Mənzil sahibi olmaq hər bir ailənin arzusu, istəyidir. Son illərdə sürətlə hərəkət edən qiymət artımı isə bir çox ailələrin mənzil sahibi olmaq arzusunu demək olar ki, puç edib.
Görəsən, gələn il daşınmaz əmlak və tikinti bazarında qiymətlər necə olacaq? Bu sahələr üzrə qiymət artımı gözlənilirmi?
“Son vaxtlar qərara alınan rüsumlarım artımının bəzi xidmətlərdə, satışlarda da qiymət artımına səbəb olma ehtimalı var. Daşınmaz əmlaka gəldikdə isə qeydiyyat və texniki pasportla bağlı rüsum artımı var. Bu ciddi artım deyil. Məsələn, 50-60 minlik mənzil də 50-60 manat qiymət artımı bazara o qədər ciddi təsir göstərən deyil. Amma hər halda bazarda müəyyən dərəcədə xərclərin artımına yol açması gözlənilir”,- deyə iqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info saytına açıqlamasında bildirib.

İqtisadçı tikinti materiallarının qiymətləri ilə bağlı proqnoz verib və bildirib ki, bu sahədə qiymət artımı müşahidə olunacaq.
“Tikinti materiallarına gəldikdə isə bu sahədə xaricdən çox ciddi asılılığımız var. Əsasən də Rusiyadan taxtaşalban, şüşə, qara metaldan hazırlanan tikinti materialları və s. alınır. Bu sahədə də qiymət artımı gözlənilir. Bu mənada ki, Rusiyada və digər ticarət tərafdaşı olduğumuz ölkələrdə də qiymət artımının getdiyini, infilyasiyanın sürət qazandığını görürük. Onun Azərbaycana da idxal olunacağı istisna deyil”,- deyə iqtisadçı bildirib.
Leyla Mirzə, Bizimyol.info