Məlum olduğu kimi, Azərbaycanda - Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i, gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat törətməyə cəhd etdi. Bunun nəticəsində də hərbi qulluqçumuz Əliyev Asif Adil oğlu şəhid olub.
Qeyd edək ki, 2022-ci ilin yanvar ayında şəhid əsgərimizin hərbi xidmət müddəti başa çatırdı. Onun evə qayıtmağına 1 aydan da az müddət qalmışdı.
Bu təxribatla bağlı fikirlərini Bizimyol.info saytına açıqlayan hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirdi ki, Rusiya sülhməramlı qüvvələrinin bizim ərazilərdə olduğu müddətdə belə hadisələrin baş verməsi mümkündür: "Problemin birdəfəlik həlli, həmin ərazilərdə olan qanunsuz silahlı birləşmələrin oradan uzaqlaşdırılmasından, yaxud da tamamilə tərksilah olunmasından keçir. Əks halda, problemlər daha da artacaq və hər gün şəhid xəbərləri eşidəcəyik. Hərbi xidmətini başa vuran və bir ay sonra evinə dönməyə hazırlaşan əsgərimiz dünən şəhid olur və bu gün evinə onun tabutu gedir. Hər səhərimizi belə xəbərlərlə açmaq, çıxış yolu deyil".

Onun sözlərinə görə, müharibənin Azərbaycanın xeyrinə başa çatdığı bir dövrdə bölgəyə gələn "sülhməramlı" birləşmələr, bu gün öz missiyalarını yerinə yetirmək istəmirlər: "Beynəlxalq qurumlar da, belə hadisələrin baş verməsində maraqlıdırlar. Mən burada Nikol Paşinyanın Minsk qrupunun həmsədrlərindən aldığı sifarişi yerinə yetirməsinin izlərini də görürəm. Belə ki, Minsk qrupu həmişə istəyib ki, tərəflər arasında münaqişə yaransın, hər iki tərəfin qanı tökülsün və tərəflər yenidən danışıqlar prosesinə başlasınlar. Bu məsələdə onlar öz maraqlarını güdürlər. Onlar üçün ölənin hansı tərəfdən və kim olduğunun heç bir əhəmiyyəti yoxdur".
Bu hadisədən sonra Azərbaycan Müdafiə Nazirliyi Ermənistana növbəti xəbərdarlıq edib. Hətta Xarici İşlər Nazirliyi də bir neçə dəfə qarşı tərəfin təxribatları ilə bağlı bəyanat səsləndirib. Bu gün rəsmi Bakının əlində Ermənistanın 9 Noyabr bəyanatının müddəalarına əməl etməməsini əsas gətirərək beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırması, yaxud bu dövlətə qarşı hərbi-siyasi addımlar atması üçün tam səlahiyyəti var...
Müdafiə və Xarici işlər nazirliklərinin qarşı tərəfə səsləndirdikləri bəyanatların sayını itirdiyini xüsusi vurğulayan ekspert, bu günə qədər heç bir şeyin dəyişmədiyini bildirdi: "Biz hər dəfə xəbərdarlıq etsək də, onlar yenə də bildiklərini edirlər. Ancaq bir dəfə də olsun, sülhməramlı qüvvələrin rəhbərliyi səsini çıxartmayıb. Ancaq hər təxribatdan sonra keçmiş komandan Rüstəm Muradov bölgəyə gəlir və ordumuzun ələ keçirərək cinayət məsuliyyətinə cəlb etdiyi cinayətkar qrupların üzvlərini bizdən alaraq Ermənistana qaytarır".
Azərbaycana verdikləri xəritələrin də dəqiq olub-olmamasının şübhəli olduğunu deyən həmsöhbətimiz bildirdi ki; "Rəsmi Bakı bunu bildiyi halda, erməni terrorçularını lazımsız xəritələrə görə geri qaytarır. Yəni, biz burada humanistlik göstəririk. Geri qaytardığımız terrorçular isə, yenidən silah götürərək öz terror məqsədli fəaliyyətlərini davam etdirirlər. Ermənistan hakimiyyəti bu günə qədər öz üzərində hansı məsuliyyət hiss edib? 30 ildir ki, onlar bütün beynəlxalq qayda-qanunları tanımaqdan imtina edirlər. Ancaq biz yenə də onları beynəlxalq hüquqa hörmət qoymağa dəvət edirik. Ermənistan hakimiyyəti ilə beynəlxalq hüquq normaları bir-birinə tərs mütənasibdir".
Müsahibimiz buna görə də hesab edir ki, düşməni ağıllandırmağın yolu güc tətbiq etməkdən keçir və bunun başqa yolu yoxdur. 1 il əvvəlki təcrübə də bunun ən gözəl nümunəsidir.
Rövşən Ziya, Bizimyol.info