Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan düşmənçilik fəaliyyətlərini davam etdirəcək"
"Ermənistan düşmənçilik fəaliyyətlərini davam etdirəcək"

"Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) son qərarı ilə Ermənistanla yanaşı, Azərbaycana da müəyyən xəbərdarlıq etdi. İrəvanın bu iddiaları və tələbləri daha böyük idi və bunların həyata keçirilməsini istəyirdi. Ancaq heç birinə nail ola bilmədi".

Bu sözləri Bizimyol.info saytına açıqlayan "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirdi ki, onların əsas tələbi Bakıda qurulan Hərbi Qənimətlər Parkının bağlanması ilə əlaqəli olsa da, bu tələbləri rədd edildi: "Onlar eyni zamanda ölkəmizdə əsir saxlanılan Ermənistan hərbi qulluqçularının geri qaytarılmasını və onlara qarşı münasibətin normal olmasını da tələb edirdilər. Ancaq məhkəmə, rəsmi Bakıya etdiyi xəbərdarlıqda haqsızlığa yol verdi. Əslində, mən bunu bir neçə gün əvvəldən proqnozlaşdırırdım. Bu gün Qarabağda müharibə bitsə də, problemlərin çoxu hələ də həll olunmayıb. Sərhədlərin tanınmaması, Laçın və Zəngəzur dəhlizləri, sülh sazişinin imzalanmaması və digər məsələlər hələ də öz həllini gözləyir. Üstəlik, beynəlxalq səviyyədə məhkəmə çəkişmələri bundan sonra da davam edəcək".

Elxan Şahinoğlu Elxan Şahinoğlu

Qeyd edək ki, BƏM rəsmi Bakının iddiaları əsasında Ermənistanın təcili tədbirlər görməsinə dair qərar qəbul edib. Görəsən, rəsmi İrəvan bu qərarın icrası üçün hansısa addımlar atacaq?

Politoloq, 30 il ərzində qəbul edilən qərarların heç birinə hələ də Ermənistan tərəfindən əməl edilmədiyini xatırlatdı: "BMT-nin 4 böyük qətnaməsi bu günə qədər icra olunmadısa, Ermənistan bundan sonra məhkəmənin qərarı ilə də heç vaxt hesablaşmayacaq. Onlar ancaq qarşılarında güc gördükdə hesablaşırlar. Məhkəmənin bu qərarından sonra Azərbaycanda çoxları bəyan edir ki, biz artıq siyasi meydanda da qələbə qazandıq. Amma mən bu ifadəni ehtiyatla işlədirəm. Biz döyüş meydanında qələbə qazansaq da, eyforiyadan uzaq olmalıyıq. Mübarizə hələ davam edir, qarşımızda hədəflər var bunlara çatmaq üçün müəyyən zaman lazımdır. Hər dəfə bu sözü işlətməklə, özümüzdə arxayınçılıq yaratmayaq. Biz düşmənin hiyləgər olduğunu unutmamalıyıq".

Ermənistanı dəstəkləyən lobbi təşkilatlarının hələ də Avropa, Amerika və Rusiyada güclü olduqlarını deyən ekspert vurğuladı ki, bu ölkələrdə fəaliyyət göstərən siyasi mərkəzləri bu gün də dövlətimizə zərbə vurmağa çalışırlar: "Rusiyadaki mərkəzləri isə, yuxarı dairələrdəki dəstəkçiləri vasitəsilə fəaliyyətlərini daha da artırır və yerli mediadan istifadə etməklə, Azərbaycana qarşı müxtəlif fikirlər səsləndirirlər. Həmin təşkilatlar bundan sonra da dövlətimizə qarşı düşmənçilik fəaliyyətlərini davam etdirəcəklər. Bu, bir mübarizədir və biz geri çəkilməməliyik, çünki uğurlarımız çoxdur. Biz bilməliyik ki, istənilən vaxt bizə qarşı ikili standartlara əsaslanan qərarlar qəbul edilə bilər".

Həmsöhbətimiz düşünür ki, Ermənistanın lobbiçilik fəaliyyətinə qarşı mübarizə aparmaq üçün xarici ölkələrdəki diaspor təşkilatlarımız da öz fəaliyyətlərini artırmalıdırlar: "Haqq səsimizin dünyaya çatdırılması üçün bu çox vacibdir. Qarabağ separatçılarının lideri Araik Arutyunyanı Fransaya çağırıb görüş keçirirlərsə, Qarabağın azərbaycanlı icması da təkcə Bakıda çıxış etməklə, və ya bəyanatlar verməklə kifayətlənməməlidir. Xarici ölkələrə getməli, konfranslar və seminarlar keçirməlidir.

İnformasiya müharibəsində çox təhlükəli geriləmələr var və bunun qarşısı alınmalıdır".

Rövşən Ziya, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »