Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan Zəngəzur dəhlizini açmağa məcburdur"
"Ermənistan Zəngəzur dəhlizini açmağa məcburdur"

Zəngəzur dəhlizi yeni dünya nizamının formalaşmasına xidmət edəcək

Oktyabr ayının 26-da Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir. Qeyd edək ki, başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilən Zəngəzur dəhlizi, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

Cümşüd Nuriyev Cümşüd Nuriyev

Politoloq Cümşüd Nuriyev Bizimyol.info saytına açıqlamasında, bu dəhlizin ölkəmiz üçün iqtisadi cəhətdən bir neçə əsas üstünlüyə malik olduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, ilk növbədə Naxçıvan ilə Azərbaycan arasında əlaqə zəif olduğu üçün muxtar respublika azad iqtisadi zona elan oluna bilər: "Çünki burada iqtisadi cəhətdən yeni obyektlərin açılmasına ehtiyac var ki, bu da iqtisadiyyatının güclənməsinə xidmət edəcək.

  • İkincisi, Türkiyə ilə Azərbaycan arasında quru və dəmiryolu əlaqələri daha da formalaşacaq ki, bu da ölkəmiz üçün çox mühümdür.
  • Üçüncüsü, Azərbaycan yeni bir Şimal-Cənub tranzit kommunikasiya dəhlizinə çevriləcək. Bu mənada, həm ölkəmiz üzərindən, həm də Orta Asiyadan Avropaya çıxış və geriyə qayıdış sistemi qurulacaq.
  • Dördüncü, İran və Rusiya qonşu dövlətlər kimi bu xətdən yararlandıqları üçün dövlətimizlə olan müəyyən siyasi gərginliklər aradan qalxacaq və iqtisadi maraqlarımız üst-üstə düşdüyünə görə, bizim üçün normal siyasi mühit yaranacaq.
  • Beşinci, Azərbaycan Türkiyə üzərindən Aralıq dənizinə, İran üzərindən isə Fars körfəzinə çıxış əldə edəcək. Bir sözlə, yükdaşımaların intensivliyi artacaq.

Bundan başqa, Azərbaycanda xidmət sahələri inkişaf edəcək. Artıq bu sahədə xidmət göstərmək üçün yüksək peşəkarlığı olan kadrlarımız artıq formalaşıb. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının da yenidən qurulacağını nəzərə alsaq, yeni aqroparkların və texnoparkların qurulmasına da şahidlik edəcəyik. Həmçinin, turizm sahəsi də inkişaf edəcək".

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun inşası Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun inşası

Bunların hamısını gündəmə gətirmək üçün Zəngəzur dəhlizinə ehtiyacın olduğunu söyləyən ekspert, prezident İlham Əliyevin son çıxışına istinad etdi: "Dövlət başçısı bildirdi ki, bizə tarix versinlər, Zəngəzur dəhlizini həmin tarixə qədər yekunlaşdıraq. Dünən Nikol Paşinyan isə parlamentdəki son çıxışında, Azərbaycanla Naxçıvan arasında əlaqələrin qurulmasında maraqlı olduğunu diqqətə çatdırdı və Zəngəzur dəhlizinin işə salınmasında Ermənistanla Rusiyanın da maraqlarını gündəmə gətirdi".

Bildirək ki, Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, həm də Cənubi Qafqazda yerləşən ölkələr üçün də mühüm əhəmiyyət kəsb edir. Hətta Ermənistan da bu dəhlizdən yararlana bilər. Buna görə də, bu günə qədər həyata keçirdiyi işğalçı siyasətindən və müharibə ritorikasından əl çəkməlidir. Müsahibimizin fikrincə, Ermənistanın bu xəttə qoşulmamaq üçün heç bir şansı qalmayıb:

"Əgər İrəvan bu məsələdə gecikərsə, onun yeganə çıxış yolu, Qazax rayonunun işğalda olan ərazilərindən keçməsi qalır. Ordumuz anti-terror əməliyyatı keçirməklə, bu əraziləri də işğaldan azad edəcək. Bununla da, Ermənistan təkcə iqtisadi deyil, həm də kommunikasiya blokadasında qalacaq.  Putin-Bayden görüşündən sonra yeni soyuq müharibəyə start verildi və tərəflər arasında qarşıdurma getdikcə artır. Rusiya isə iqtisadi blokada da olduğu üçün daha da aqressiv olacaq".

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun inşası Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun inşası

Moskvanın Türkiyə və digər Türkdilli dövlətlərlə münasibətlərinin yaxşılaşdırılmasının arxasında da müəyyən maraqlarının olduğunu deyən politoloqun fikrincə, Kreml özünü qorumaq üçün həmsərhəd ölkələrlə də münasibətlərini yüksək səviyyədə qoruyub saxlayacaq: "Qafqazda isə, Azərbaycan birmənalı olaraq açar rolu oynadığı üçün maraqları da təmin olunmalıdır. Rusiya bütün hallarda Orta Asiyanı, Qafqazı və Türkiyəni itirməmək üçün Ermənistanı qurban verə bilər. Onsuz da ermənilərin heç bir vaxt dövlətləri olmayıb və onları kilsə idarə edib. Əgər yenidən bu qaydaya qayıtmaq istəyirlərsə, o zaman qoşulmaya bilərlər. Hazırda da Ermənistanın bir dövlət kimi mövcudluğu sual altında qaldığı üçün Zəngəzur dəhlizini açmağa məcburdur. Bu dəhlizin açılışı yeni dünya nizamının formalaşmasına xidmət edəcək".

Xatırladaq ki, bu dəhliz işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir və hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür.

Rövşən Ziya, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »