Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əgər layihə hazırlanmayıbsa, hansı inkişafdan söhbət gedə bilər?"
"Əgər layihə hazırlanmayıbsa, hansı inkişafdan söhbət gedə bilər?"

Əkrəm Həsənov: "Bir neçə ildən sonra bütün dünyada kriptovalyutalar qadağan oluna bilər"

Azərbaycan Mərkəzi Bankının (AMB) icraçı direktoru Fərid Osmanov son açıqlamasında, 2022-ci ildə rəqəmsal valyutanın konseptual yanaşmasına dair sənədin hazırlanması üzərində iş aparıldığı barədə məlumat verib. Rəqəmsal valyutanın yaradılmasının ən aktual məsələlərdən biri olduğunu söyləyən Fərid Osmanov əlavə edib ki, Mərkəzi Bank da bu istiqamətdə 2021-ci ildən başlayaraq bu prosesə aktiv olaraq cəlb olunub.

Əkrəm Həsənov Əkrəm Həsənov

Bu məsələyə münasibətini açıqlayan bank sektoru üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov AMB-nin hələ 15 il bundan əvvəl İslam bankçılığı ilə bağlı layihə hazırladığını xatırlatdı:

"Həmin dövrdə bank rəhbərliyi, bununla bağlı üzərində iş aparıldığı və konseptual sənəd hazırlandığı barədə məlumat verdi. Həmin dövrdə bəzi Avropa ölkələrində, xüsusilə də Böyük Britaniyada İslam bankçılığıni tətbiq edilmiş və xeyli gəlir əldə edilmişdi. AMB də bu populyar ideyanı tutdu və ölkədə tətbiq edəcəyini bəyan etdi. Artıq 15 il keçib, amma ortaya bir nəticə çıxmadı. Düz 10 ildir ki, "Ödəniş sistemləri haqqında" qanun layihəsi üzərində iş getdiyi bildirilir. Bu layihə də yoxdur. Əgər bu günə qədər həmin layihə hazırlanmayıbsa, hansı inkişafdan söhbət gedə bilər? "Mərkəzi bank haqqında" qanuna əsasən AMB ödəniş sistemlərini tənzimləyir.

Kriptovalyuta ilə bağlı məsələyə gəlincə, bu barədə "Mərkəzi bank haqqında" qanunda da heç bir şey yoxdur. Sadəcə, kriptovalyuta artıq bütün dünyada populyar olduğu və buna böyük maraq yarandığı üçün Mərkəzi Bank da bu barədə düşünməyə başlayıb. Onların hazırladığı həmin sənədin nə vaxt başa çatacağı və ilk kriptovalyutanın nə vaxt yaradılacağı bəlli deyil. Hələ 2014-cü ildə Bank Məcəlləsinin hazırlanması barədə tapşırıq verilib. Bununla bağlı heç bir məlumat yoxdur. Bütün sadaladıqlarıma nəzərən deyə bilərəm ki, yaxın illərdə biz heç nə görməyəcəyik".

Rəqəmsal valyutanın yaranmasının ölkə iqtisadiyyatına və maliyyə resurslarına təsirinə gəlincə, ekspert əvvəlcə kriptovalyutaların dünyada məşhur olmasının səbəblərini açıqladı: "Bu gün hamı, Bitcoin və yaxud hansısa kriptovalyuta alır. Çünki sahibi yoxdur. Heç kim, hətta heç bir dövlət bu sistemə təsir edə bilmir. Bu sistem, çox yüksək səviyyədə qurulub və mühafizə olunur. Kriptovalyutaların da dəyərinin yüksək olmasının əsas səbəbi odur ki, insanlar onu alanda, bu sistemə müdaxilə etməyin mümkün olmadığını bilirlər. Bu valyutalar, blockchain sistemi ilə təmin olunduğu üçün insanlar daha çox etibar edirlər".

Bu gün AMB-nin buraxdığı milli valyutaya vətəndaşlarımızın çoxunun etibar etmədiyini deyən Ə.Həsənovun sözlərinə görə, onlar yenidən devalvasiyanın baş verəcəyindən və manat dəyərdən düşəcəyindən ehtiyat edirlər: "Buna görə də əllərinə bir az pul düşən kimi, ya dollara, ya da avroya dəyişirlər. Əgər Mərkəzi Bank kriptovalyuta buraxarsa və satışa çıxararsa, milli valyutaya inanmayan insanlarımız buna necə etibar edəcəklər? Bu baxımdan da hesab edirəm ki, bu, bir utopiyadır".

Həmsöhbətimiz düşünür ki, bu valyutalar qlobal sistemdə olduğu üçün hər dövlətin rəqəmsal valyutasından istifadə olunmayacaq: "Dünyanın böyük dövlətləri, hələ də bunun normal tənzimlənən mexanizmini hazırlaya bilmirlər. Yalnız Amerikada dolların kriptosunu yarada biliblər ki, bunu da hələ indi işlək vəziyyətə sala bilirlər. Nəhəng qanunvericiliyə, hüquq sistemlərinə və ənənələrinə malik olan ölkələr belə, bununla bağlı normal qanunlar və qaydalar qəbul edə bilmirlər. Azərbaycan kimi kiçik dövlətlər isə, böyük dövlətlərin son mərhələdə hansı qaydalar qoyacağını izləyirlər ki, özləri üçün bir nəticə çıxara bilsinlər. Yaxın gələcəkdə ölkəmizdə nə təşkilat baxımdan, nə də iqtisadi baxımdan bu valyutanın yaradılması inandırıcı deyil. Yaradılsa belə, ondan istifadə olunmayacaq".

Bu gün bütün dünyada kriptovalyutalar, xüsusilə də Bitcoin dayanıqlılıq nümayiş etdirir. Azərbaycanda da, bu sahəyə maraq artıb və çoxları bu sahəyə investisiya qoymağa başlayıb.

Əvvəllər kağız valyuta ilə dövlətlərin idarə olunduğunu deyən ekspert bildirdi ki, ölkələrdə əskinasların çapı artıqca, inflyasiya da böyüdü və dəyərdən düşməyə başladı: "Rəqəmsal valyutanı yaratdılar ki, pullar dövlətin nəzarətindən çıxsın, sabit dəyərdə saxlanılsın, inflyasiya baş verməsin və vergidən yayına bilsin. Kriptolardan istifadə edən şəxslərin çoxu, dövlətin nəzarətindən çıxmağa və vergidən yayınmağa çalışırlar. Düşünürəm ki, böyük dövlətlər bir neçə ildən sonra bir araya gələrək kriptovalyutaların qadağan olunması barədə qərar qəbul edəcək və özləri ortaq rəqəmsal valyuta yaradacaqlar".

Bu gün dünyada kriptovalyutalarla həyata keçirilən əməliyyatların gəliri milyonlarla ölçülür. Bəs Azərbaycanda bu valyutalara onlayn ticarət, alqı-satqı həyata keçirilirmi? Keçirilirsə, nə qədər gəlir əldə edilir?

Ölkəmizdə də rəqəmsal valyuta ilə onlayn ticarətin həyata keçirildiyini təsdiqləyən müsahibimiz, buradan əldə edilən gəlirlər barədə statistikanın aparılmadığını vurğuladı: "Azərbaycanda kölgə iqtisadiyyatının həcmi böyük olduğu üçün konkret rəqəmlər söyləyə bilmirik. Amma bildiyim odur ki, bu sahədən əldə edilən gəlirlərin həcmi çox böyükdür".

Rövşən Ziya, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »