“Onun əlində çəkdiyi video olmasaydı, dərdini necə anladacaqdı?” - Etibarını itirmiş Azərbaycan taksiləri
“...Yəqin ki, bunun üçün həbs qorxum olmasaydı və silah işlətsəydim, Onu tapıb, yerində güllələyərdim. Belə “insan”lar sağlam cəmiyyətin heç bir zaman sağalmayacaq xəstələridir. Başa düşürəm, fikrimi bir qədər radikal ifadə edirəm, amma siz başqa seçənək bilirsinizsə, deyin. Elələrini həbs etməklə, ümumi problem həllini tapmır. İlk növbədə, iş növü insanlarla, müştərilərlə ünsiyyət üzərində qurulan taksi şirkətləri, çatdırma şirkətləri, təmir-tikinti şirkətləri və digər bu kimi şirkətlər işçi qəbulu zamanı ilk öncə onları psixoloji müayinədən keçirməlidirlər. Bu barədə özlərindən həkim rəyini təsdiq edən sənəd tələb olunmalıdır. Yoxsa ki, hansısa proqram vasitəsilə heç bir ərizəsiz, arayışsız işə qəbul ol, şirkət heç sənin üzünü də görməsin, sürdüyün maşının üzərinə “şahmat” qoy, özün də taksiçilikdən başqa nə bilirsən, onu da elə. Belə şirkətlər işçilərinin fiziki sağlamlığı ilə yanaşı, ruhi sağlamlıqlarını da təsdiqləyən sənəd tələb etməlidir, həmin nəqliyyat vasitələrində işçiyə və müştəriyə nəzarət edəcək müşahidə kameraları yerləşdirilməlidir. Həmin xanım əgər öz telefonu olmayasaydı, belə bir psixin bu işlə məşğul olduğunu polisə və eləcə də ictimaiyyətə necə izah edəcəkdi? Təbii ki, heç cür. Odur ki, ilk növbədə, bu işçilərə nəzarət olunmalıdır”.
Yuxarıdakı fikir bir neçə gün öncə öz taksisinə əyləşən xanım sürücüyə qarşı nalayiq davranışa yol vermiş sürücü haqqında paytaxtın xanım sakinlərindən birinin fikridir. Ayna adlı xanım onu da bildirib ki, belə insanların ucbatından tək küçəyə çıxmaq, harasa getmək çətinləşib: “Olur ki, işdən çıxırsan, ya hardansa evinə getmək istəyirsən, vaxt keçir və gecikirsən. Avtobusla da getmək sərf eləmir. Məcbur qalırsan, hansısa taksi şirkətinə zəng edirsən. Gecikmək bir tərəfə, səni dərd götürür ki, görəsən, həmin taksi sürücüsü ağlı başında və özünü idarə edə biləcək biridirmi? Görəsən, mənzil başına sağ-salamat çatacağammı? Əlində telefonun varsa, heç olmasa, bir az rahat olursan ki, nəsə olsa, harasa zəng edə bilərsən, ya çəkə bilərsən və sair. Amma hər qadın da bu barədə bacarıqlı deyil axı”,– deyə xanım əlavə edib.
Hadisə ilə bağlı təxirəsalınmaz tədbirlər nəticəsində həmin sürücü saxlanılmış və DİN nümayəndəsi də bu barədə ictimaiyyətə məlumat vermişdi. Ancaq iş bununla bitmir. Yəni bir qədər kobud desək, “üzr videosu” ilə problem öz həllini tapmır. Mənəviyyatdan yoxsul biri heç tanımadığı birinə qarşı nalayiq davranışa, sözə yol verirsə, onun üçün üzr istəyib-istəməməyin nə anlamı ola bilər? Bəyəm, üzr istəmək etdiyi ləyaqətsiz hərəkətdən daha alçaldıcı sayılır, ya necə? Üzrxahlıq etmək, düşüncəsi və normal psixoloji vəziyyəti yerində olan, səhvini həqiqətən anlayıb vicdanı sızlayan, mənəviyyat yüklü ali insanlara xas davranışdır. Beyni ilə düşünmə bacarığına sahib ola bilməyən “primat”lar üçün qaşlarına qədər çəkilmiş maskada “üzr istəyirəm” demək, meymunun banandan imtina etməsinə bənzəyir. Bölmədən çıxan kimi öz meymunluqlarına qaldıqları yerdən və daha qəzəbli şəkildə davam edirlər.
Bu barədə kiçik bir araşdırma da apardım. Məlum oldu ki, dünyada ən təhlükəli taksilər Meksikada fəaliyyət göstərir. “Volkswagen” markalı, yaşıl rəngli taksilər ölkə polisinin çıxardığı statistikaya əsasən, ən çox adam oğurluğu və insan alveri ilə məşğul olan cinayətkarlara məxsusdur. Maşının qiyməti ucuz, işə düzəlmək də asan olduğundan, bir çoxları öz əməllərini bu yollarla həyata keçirirlər. Bu ölkədəki həmin taksilər, baş verən əksər cinayət hadisələrinə görə yerli sakinlərdə bir qorxu və etibarsızlıq yaradıb. Polis bu taksilərin fəaliyyətinə gərəkli nəzarəti edə bilmədiyindən, vətəndaşlara məsləhət görüb ki, həmin taksilərə tək minməsinlər. Təbii ki, Meksika təhlükəsizliyi ən üst səviyyədə olan ölkələrdən biri deyil. Elə bu səbəbdəndir ki, keçmiş ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhədə divar çəkilməsinə qərar vermişdi. Öz məmurlarını idarə edə bilməyən ölkə rəhbərliyi öz xalqının təhlükəsizliyini necə qoruya bilər ki?... Odur ki, Trampın” ağıllı dəli” olması fikri ilə razılaşıram...
Təbii ki, Azərbaycan Meksika deyil və ola da bilməz. Başqa məsələlərdə olmasa da, polisimiz üzrxahlıq videoları barədə hər zaman öz operativliyi ilə fərqlənən hüquq-mühafizə orqanımız olub. Təhlükəsizliyin təminatı baxımından, sistemə son üç ildir daxil olan bu variant demək olar ki, bir çox hadisələrin qarşısını ala bilib. Videolarının sosial şəbəkələri “bəzəyəcəyini” bilən xuliqanlığa meylli fərdlər, öz çirkin əməllərindən əl çəkməli olublar. Ancaq təəssüf ki, bu, heç də problemin tam olaraq aradan qaldırılması demək deyil.
Nəqliyyat vasitələrində, xüsusən də taksi fəaliyyəti ilə məşğul olan şirkətlərdən həmin nəqliyyat vasitələrinə müşahidə qurğularının quraşdırılması bir başa olaraq Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyi tərəfindən tələb olunmalıdır. Hətta qeyd olunan cihazların quraşdırmaqdan yayınma kimi hallarla da qarşılaşılmaması üçün cərimə və cəza sisteminin tətbiqi önləyici bir tədbir ola bilər. Öz üzərində daim nəzarətin aparıldığını düşünən heç kəs açıq-aşkar əxlaqdan yoxluq çəkdiyini göstərən davranışlara yol verməz.
Mətin Şükürlü, Bizimyol.info