Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nəzarətsiz qalan alqı-satqı sektoru: “Vəziyyət daha bərbaddır”
Nəzarətsiz qalan alqı-satqı sektoru: “Vəziyyət daha bərbaddır”

Bir mənzilin bir neçə nəfərə satılması, vətəndaşların aldadılması, külli miqdarda pulların mənimsənilməsi halları ilə tez-tez rast gəlirik. Bu cür fırıldaqların qurbanına çevrilən insanların sayı təssüf ki, heç də az deyil.

Bəs qurbana çevrilməmək üçün mənzil alan zaman nələrə diqqət etməliyik?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, Azərbaycanda daşınmaz əmlak sektorunun alqı-satqısında vəziyyət digər yerlərdən daha fərqlidir.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

“Burada birinci növbədə yeni tikili binalardan danışa bilərik. Bu binalarda çıxarış yox, müqavilə olduğu zaman alqı-satqı tikinti şirkətinin rəhbəri tərəfindən aparılır. Yəni, onlar müqavilə, mənzilin pulu tam ödənilibsə, maliyyə arayışı verir və sənədləşmə başa çatmış hesab olunur ki, bina nə zaman təhvil verilərsə, bu zaman çıxarış verilsin.

Burada vətəndaşların üzləşdiyi əsas problem odur ki, bəzi tikinti şirkətləri onları aldadır, bir evi bir neçə nəfərə satır və s. Bunun həlli yolunu tapmaq isə çox çətindir. Belə problemlər yaşanan zaman isə ən yaxşı halda MTK rəhbəri həbs oluna bilər. Bu isə vətəndaşa heç nə vermir.

Bizdə MTK bina tikən zaman qeydiyyat aparılmır və vətəndaş MTK rəhbərinin dediyi bütün sözlərə inanmaq məcburiyyətində qalır. Təəssüflər olsun ki, reysterin aparılmaması vətəndaşı bir çox problemlərlə üz-üzə qoyur. 2017-ci ilin may ayında qanun qəbul olunub ki, müqaviləli mənzillərin alqı-satqıları notarial formada aparılsın. Bu çağırışa sadəcə bir neçə şirkət qoşuldu. Burada notarius sadəcə alqı-satqını təsdiqləyir. Onun reysterini apara bilmir. Bu sahə bizdə çox axsayır və bununla bağlı qanun layihəsi hazırlanmır.

Başqa ölkələrin təcrübələrinə baxsaq görərik ki, bu məsələlər biraz fərqlidir. Məsələn, Rusiyada tikintilərə daha çox banklar nəzarət edir. Yəni, tikinti şirkətləri banklarla əksər hallarda ortaq olurlar. Bu səbəbdən də birbaşa bankın nəzarətində olurlar. Türkiyədə isə tam fərqlidir. İstənilən vətəndaş əmlak almaq istəyirsə, bina haqqında məlumatı bələdiyyəyə yaxınlaşaraq, öyrənə bilir”.

Ekspertin sözlərinə görə, biz də bu problem təkcə bina evlərində yox, həm də həyət evlərində yaşanır.

“Bir çox mənzillər var ki, çıxarışı yoxdur. Bu mənzillərin alqı-satqısı tamamilə bərbad vəziyyətdədir. Çünki çıxarış yoxdur və vətəndaşa sərəncam verilib. Sərəncamı isə alqı-satqı etmək olmur. Bu səbəbdən də bir-birlərinə sadəcə etibarnamə vasitəsi ilə ötürürlər. Hətta 6 sotluq sərəncamı etibarnamə ilə 3-4 yerə bölüb, fərqli adamlara satırlar. Hansı ki, bunun alqı-satqısını notarial aparmaq özü belə qanunsuzdur. Bir sözlə bu sektorda vəziyyət daha bərbaddır”.

Ekspert qeyd edir ki, etibarnamə ilə əmlak almaq çox risklidir.

“Çünki etibarnəmənin hökmdən düşən vaxtları var. Məsələn, etibarnaməni verən şəxs dünyasını dəyişərsə, etibarnamə öz hökmünü itirir. Yaxud da deyək ki, vətəndaş etibarnamə ilə torpaq aldı və ev tikdi. Həmin torpaq nə vaxt özəlləşərsə, sərəncam kimin adına olubsa, həmin insanın adına rəsmiləşəcək. Bunlar gələcəkdə bizi gözləyən real problemlərdir”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »