Son aylarda dəm qazından zəhərlənmə hallarının sayı artıb. Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, bu günə qədər 30 nəfər dəm qazından zəhərlənib. Mərkəzin məlumatına görə, dəm qazından zəhərlənmə zamanı ilkin müdaxilədən sonra xəstə, mütləq xəstəxanaya çatdırılmalı və həkim nəzarətində olmalıdır.
Dəm qazından zəhərlənmə zamanı; əsasən başgicələnmə, başağrısı, ürəkbulanma, qulaqlarda küy, qusma yuxululuq halı, sayıqlama, hallüsinasiyalar və s. əlamətlər özünü göstərir. Dəm qazından zəhərlənmə zamanı xəstəyə ilkin yardımın göstərilməsi, onun həyatı üçün önəmlidir. Buna görə də, xəstəyə süni nəfəs vermək və onu təmiz havaya çıxarmaq vacibdir.
Dəm qazı - karbon monooksid yanacaq məhsularının tam yanmaması zamanı ortaya çıxır. Rəngsiz və qoxusuz olan bu qaz, daha çox qapalı məkanlarda təhlükəli olur. Hiss edilmədiyi üçün nəfəslə ağciyərlərə və qana daxil olur. Qanda oksigenlə birləşməli olan hemoqlobin, karbon monooksidlə - dəm qazı ilə birləşir və qan daha oksigen daşıya bilmir. Mütəxəssislərin fikrincə, bu proses oksigenləşmədən 300 dəfə daha sürətli baş verir. Və zəhərlənmiş şəxs nəfəs ala bilmir.
Həkim terapevt Xatirə Əhmədova bildirir ki, insan ürəyi hər atışında 200 ml qan vurur. Yəni, insan ürəyinin hər atışından dəm qazı bütün bədənə yayılır. Və xəstəyə ilkin yardım göstərilmədiyi təqdirdə, o, tez bir zamanda boğulub dünyasını dəyişir.
Dəm qazından zəhərlənməni çox zaman zəhərlənən şəxs hiss etmir. Bəzən o qədər güclü ola bilir ki, zəhərlənən şəxs sadəcə yuxuya getdiyini düşünür.
“Təsəvvür edin ki, dəm qazından zəhərlənmə halı daha çox hamam otaqlarında baş verir. Bir şəxs hamam otağında nə qədər qala bilir? Uzağı 20-30 dəqiqə və müddət onu öldürməyə bəs edir” - deyən həkim, dəm qazından zəhərlənmə zamanı ilkin olaraq xəstənin açıq və təmiz havaya çıxarılmasını, daha sonra isə, süni tənəffüs verilməsini tövsiyyə edir.
Dəm qazı zəhərlənməsi nə zaman və harda baş verir?
Hamam otaqlarında nəfəsliklər olmadıqda, standarta uyğun olmayan qaz sobalarından istifadə zamanı, tüstü bacalarının yaxşı işləməməsi zamanı, sobada və ya bacada nasazlıqların olması zamanı baş verə bilir. Bununla yanaşı, qapalı məkanlarda avtomobilin mühərriki işləyən zaman ağzı bağlı kabinədə qalan zaman dəm qazı ilə zəhərlənmə baş verə bilər.
Dəm qazının qurbanı olmamaq üçün qış mövsümü başlamazdan əvvəl istifadə olunacaq cihazlar və bacalar yoxlanılmalıdır.
Hamam otaqlarında nəfəsliklər, ventilyasiya borusu və qapılarının altında dəliklər olmalıdır. Ümumiyyətlə, tüstü bacaları dam örtüyündən 70 sm hündürlükdə olmalıdır.
Qeyd edək ki, dəm qazı ilə zəhərlənən şəxs, özünə yardım edə bilmir. Buna görə də ölüm halı baş verir.
İlahin, Bizimyol.info