Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə İbrahimoviçə qəzəbləniblər
Türkiyədə İbrahimoviçə qəzəbləniblər

Zlatan İbrahimoviç karyerasını davam etdirən futbolçular arasında ən çox qol vuranlardan biridir. İsveçli oyunçu 40 yaşı tamam olmasına baxmayaraq, hələ də meydanda yaxşı təsir bağışlayır.

Bizimyol.info xəbər verir ki, Türkiyədə İbrahimoviçə qəzəbləniblər. Onun yeni kitabında milli komandanın futbolçusu Hakan Çalhanoğlu haqda yazdıqları yaxşı qarşılanmayıb. Türkiyədə Zlatanın “Adrenalin”də həmkarını aşağıladığını düşünürlər.

“Hakan yaxşı insandır. Mənim sayəmdə inkişaf etdi və cəsarət qazandı. Yeni karyerasında ona uğurlar arzulamaq gərəkdir. Qulağa xoş gəlməyə bilər, amma faciəvi durumdan faydalandı. Eriksen ürək böhranı yaşayınca, Hakan üçün qapı açıldı. Əvvəllər “İnter”dən və ya başqa yerdən heç təklif almamışdı”.

İbrahimoviç bu sözlərlə Eriksenin Avropa Çempionatı zamanı meydanda ölümlə üz-üzə qalmasını nəzərdə tutur. Onda Danimarka millisinin üzvü ölümdən qayıtmışdı. Bundan sonra Çalhanoğlu “İnter” ilə 3 illik müqavilə imzalamışdı. İtaliya klubunun Erikseni transferə çıxaracağı gözlənilir. İbrahimoviç məhz bu məqamı nəzərdə tutur.

Zlatanla Hakanın əvvəllər münasibətləri yaxşı olub. İsveçlinin bir dəfə tənqidi fikirləri Türkiyə millisi üzvünün xoşuna gəlməyib. Yəni İbrahimoviç və Çalhanoğlu arasında dost münasibətlər hələ onlar "Milan"da birlikdə oynadıqları vaxt pozulmuşdu. Orada bu iki futbolçu əvvəlcə çox yaxşı uyğunlaşmışdılar və uğurlu birgə oyun ortaya qoyurdular. Amma sonradan İbrahimoviç oyun zamanı Çalhanoğlunu "danlayırmış" kimi davranaraq çılğınlıq etdikdən sonra ulduzların münasibətlərinə soyuqluq gəlmişdi. Kitabdakı ifadələr münasibətləri lap korlayıb. Çalhanoğlu sosial media hesablarından İbrahimoviçlə birlikdə olan şəkillərin hamısını silib.

Ümumiyyətlə, İbrahimoviç karyerası boyunca təkcə qəribə qolları ilə deyil, həm də qəribə açıqlamaları ilə gündəmə gəlib. Özünü "Tanrı" elan edərək ruhi vəziyyətini şübhə altına atan İbrahimoviç bütün karyerası boyunca "Ronaldo-Messi" cütlüyünün yanında adının çəkilməsinə can atsa da, o heç zaman üst sıra oyunçu ola bilməyib. Başqa sözlə, "dünyanın ən yaxşı futbolçusu kimdir, şəklində suallar ortaya çıxarkən, Zlatanın adı heç vaxt yada düşməyib. Amma bununla belə, İbrahimoviç "Nə Ronaldo, nə Messi, yalnız mən" şəklində açıqlama verməkdən də utanmamışdı.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »