Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sürücülük hüququ olmadan avtomobil idarə edənlərin qarşısı necə alınmalıdır...
Sürücülük hüququ olmadan avtomobil idarə edənlərin qarşısı necə alınmalıdır...

Bu gün Bakının küçələrində sürücülük hüququ olmadan avtomobil idarə edən sürücülər kifayət qədərdir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin sözlərinə görə, bu il 11 ay ərzində Bakı şəhərində sürücülük hüququ olmadan avtomobil idarə edən 1300-ə yaxın şəxs aşkarlanıb. Sürücülük hüququ olmadan avtomobil idarə edənlər tərəfindən 39 qəza hadisəsi baş verib. Bu qəzalar zamanı 18 nəfər ölüb və 29 nəfər xəsarət alıb.

Araz Əsgərli vətəndaşları yol hərəkəti qaydalarına ciddi yanaşmağa və sürücülük hüququ olmadan avtomobil idarə etməyin ağır nəticələrə səbəb olduğunu nəzərə alıb bu qanunsuz əməldən çəkinməyə çağırıb.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Bizimyol.info saytına açıqlamasında bildirib ki, nəqliyyat vasitələrinin sürücülük vəsiqəsi olmadan idarə edilməsi halları daha çox Azərbaycanın müxtəlif bölgələrində müşahidə edilir.

Eldəniz Cəfərov Eldəniz Cəfərov

“Bakı və digər böyük şəhərlərdə də sürücülük vəsiqəsi olmayan yeniyetmələr, valideynlərin avtomobillərini götürüb qəza şəraiti yaradırlar. Bir müddət əvvəl yeniyetmənin törətdiyi qəzaya şahid olduq, iki nəfər dünyasını dəyişmişdi. Ağır xəsarətlər var idi” - deyən ekspert vurğulayır ki, bu sahədə DYP-nin fəaliyyəti təqdirəlayiqdir. Nəqliyyat vasitələrini idarə edənlərin yaşı, onların sürücülük hüququnun olub-olmamasını müəyyən edə bilmək böyük zəhmət tələb edir: “Sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edənlər tərəfindən 18 nəfərin ölümü ilə baş verən 39 qəza hadisəsi də az deyil. Bu qədər qəza olmamalı, bu qədər ölüm hadisəsi olmamalıdır. 39 qəzada 18 nəfərin ölümü böyük hadisədir. Təxminən hər iki qəzada bir nəfərin ölməsi, böyük rəqəmdir. Ağır cinayətlərin baş verməsi, iqtisadiyyatımız üçün də zərərlidir. 2019-2023-cü illər dövlət proqramında da əsas məqsəd bu qəzaların sayının azaldılmasıdır.

Çalışmaq lazımdır ki, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edənlərin sayının azaldılmasında cəmiyyət olaraq biz də dəstək olaq. Bizi evimizə təhlükəsiz şəkildə çatmağımıza kömək edən DYP əməkdaşlarının işini asanlaşdıraq. Ağır qəzalara səbəb olan vəsiqəsiz sürücülər, bizim və ya başqalarının ölümünə səbəb olmadan qarşısını alaq.

Valideynlər də, bu mövzuda xüsusi diqqətli olmalıdır. Yetkinlik yaşına çatmayan və sürücülük vəsiqəsini almağa haqq qazanmayan uşaqlara avtomobilin açarını verməməlidir”.

Xatırladaq ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsi ilə tənzimlənir. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə, 100 manat məbləğində cərimə tətbiq edilir. Əgər törədilən qayda pozuntusu il ərzində təkrarlanırsa, 200 manat məbləğində cərimə nəzərdə tutulur”.

Xüsusi qeyd: Yetkinlik yaşına çatmayan və sürücülük vəsiqəsi olmayan şəxslərin, eləcə də sürücülük haqqından məhrum edilmiş və hərhansı nəqliyyat vasitəsinin idarəsinə icazəsi olmayan şəxslərə özünün və başqalarının həyatına təhlükə yaratmamaq üçün bu davranışdan çəkinmələrini tövsiyyə edirik.

Təhlükəsiz yol və sağlam həyat hər birimizin haqqıdır, bunu qorumağa birlikdə çalışaq.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »