Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
“Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma

İran, Azərbaycan və Gürcüstan Fars körfəzini Qara dənizə birləşdirən tranzit marşrutunun yaradılması üzrə razılığa gəliblər.

Bu barədə məlumatı, İranın Yollara Texniki Xidmət və Nəqliyyat üzrə Təşkilatının (RMTO) rəsmisi yayıb.

RMTO-nun Beynəlxalq Tranzit və Daşımalar İdarəsinin Baş direktoru Cavad Hedayətinin sözlərinə görə, Azərbaycan və Gürcüstanla (avtomobil nəqliyyatı ilə bağlı) iki görüş keçirilib, biz iki ölkəyə regional yaxınlaşma üçün yeni tranzit dəhlizinin yaradılması təşəbbüsünü təklif etdik: “Əlbəttə, bu plan artıq səkkiz il əvvəl təklif edilib, lakin bir çox ölkələrin bu sazişə cəlb olunması səbəbindən hələ də həyata keçirilməyib və tərəflər konsensus əldə edə bilməyib. Bu yeni marşrutun yaradılması Fars körfəzini Qara dənizə birləşdirə bilər”.

Əziz Əlibəyli Əziz Əlibəyli

Siyasi şərhçi Əziz Əlibəyli məsələ barədə Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, İran Ermənistan yolundan istifadə etməklə çıxışı əldə etməyə çalışırdı, amma Gorus-Qafan yolunun Azərbaycanın nəzarətinə keçməsi, Eyvazlı kəndində Azərbaycanın gömrük postunun quraşdırılması, Ermənistan tırlarının gömrük prosesinə cəlb edilməsi İranın bu siyasətinə ciddi zərbə vurdu.

“Hesab edirəm ki, son Aşqabad görüşündə Rəisinin də bölgəsəl inteqrasiyaya müsbət cavab verməsi ilə bağlı razılığı alınıb və nəhayət, İran tərəfinin belə bir missiya nümayiş etdirməsi məhz Azərbaycanın da iradəsini qəbul etməsinin göstəricisidir.

Maraqlı bir məqam ondan ibarətdir ki, birinci növbədə İran belnəlxalq sanksiyalar qarşısındadır və ciddi şəkildə bu sanksiyalardan əziyyət çəkməkdədir. Hətta İran bank faəliyyətlərini müstəqil şəkildə həyata keçirə bilmir və qonşu ölkələrə böyük ehtiyacı var. Deməli, İranın Azərbaycan vasitəsilə Qara dənizə çıxış əldə etməsi o deməkdir ki, biz, İranın bölgəyə yönəlik diktə edən siyasətini də özünə tərəf çevirmişik və əməkdaşlığa söykənmişik”.

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanın hərbi əməliyyatları ilə Qafqaza yeni model gəlib və bu baş verənlər də həmin modelin qəbul etdirilməsi mənasını verir. “Bütövlükdə İran tərəfi 4 ay müddətində öz mallarının bu yol vasitəsilə Qara dənizə çıxarılmasının bir növ testini də aparacaq. Yəni, burada təhlükələri, tendensiyaları, imkanları öyrənmiş olacaq.

Digər maraqlı bir məqam isə ondan ibarətdir ki, bu razılaşma onu göstərir ki, Ermənistan və İranın Azərbaycana qarşı yönəlmiş əməkdaşlığı fiaskoya uğradı. Bu mənada Ermənistan oyundan kənar vəziyyətə uğrayacaq. Buna görə də bunu Azərbaycanın Qarabağdan sonra ikinci bir qələbəsi hesab etmək olar. Bu, əməkdaşlığa söykənmiş məsələdir və birbaşa milli təhlükəsizliyin sərt şəkildə tətbiq olunması, əməkdaşlıq üçün mühitin inşa olunması anlamına gəlir.

Biz növbəti addım kimi artıq İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyində də yaxşılaşmanın və səmimiliyin şahidi olacağıq”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »