Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağ müharibəsi əlilinin ev problemi nəzarətə götürülüb
Qarabağ müharibəsi əlilinin ev problemi nəzarətə götürülüb

Sosial şəbəkələrdə Saatlı rayonu Mustafabəyli kənd sakini Birinci Qarabağ müharibəsi qazisi III qrup əlil Əliyev Hüseyn Siran oğlunun ev problemi ilə bağlı bəzi paylaşımlar edilib.

Qeyd edilib ki, Hüseyn Əliyev 2012-ci ildən ev növbəsinə alınıb və bu ilin may ayında ona məxsus ev sökülüb. H.Əliyevə bildirilib ki, yaxın zamanlarda ona ev tikilib veriləcək. Hətta evin təməli də atılıb. Amma sonradan qazinin əlilliyi ləğv edilib. Qaziyə bildirilib ki, komissiyadan keçmədiyi üçün evi tikilə bilməz.

Hazırda H.Əliyev çadırda yaşayır. Əliyev qeyd edib ki, 2021-ci ilin may ayına qədər, şəraitsiz də olsa bir evi var idi. O, problemi ilə bağlı müxtəlif qurumlara, ölkə başçısına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və s. müraciət edib.

Xatırladaq ki, Hüseyn Əliyevin II qrup əlilliyi sonradan III qrupla əvəz edilib.

***

Qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə xidməti araşdırma aparılıb və müəyyən olunub ki, Əliyev Hüseyn Siran oğlu təqdim etdiyi sənədlər əsasında 2012-ci ildə Qarabağ müharibəsi əlili kimi Saatlı rayon İcra Hakimiyyətində mənzil növbəliliyinə götürülüb və bu kateqoriyadan olan şəxslərin mənzil məsələsinə baxılması üçün onların adlı siyahısı il ərzində (mənzil növbəsində dayanan şəxslərə mənzil verilməsi və ya fərdi yaşayış evi tikilməsi Saatlı rayon İcra Hakimiyyətinin səlahiyyətinə aid deyil) aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən rayon İcra Hakimiyyətinə daxil olmuş 24 dekabr 2020-ci il tarixli 20830055634 nömrəli məktubda Saatlı rayonunda mənzil növbəliliyinə götürülən 19 nəfər Qarabağ müharibəsi əlilinin və şəhid ailəsinin, o cümlədən vətəndaş Hüseyn Əliyevin mənzil şəraitinin yaxşılaşdırılmasının nəzərdə tutulduğu bildirilib, həmin şəxslərə kommunikasiya xətlərinə yaxın torpaq sahəsinin ayrılması və bu barədə məlumatların Agentliyə təqdim edilməsi xahiş olunub və məktubun icrası ilə əlaqədar rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə H.Əliyevin həyətyanı sahəsinə sadəcə baxış keçirilib, 25 yanvar 2021-ci il tarixli 03/184 nömrəli məktubla Agentliyə cavab məktubu ünvanlanaraq H.Əliyevin kommunikasiya xətlərinə yaxın həyətyanı torpaq sahəsinin olduğu bildirilib.

Bildirilib ki, Hüseyn Əliyevin evinin tikintisinin yarımçıq dayandırılması ilə bağlı rayon İcra Hakimiyyətinə və yuxarı rəhbər orqanlara etdiyi müraciətləri əsasında məsələnin araşdırılması və müvafiq köməklik göstərilməsi üçün Saatlı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 12 avqust 2021-ci il tarixli 01/1726 nömrəli məktub ünvanlanıb.

Qeyd edilib ki, Hüseyn Əliyevin evinin tikintisinin yarımçıq dayandırılması ilə bağlı mübahisəli məsələ Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinin icraatındadır və hazırda araşdırma aparılır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »