Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyev və onun tabeliyində işləmiş daha üç nəfərin - İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, sabiq şöbə rəisi Vüsal Ələkbərov və Sahib Ələkbərovun məhkəməsi davam edir. Adları çəkilən şəxslərdən yalnız general həbsdədir.
Bizimyol.info xəbər verir ki, sabiq MTN-çilər haqqında cinayət işi üzrə 30-dan artıq zərərçəkmiş var. Bu insanlardan bəzilərinin qanunsuz həbs olunduğu, külli miqdarda pul və əmlakları əllərindən alındıqdan sonra buraxıldıqları, bəzilərinin keçmiş MTN-çilər tərəfindən zorakılığa məruz qaldığı iddia olunur.
Zərərçəkmişlərdən biri – “Kapitalbank”ın keçmiş filial müdiri Hüseyn Səfərov deyir ki, onu heç bir günahı olmadığı halda, 67 gün MTN-də saxlayıb, 2 milyon dollar pul alandan sonra azad ediblər: “Özlərindən cinayət işi uydurdular. Məni girov götürüb, 67 gün MTN-in binasında saxlayıblar. O müddətdə mən günboyu MTN-də müstəntiqlərin kabinetində oturub gözləmişəm ki, qohum-qardaşım bu cinayətkar dəstənin məndən tələb etdiyi 3 milyon dolları nə vaxt toplayacaq. Ancaq gecələr təcridxanada kamerada yatırdım, səhər yuxudan ayılıb Vüsal Ələkbərov və digərilərinin kabinetində girovluğumun bitəcəyi günü gözləyirdim. Mövlam Şıxəliyev o günlərdə 5 dəfə məni kabinetinə çağırtdırmışdı. Hər dəfə də pul tələb edirdi. Deyirdi ki, pulu düzəldin verin, səni buraxaq. Əks halda, uzunmüddətli həbs cəzası alacağımı, işgəncəyə məruz qalacağımı deyib, hədələyirdilər”.
Hüseyn Səfərov bildirib ki, qohumları 3 milyonu düzəldə bilmirdi. Bunu söhbətlərin birində Mövlam Şıxəliyevə çatdırıb. İstintaq Baş İdarəsinin rəisi məbləği 2 milyona salıb: “Dedi ki, heç olmasa, 2 milyon dollar gətirsinlər. Gördülər ki, pulu düzəldə bilmirik, təklif elədilər ki, böyük hissəsini gətirsinlər, sonra qalanı da verilər”.
Zərərçəkmiş deyir ki, qohumları 1 milyon 650 min dollar düzəldib, oğlu Rüstəm Səfərova veriblər. O da gətirib MTN-in yaxınlığında Vüsal Ələkbərova təqdim edib. Bundan sonra Hüseyn Səfərov haqqında həbs qətimkan tədbiri dəyişib və o, azadlığa buraxılıb. Həbsdən buraxanda da xəbərdarlıq edilib ki, qalan 350 min dolları gətirməsə, bu dəfə həm özü, həm də oğlu həbs olunacaq: “Mən dekabrda buraxıldım, apreldə Vüsal Ələkbərov MTN-nin inzibati binasının arxa nəzarət-buraxılış məntəqəsinin yaxınlığında qalan 350 min dolları oğlumla məndən aldı”.
Hüseyn Səfərov bildirib ki, ondan alınan pulları Mövlam Şıxəliyev və Vüsal Ələkbərov tək yeməyib. Pulun bi hissəsi də o vaxtkı nazir Eldar Mahmudova, həmçinin o dövrdə Baş prokuror olan Zakiur Qaralov və onun birinci müavini Rüstəm Usubova da çatıb. Hüseyn Səfərov adları çəkilən şəxslərin məhkəməyə çağırılıb dindirilməsi barədə vəsatət qaldırıb: “Lap tutaq ki, bunlar belə quldurluq edirdi, bəs istintaqa nəzarət orqanı olan prokurorluq hara baxırdı? Mənim həbsim üçün təqdimatı Rüstəm Usubov verib. Deməli, onlar da bunlarla əlbir olublar, mənim verdiyim puldan onlara da çatıb”.
Bakı Hərbi Məhkəməsində bu işə baxan hakimlər Zakir Qaralov, Eldar Mahmudov və Rüstəm Usubovun dindirilməsi barədə vəsatəti baxılmamış saxlayıb.
Hüseyn Səfərov onu da bildirib ki, keçmiş MTN-çilər 2 milyonu alandan sonra da ondan əl çəkməyiblər: “Bir ay sonra Vüsal Ələkbərov mənə zəng elədi ki, Mövlam müəllim general rütbəsi alıb, ona hədiyyə gətir. Mənə 2 “Vertu” telefonu aldırdı, hərəsi də 6500 manata. Vüsal Ələkbərovun xidməti otağında telefonları aparıb verdim. Bir neçə ay sonra yenə zəng elədi ki, Mövlam müəllimin ad günüdür, ona bahalı hədiyyə gətir. 21 min dollarlıq qızıl saatı aparıb Mövlam Şıxəliyevə kabinetində verdim. Yenə əl çəkmədilər. Vüsal Ələkbərov zəng eləyib məndən ov silahı istədi. Qələbə dairəsində 800 manatlıq ov tüfəngini ona verdim”.
Hüseyn Səfərov deyir ki, silahı Vüsal Ələkbərovun qardaşına verib.
Təqsirləndirilən MTN polkovniki Vüsal Ələkbərovun qardaşı Əlvan Ələkbərov məhkəmədə şahid qismində dindirilib. O, Hüseyn Səfərovun ona silah verdiyini təsdiqləyib. Əlvan Ələkbərov bildirib ki, qardaşının tapşırığıyla Səfərovla görüşüb və tüfəngi götürüb: “Vüsal dedi ki, “get, silahı götür, Binədəki ata evimizə apar”. Çünki onların evində uşaq vardı. Mən də gedib silahı götürdüm, aparıb ata evinə qoydim. Vüsal demişdi ki, lazım olanda gəlib götürəcək”.
Zərərçəkmiş ya silahın geri qaytarılmasını, ya da pulunun ödənilməsini tələb edib.
Bu iş üzrə məhkəmə araşdırmaları davam edir.
General Mövlam Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Sabiq MTN-çilər haqqında cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.
Sabiq MTN-çilərə CM-in 182 (hədə-qorxu ilə tələb etmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə ittiham verilib. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Təqsirləndirilən Yasin Məmmədov uzun illər MSK-nın katibi, daha sonra sədr müavini işləmiş Natiq Məmmədovun qardaşıdır.
Zərərçəkmişlər arasında “Texnikabank”ın keçmiş sahibi, “Muğanbank”ın filial müdiri, bir sıra sahibkarlar da var.
Bizimyol.info