Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan beynəlxalq məhkəmədə Azərbaycana uduzdu: "Əsas işin öhdəsindən gəldik"
Ermənistan beynəlxalq məhkəmədə Azərbaycana uduzdu: "Əsas işin öhdəsindən gəldik"

Tofiq Abbasov: "Ermənistan məğlub tərəf kimi bizimlə razılaşmağa məcbur olacaq"

Məlum olduğu kimi, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı qaldırdığı “müharibə məhbuslarının dərhal geri qaytarılması", Hərbi Qənimətlər Parkının bağlanması və Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair 3 iddiası təmin olunmadı. Bəllidir ki, İrəvanın bu məsələlərdəki məğlubiyyəti Azərbaycan tərəfinin tam vaxtında və əsaslandırılmış şəkildə bütün dəlilləri və sübutları məhkəməyə təqdim etməsindən qaynaqlanır.

Məsələ ilə bağlı fikirlərini Bizimyol.info saytına açıqlayan politoloq Tofiq Abbasov bildirdi ki, nəhayət Azərbaycan beynəlxalq məhkəmə instansiyalarında Ermənistanın nə qədər yalançı, riyakar və cinayətkar bir dövlət olduğunu sübut edə bildi. Azərbaycanın həm siyasi, həm də hüquqi müstəvidə yeni qələbə əldə etdiyini söyləyən politoloq qeyd etdi ki, bu, bizim üçün böyük əhəmiyyət kəsb edir:

Tofiq Abbasov Tofiq Abbasov

"Ermənistan, ölkəmizə və vətəndaşlarımıza qarşı ən ağır və ən alçaldıcı cinayətlər törədib. Ancaq bu gün nə qədər təəccüblü olsa da, onlar özlərini beynəlxalq səviyyədə təmizə çıxarmağa və bizi ağır cinayətlərdə ittiham etməyə cəhd edirlər. Ancaq əlimizdəki bütün dəlil və sübutlarla göstərdik ki, Azərbaycana qarşı törədilən bütün cinayətlərin başında Ermənistan hakimiyyəti dayanır. Onlar ölkəmizlə bağlı elə arzuolunmaz və absurd işlərə əl atıblar ki, gərək bunların məsuliyyətini öz üzərlərində daşısınlar. Ermənistan cinayətkar olduğu halda, bizə qarşı ittihamlar irəli sürməsi ondan xəbər verir ki, onlar həqiqətən də məsələnin mahiyyətindən xəbərdardırlar və özlərini beynəlxalq birlik qarşısında "məzlum" və "əzilmiş" xalq kimi qələmə verməyə çalışırlar. Ancaq bu planları işləmədi. Halbuki, onların təkcə Xocalıda hansı vəhşiliklər törətdiyini bütün dünya bilir. Beynəlxalq Ədalət Məhkəməsinin bu qərarı göstərdi ki, uzun müddət davam edən qarşıdurmada Azərbaycan zərər çəkmiş tərəfdir və Ermənistanın bütün siyasi dairələri və radikal qrupları məsuliyyətə cəlb olunmalıdır".

Müsahibimizin sözlərinə görə, məhkəmənin Ermənistana qarşı çıxardığı qərarların icra mexanizmləri artıq beynəlxalq səviyyədə işlək vəziyyətə salınıb: "Biz, əsas işin öhdəsindən gəldik və məhkəmədən qalib çıxdıq. Günahkar da bəllidir və cinayətlərin məsuliyyətini də daşıyacaq. Burada kompensasiyaların ödənilməsi, Azərbaycandan üzr istəməsi kimi bəzi prosedurlar işə salına bilər. Ermənistanın əsas narazılığı, Bakıda onların hərbi-siyasi məğlubiyyətini təmsil edən Qənimətlər Parkının salınması ilə bağlıdır. Buna da məhkəmədə cavab verildi və bu barədə iddiaları rədd edildi. Çünki biz 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəni yaşatmalıyıq. Ermənistan bilməlidir ki, bundan sonra ölkəmizə qarşı bir daha cinayətkar planlarını işə salsalar, cavablarını alacaqlar. Artıq son məhkəmə prosesi, eləcə də bu ölkənin 30 il ərzində xalqımıza qarşı törətdiyi bütün cinayətlərlə bağlı məlumatlar toplanaraq beynəlxalq instansiyalara təhvil verilir. İstər xarici işlər nazirliyi, istərsə də məhkəmə və prokurorluq orqanları səviyyəsində beynəlxalq konvensiyaların tələblərinə uyğun arayışlar və istintaq sənədləri hazırlanır və onlara təqdim olunur".

Bəs bu məğlubiyyət Ermənistanın siyasi imicinə və diaspor fəaliyyətlərinə necə təsir göstərəcək?

Bu prosesin hüquqi-siyasi aspektlərə malik olduğunu söyləyən ekspertin sözlərinə görə, məhkəmə qərarlarının verilməsində rəsmi Bakının siyasi mövqeyinin də təsiri var: "Belə ki, döyüş meydanında Ermənistanın ordusunu necə dağıtdıqsa, siyasi meydanda da ölkəmizə qarşı yalan və iftira dolu siyasətini elə məhv etdik. Eyni zamanda, beynəlxalq ictimaiyyətə bu dövlətin dəhşətli simasını göstərdik. Həm Ermənistan hakimiyyətinin, həm də xarici ölkələrdəki diaspor təşkilatlarının Azərbaycana qarşı bu günə qədər həyata keçirdiyi şovinist siyasət beynəlxalq səviyyədə ifşa olunmağa başlayıb.

Uzun illərdir ki, həyata keçirdiyimiz düzgün siyasət nəticəsində onların lobbiçilik fəaliyyəti və Ermənistanın işğalçılıq siyasəti artıq tam iflasa uğrayır. Artıq dünya başa düşür ki, uzun illər boyu Ermənistan öz daxilində, həm də böyük ölkələrin ərazisində qonşu ölkələrin əhalisinə qarşı düşmənçilik siyasəti ilə məşğul olublar. Bu baxımdan onların əsl siyasi mahiyyətinin dünyaya çatdırılması bizim üçün çox vacibdir. Bir sözlə, beynəlxalq səviyyədə Ermənistanın əsl üzü tam ifşa olunur".

Bu günə qədər BMT-nin bütün qətnamələrindən boyun qaçıran Ermənistanla hansı üsul və üslubla razılığa gələ bilərik?

Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarından bir neçə gün əvvəl Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verdiyini xatırladan həmsöhbətimiz qeyd etdi ki, onlar bununla məhkəmə prosesi öncəsi özləri üçün imtiyazlı vəziyyət yaratmağa və humanist bir dövlət olduqlarını göstərməyə çalışdılar: "Əslində, bu xəritələrin çoxu saxtadır və 20-30 faizi həqiqətə uyğun olarsa, böyük bir şey olar. Azərbaycan, uzun illər bu xalqa bizim torpaqlarımızda yaşadıqları üçün güzəştlər etmişdi və yaşamaları üçün hər cür şərait yaratmışdı. Ancaq bundan sonra Ermənistan hakimiyyətinə və ictimaiyyətinə qarşı konkret addımlar atılacaq və dövlətimiz bütün beynəlxalq instansiyalarda hüquqi normalar çərçivəsində haqlı tələblərimizlə çıxış edəcək. Ermənistan isə məğlub tərəf kimi bizimlə razılaşmağa məcbur olacaq".

Rövşən Ziya, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »