Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden heç bir qərarla razılaşmamaq və özünün iştirakı olmadan Ukrayna ilə bağlı müzakirələrin aparılmaması prinsipini dəstəkləyib.
Bizimyol.info xəbər verir ki, "Reuters"in verdiyi məlumata görə, bu barədə Bayden və Zelenski arasında baş tutan telefon danışığından sonra Ağ Evin bəyanatında deyilir.
“Prezident Bayden açıq şəkildə bildirib ki, ABŞ və onun müttəfiqləri və tərəfdaşları “Ukraynasız Ukrayna ilə bağlı heç bir qərar və ya müzakirələr aparılmayacaq” prinsipinə əməl edəcəklər”, - bəyanatda deyilir.
Eyni zamanda, ABŞ və Ukrayna prezidentləri Rusiyanı gərginliyi azaltmağa çağırıblar və razılaşıblar ki, diplomatiya münaqişənin həllində nəzərəçarpacaq irəliləyiş əldə etməyin ən yaxşı yoludur.
“Prezident Bayden ABŞ-ın Minsk razılaşmalarının həyata keçirilməsini asanlaşdırmaq üçün etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləmək, Normandiya formatını dəstəkləmək üçün birgə işləməyə hazır olduğunu vurğulayıb”, - deyə məlumatda bildirilir.
Həmçinin bildirilir ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden Ukraynaya növbəti hərbi müdaxilə halında Rusiyanı kəskin məhdudlaşdırıcı tədbirlərlə yenidən hədələyib.
“Prezident Bayden Rusiyanın Ukraynaya qarşı aqressiv hərəkətlərindən ABŞ və bizim avropalı müttəfiqlərimizin dərin narahatlığını ifadə edib. O, açıq şəkildə bildirib ki, ABŞ müttəfiqləri ilə birlikdə növbəti hərbi müdaxilə halında qəti iqtisadi və digər tədbirlərlə cavab verəcəklər”, - deyə məlumatda bildirilir.
Həmçinin, Bayden ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz sadiqliyini bir daha təsdiqləyib.
Bizimyol.info