Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan 12 illik təhsilə keçməyə hazırdırmı?
Azərbaycan 12 illik təhsilə keçməyə hazırdırmı?

Təhsil naziri Emin Əmrullayev “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zamanı 12 illik təhsil sistemindən söhbət açıb. O, çıxışı zamanı bildirib ki, bir çox inkişaf etmiş ölkələrdə 12 illik tədris tətbiq edilir və orada öyrənmə saatlarının Azərbaycandan 20-30 faiz çox olduğunu görürük.

“Biz artıq bu istiqamətlərdə işlərə başlamalıyıq ki, aradakı bu fərqi qısa zamanda və yüksək keyfiyyətlə qət edək. Burada təhsilin fərqli-fərqli sahələrinə diqqət edilməlidir”.-deyə nazir bildirib.

12 illik təhsil sisteminə keçid edilərsə, hansı dəyişikliklərin edilməsinə ehtiyac duyular? Belə olan halda dərs yükü, saatı azaldılmalıdırmı?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, 12 illik təhsilə keçmək üçün bir çox ciddi dəyişikliklərə ehtiyac var.

İlqar Orucov İlqar Orucov

“Azərbaycanda təhsilin inkişafı ilə bağlı 2013-cü ildə cənab prezident tərəfindən qəbul olunmuş milli strategiyada 12 illik təhsilə keçid öz əksini tapıb. Nəzərə alsaq ki, 100-dən artıq ölkədə xüsusilə təhsil tutumlu ölkələrin böyük əksəriyyətində orta təhsil 12 ildir. Amma mən sizə nümunə çəkə bilərəm ki, Sinqapur təcrübəsində orta təhsil 10, Almaniyada 13 illikdir.

Düşünürəm ki, biz, yetişməkdə olan nəslin şagirdlərini nə qədər çox müddətli təhsilə cəlb etsək, bu daha da effekli olar. 12 illik təhsilə keçmək vacibdir, amma bunun üçün əlbəttə ki, dərsliklər, proqramlar, məktəb infrastrukturu yenilənməlidir, müəllimlərin hazırlığı üzrə işlər görülməlidir. Yəni şagird sayı, tutumu imkan verəcəkmi, hazırda biz bu prosesə start verək? Bunun üçün 2013-cü ildən ciddi işlər görməyə başlamaq lazım idi. Bildiyim qədəri ilə lazım olan istiqamətdə hələ ciddi işlər də yoxdur.

Bu bir arzu, istəkdir. Qeyd etdiyim ki, dövlət sənədində, milli starategiyada öz əksini tapmış bir məsələdir. Bununla yanaşı həm də xeyli ağır məsələ, prosesdir. Yuxarıda qeyd etdiyim işlər üzrə yeniliklər olmazsa, 12 illik təhsilə keçmək effekt verməyəcək.

Hər şey öz qaydası ilə görülərsə, 12 illik təhsil sisteminə keçilərsə, bu, tədris yükünü azaldacaq və digər müsbət effektləri olacaq”,-deyə ekspert bildirib.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »