vahid vəsiqələrin verilməsi və bu kimi müddəalar da sosial mediada müzakirə edilən məsələlər idi. Yazırdılar ki, bunlar medianı məhdudlaşdıracaq. Doğrudurmu?

- Əgər qanun reyestrə düşüb-düşməməyi jurnalistin, media orqanının öz seçiminə buraxırsa, burda nə problem var?!

- Yəni reyestrdə olmayanı, vahid vəsiqəsi olmayanı jurnalist hesab etməyəcəklər deyə fikirlər vardı...

- Bəşəriyyət yaranandan bəri hər gün göydən daş yağacağından qorxur. Sonra astronomiya elmi yarandı və bu fenomenin adını "meteroit yağışı" qoydu. Qorxu təbii, hətta, faydalı hissdir; şübhə demokratiyanın özülüdür. Bu üzdən anlayışla qarşılamaq lazımdır.

1999-cu ildən bəri qüvvədə olan "KİV haqqında" qanuna 79 dəfə dəyişiklik edilib, hər dəfə də məhdudlaşdırıcı normalar gətirilib. Bu üzdən mediamızın narahatlığını anlamaq gərəkdir. Göz gördüyündən qorxar. Ancaq layihəyə baxsaq, orda daha çox tənzimləyici yanaşma var, məhdudlaşdırıcı deyil. Hərçənd legitim, proqressiv məhdudlaşıdırma da təbii və hətta zəruri normativ-hüquqi imperativdir. Qanun reyestrə düşmədən, vahid vəsiqə almadan, öz redaksiyalarının vəsiqəsi ilə jurnalist işləməyi qadağan etmir. Hüququn: “Qadağan olunmayan hər şeyə icazə var” prinsipindən, bu postulatdan yanaşsaq, problem yoxdur. Ən azı nəzəri olaraq. Hə, narahatlığa əsas yaradan qanun deyil, məsələnin praktik tərəfləri ola bilər.

- Elə o "praktiki"məsələləri nəzərdə tuturlar?

- Bu, söhbətimizin əsas predmeti deyil. Amma yenə də cavab verim. Bilirsiniz, məhdudlaşdırmaq istəyən olacaqsa, o, heç qanuna da baxmaz. Zatən məhdudlaşdırma əksərən qanundan kənarda baş verir. Ancaq mən şəxsən əks gedişata inanıram. İndiyədək mediaya “ideoloji vassal”, “siyasi dəyənək”, bəzən də kompromat müharibəsinin səngəri kimi baxılıb. Ümid edirəm ki, bundan sonrasında mediaya zəruri kommunikativ tərəfdaş kimi yanaşılacaq. Bunun üçün, şərti olaraq, informasiya məsuliyyəti deyilən bir reallıq yaranacaq. Baxın, ölkənin məsuliyyəti əsasən hökumətin üzərindədir. Yəni, məsuliyyətin çoxunu o daşıyır. Dövlətin tərəfdaş olaraq seçəcəyi media da eyni keyfiyyətin daşıyıcısı olmaq zorundadır. Məsuliyyət məcmusu olan dövlətin məsuliyyətsiz media ilə tərəfdaşlığı mümkündürmü?! Xeyr. Ona görə ölkədə məsuliyyətli media yaranması prioritet olacaq. Bu layihə də həmin problemin hüquqi bazası roluna iddia edir. Hər halda bunu qanun layihəsinin fəlsəfəsinə bələd olan bir şəxs kimi deyə bilərəm.

- Yəni, Sizcə, bu, mükəmməl bir qanun olacaq?

- Heç kim mükəmməl deyil, Allahdan başqa. Mediamın İnkişafı Agentliyi də, bu layihə də, biz də ideal deyilik. Necə deyərlər, təkmilləşmənin sonu yoxdur. Dövlətin media siyasətində də hələ daşlar tam olaraq yerinə oturmayıb. Hələ çox çatışmazlıqlar var. Bunu dövlət də görür, biz də görürük. Ancaq biz onu da görürük ki, qanunu normayaratmanın klassik (sınanmış) özülü üzərinə keçirmək istəyi var: qanun ictimai reallıqları əks etdirməlidir. İctimai münasibətləri nəzərə alır. Eyni zamanda gerilikci, qısnayıcı reallıqları dəyişmək, inkişafa yol açan yeni reallıqlar yaratmaq kimi hədəfləri də var. Hüququn fəlsəfəsi budur.

Ümumiyyətlə, bizim ölkədə uzun zaman hüquq və media bir-birindən fərqli, hətta əks vektorlar üzrə hərəkətdəydi. Ona görə də tez-tez media hüquqla toqquşaraq qanunla münaqişəyə girirdi. Medianın həm obyektləri, həm subyektləri bir çox hallarda özünü hüququn, qanunvericiliyin təsir dairəsindən kənarda, hətta bəzən yuxarıda görürdü və təəssüf ki, belə hal hələ də var. Əslində medianın operativ və peşəkar hüquqi ekspertizası institutunu formalaşdırmaq lazımdır. İndiyədək media və siyasət az qala üzvi sintez durumuna gəlib çıxıb. Bundan sonra media və hüquq iç-içə işləməlidir. Bu, mənim təklifimdir, şifahi olaraq təqdim etmişəm. Mexanizmləri haqqında da təsəvvürlərim və təkliflərim var. Əslində bu, çox geniş məsələdir, başqa bir söhbətin mövzusudur. Demək istədiyim odur ki, "Media qanunu"ndan mən şəxsən bu münaqişələrin qanunverici həllini gözləyirəm. Media siyasətlə yönəldiləndə, əlbəttə, hüquqla toqquşacaq. Bunu aradan qaldırmağın yolu tapılmalıdır. O ki qaldı, layihə haqqında müxtəlif fikirlərə; bunu normal, hətta faydalı hesab edirəm. Çoxsəslilik, müxtəliffikirlilik elə medianın əsas olayıdır. Məşhur intellektual yumorda deyildiyi kimi, "plüralizm olsun, ya olmasın" deyə iki fikir ola bilməz. Bu, əslində çox ciddi zarafatdır. Media yaradıcılığının fəlsəfi özülüdür. Amma bu qədər fəlsəfə yetərlidir, mahiyyətə baxaq. Görəcəyik ki, uzun onillər media əhlinin, jurnalist təşkilatlarının, ekspertlərin, real media sektorunun irəli sürdüyü ideyalar, təkliflər, yeni yanaşmalar, hətta hökumətdən tələblər yeni media siyasətində, əsasən, nəzərə alınır. O cümlədən, qanunla tənzimlənəcək məsələlər "Media qanunu" layihəsində əksini tapır.

- Konkret olaraq, hansı məsələlərdən söhbət gedir?

- Elə həmin reyestr məsələsi. Vahid kart və sair. Həmişə eşidirdik, özümüz də deyirdik ki, bu cameədə bir nizamsızlıq var. Kim peşəkar jurnalistika ilə məşğuldur, kim deyil - hamısı qarışıb bir-birinə. Avropadan, Türkiyədən misallar gətirirdik. Bu xaosun aradan qaldırılmasını istəyirdik və gözləyirdik. Ancaq nəticə hasil olmurdu. Hər istəyənin özünü əsl media mənsubu adlandığı zamanda yaşayırıq. Buna son qoymaq lazımdır. Real medianın psevdodan ayrılması üçün bir hüquqi mexanizm, meyarlar sistemi axtarırdıq. Yeni qanun layihısində bu məsələyə tam olmasa da, həllər var. İndi hamı cibinə vəsiqə qoyub: "Mən jurnalistəm" deyir. Dövlət də, cəmiyyət də tanımaq istəyir ki, kim hansı əsasla, necə jurnalistika ilə məşğuldur. Hüquqi əsaslar yaradılır. Peşə kodeksi də, peşə əxlaqının meyarlarıdır. Yəni, əslində dövlət özündən Amerika kəşf etmir, həmin o Amerikada, Avropada - bütün sivil dünyada olan mexanizmi gətirir, həm də medianın nüfuzlu və peşəkar qisminin özlərinin təklifi və hətta təkidi ilə. Keçmişdə uçot sistemi, indi daha geniş anlamda data dediyimiz məlumat-qeydiyyat bazasından söhbət gedir.

Çox zaman deyirik ki, 90-cı illərin əvvəllərində media daha azad idi. Bu fikri əsas götürək və o zamana baxaq: medianın qeydiyyat sistemi indi təklif olunandan daha sərt idi. Daha çox sənəd tələb edilirdi. İcazə prinsipi işləyirdi. Ancaq indi müzakirə olunan qanun, bu hissədə də hər hansı qadağa-icazə sistemi nəzərdə tutmur. Qeydiyyat istəmir. Vahid kartlarla da bağlı təklif medianın özündən gəlib. Əslində, bu haqda media cameəsində bir konsensus var idi. Yaxud götürək, müəllif hüququ məsələsini. Bu da medianın yaralı yeri idi. Məsələn; bizim yazdığımız əsaslı tənqidi materiallardan "reket" adlandırılan kəsim, xərac toplamaq üçün istifadə edirdi; biz yazırıq, götürüb dərc edirlər, sonra da həmin yazıları əvvəllər təkzib etmək, indi silmək üçün hədə-qorxu ilə pul tələb edirdilər. Müəllif hüququ ilə bağlı bu "saqqallı" problemi, media qanunu ən azı qanunvericilik baxımından həll edir.

Medianın iqtisadi müstəqilliyi ilə bağlı məsələ. Biz - media mənsubları həmişə təklif etdirdik ki, vergi güzəştləri və sair iqtisadi alətlərlə media biznesinə şərait yaradılsın. Biz - media olaraq tələb edirdik ki, media mühitində haqsız rəqabət elementləri aradan qaldırılsın və sair. Bunlar da yeni yanaşmalarda öz əksini tapır. O cümlədən, qanunvericilikdə. Yəni qanun layihəsinə diqqətlə baxsaq, ordakı müddəaların, demək olar, əksəriyyətinin medianın özündən, ən əsası da cəmiyyətdən gəldiyini görəcəyik. Yəni bu layihəni, müəyyən mənada əslində uzun onillərdir özümüz yaza-yaza gəlmişik. O başqa məsələ ki, bunlar real həyatda necə yerinə yetiriləcək? Biz bunun bir qanunla, hətta ən yaxşı qanunla aradan qaldırılacağı ilüziyasına qapılmamışıq. Ölkədə haqsız rəqabətə qarşı duran təkmilə yaxın bir qanun var, ancaq iqtisadiyyatda inhisarçılıq davam edir. Korrupsiya əleyhinə qanunlar var, amma korrupsiya davam edir və sair. Bütün problemlərin həlli, bir qanunun gücündə deyil. Dövlət-cəmiyyət-media üçbucağının bu yeni oyun qaydalarına reallıqda necə yanaşacağı, qanunun işləməsinə necə nail olacağımız əsasdır. Medianın problemlərini ölkə qarşısında duran həllər kompleksindən kənarda təsəvvür etmirəm. Bir sahəni həmin bütündən ayırıb ucsuz-bucaqsız səhranın sərt bozluğunda ayrıca Cənnətlik vahəyə çevirə biləcəyimizi düşünmürəm. Bizə görə, ölkənin bütün problemlərinin həllinə açılan qapı "azad media" olacaq. Əgər media azad olmazsa, heç nəyə nail ola bilmərik. Haqqında danışdığımız qanun layihəsi qəbul olunsa, onun özü medianın azadlığına qapı ola bilər. Hər halda mən belə görürəm. İstənilən qərar doğurduğu nəticələri ilə qiymətlidir. Zamanla nəticələri də görəcəyik. Müsbət və ya mənfi - hər necə olacaqsa.

İlahin, Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Boş verin heykəlləri-filan...
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Yas məclisi təşkil edən polis rəisinə yumruq vurub
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
Son xəbərlər
Bütün xəbərlər »