“Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyinin və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə Bişkek şəhərində Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Bizimyol.info xəbər verir ki, bu barədə ki, Azərbaycanın Qırğızıstandakı səfirliyi məlumat verib.
Qeyd edilib ki, tədbir çərçivəsində TÜRSKOY tərəfindən ingilis dilində nəşr etdiyi “Nizamini oxuyaq” (Reading Nizami Ganjavi) kitab-albomun təqdimatı keçirilib.
Əvvəlcə qonaqlara azərbaycanlı rejissor Eldar Quliyevin “Nizami” bədii filmi nümayiş etdirilib.
Manas” və Çingiz Aytmatov Milli Akademiyasında təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Lətif Qəndilov, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Qırğızıstanın TÜRKSOY-dakı təmsilçisi Kocageldi Kulteginin, Qırğızıstan Yazarlar Birliyinin sədri Nurlanbek Kalıbekov, “Manas” və Çingiz Aytmatov Milli Akademiyasının prezidenti Topçubek Tuqunalıyev, sözügedən akademiyanın Qırğızıstanşünaslıq kafedrasının müdiri Alımbayev Abdraxman çıxış ediblər.
Azərbaycanın Qırğızıstandakı səfiri L.Qəndilov əsas çıxışçı qismində Nizami Gəncəvi həyat və yaradıcılığı haqqında geniş danışıb. Bildirib ki, Prezident İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi ili” elan etməsi ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin əməli ifadəsidir. Bu, həm də Prezident İlham Əliyevin Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına, adlı-sanlı ədəbi-tarixi şəxsiyyətlərimizə yenidən qayıdışı və dünyada tanıdılması istiqamətində apardığı ardıcıl siyasətin növbəti təzahürüdür.
Səfir Nizami Gəncəvinin özündən sonra zəngin ədəbi irs qoyub getdiyini, bütün türk dünyasının bəşəri sərvəti və qüruru olmasını qeyd etdi. Vurğuladı ki, Nizaminin böyük xəzinə olan yaradıcılığı təkcə Azərbaycanın və türk dünyasının deyil, bütün bəşəriyyətin əvəzsiz mənəvi sərvətinə çevrilib. Bildirib ki, türk dünyasının qədim və zəngin mədəniyyətinin təbliğ edilməsi, beynəlxalq aləmdə tanıdılması, gələcək nəsillərə ötürülməsi Nizami ilini qeyd edilməsi çox önəmlidir. Əlavə edib ki, zəngin yaradıcılığında qüdrətli söz və fikir ustadı insanları xeyirxahlığa, mərhəmətə, düzlüyə, ədalətə səsləyir, Allahı, qonşunu, Vətəni sevməyi öyrədir, gözəlliyi tərənnüm edirdi. Mənəvi dəyərlər şairin həyatının və yaradıcılığının əsas məğzini təşkil edir. Bu gün gender bərabərliyi haqqında çox danışılır. Amma hələ XII əsrdə dövləti idarə edən müdrik qadın obrazları Nizami əsərlərinin qəhrəmanlarına çevrilmişdilər. Məlumar verib ki, Şekspir Nizamini bütün dövrlərin və xalqların yeddi ən dahi şairi sırasına daxil edirdi. "Leyli və Məcnun" poeması Romeo və Cülyettanın faciəvi hekayəsindən dörd əsr əvvəl yazılmışdır.
Səfir Düsen Kaseinovu xoşməramlı səfir adlandıraraq onun Türk xalqları mədəniyyətinin beynəlxalq səviyyədə təbliği sahəsində əvəzsiz xidmətləri olduğunu söylədi və kitab-albomun nəşrində zəhməti keçənlərə öz təşəkkürünü bildirib.
Sonra Düsen Kaseinov xoş sözlərə görə təşəkkür edərək nitqi ilə çıxış etdi. O qeyd edib ki, TÜRKSOY da bu əlamətdar tarixi geniş şəkildə qeyd etmək qərarına gəlib. Artıq bir çox ölkələrdə klassik musiqi sərgiləri və konsertləri təşkil olunub, dahi şairin yaradıcılığından ilhamlanaraq müasir bəstəkarların çoxlu yeni vokal əsərləri yaradılmışdır.
Tədbirdə çıxış edənlər Nizaminin dünya ədəbiyyatına verdiyi misilsiz töhfələrdən danışıb, onun yaradıcılığının fəlsəfi aspektlərinə toxunulublar.
Tədbir zamanı 30 il işğal altında olmuş əzəli Azərbaycan torpaqlarının azad edilməsi uğrunda aparılan Vətən Müharibəsi dövründə Qarabağ həqiqətlərini Qırğızıstan ictimaiyyətinə obyektiv çatdıran və yayımlayan “Slovo Kirqızıstana” qəzetinin müxbiri Aida Şirinova və Qırğızıstandakı “Anadolu” Agentliyinin müxbiri Nazir Əliyev TÜRKSOY tərəfindən təltif ediliblər.
Tədbir Səfirliyin və "Azeri" ictimai birliyinin təşkil etdiyi bədii hissə ilə davam edib.
Nizami Gəncəvinin sözlərinə bəstələnmiş mahnılar ifa edilib, onun şeirlərindən parçalar söylənilib və Azərbaycan rəqsləri nümayiş etdirilib.