Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
"Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"

"Mənə zəng eləyib dedi ki, bacıoğlu, bizim icra başçısından nə istəyirsən?"

Şantajla pul tələb etməkdə ittiham olunan Ata Abdullayevin məhkəməsi davam edir. O, hədə-qorxu gəldiyi zərərçəkmişlərdən birindən - Elmar Əliyevdən "iPhone" markalı telefon almaqda ittiham olunur. Zərərçəkmiş deyir ki, onun tələb etdiyi telefonu dostu Ziya Məmmədov vasitəsilə göndərib.

Ziya Məmmədov bu iş üzrə istintaq dövründə DTX-da dindirilsə də, məhkəməyə gəlməyib. Bu səbəbdən ötən iclasda onun haqqında məcburi gətirilmə qərarı çıxarılmışdı. Buna baxmayaraq o, dekabrın 7-də keçirilən məhkəmə iclasına da gəlməyib.

Bizimyol.info xəbər verir ki, buna Ata Abdullayevin vəkili Telman Talıbov etiraz edib. Çünki istintaqa ifadəsində Ziya Məmmədov təqsirləndirilən şəxsə “iPhone” markalı telefon verdiyini bildirmişdi. Vəkil onun məhkəməyə məhz bu iddiaya görə gəlməli olduğunu deyib: “Bu işdə yeganə adamdır ki, təqsirləndirilən şəxsə nə isə verdiyini deyir. Onun ifadə verməsi bizim üçün vacibdir. Xahiş edirik, məcburi gətirilmə qərarı icra olunsun”.

Ata Abdullayev də Ziya Məmmədovun məhkəməyə gətirilməsini xahiş edib: “Mənə telefonu hədiyyə verən Ziyadır. Deməli, bunu Ziyaya qaytarmalıyam. Xahiş edirəm, məhkəməyə gəlsin”.

Bundan sonra Ata Abdullayevin sərbəst ifadəsi dinlənilib. Təqsirləndirilən heç kimdən pul almadığını deyib: "Mənim 2 min videom var, bunların isə 1594-ü cənab prezident, onun  gördüyü işlərlə bağlıdır. Bir neçəsi Kamran Əliyev, məhkəmə-hüquq islahatları haqqındadır. Təxminən 500-ə qədəri isə sosial problemlər barədədir. Telefonum daim açıq olurdu. Mənə şikayətlər gəlirdi. Əvvəlcə zərərçəkmiş kimi tanınan Elmar Əliyev barədə danışmaq istəyirəm. Guya ondan 2019-cu ildə pul istəmişəm. Yalandır. Mən həmin vaxt ailəmlə Misirdə istirahətdə olmuşam. Mənə Tural adlı şəxs müraciət etdi ki, şəriki Elmar onu döyüb. Bununla bağlı video da göstərdi, işə obyektiv baxılmadığını dedi. Jurnalistin əsas prinsipi qarşı tərəfin mövqeyini öyrənməkdir. Buna görə də mən Elmara zəng etdim. Ondan həm Turalı döyməsi, həm də Atletlər kəndindəki avadanlıqların satılması barədə soruşdum. Elmar həmin vaxt məni təhqir etdi.  Bir qədər sonra vəkil Adil İsmayılovdan zəng gəldi. Mənə dedi ki, “məni tanıyırsan sən? Get, ağlını başına yığ”. Sonra yenidən Elmar mənə zəng etdi. Turala kömək məqsədi ilə Xətai rayon polis idarəsi ilə əlaqə saxladım. Beş-on gün sonra dostum Ziya zəng etdi ki, görüşmək istəyir. Mənə dedi ki, “Elmar dostumdur, onu bağışla”. Mən də dedim ki, o adamı döyüb, mənim də ölümü-dirimi söyüb. Ziya yenə də xahiş etdi ki, onu bağışlayım. Sonra telefonumun ekranının sınıq olduğunu gördü. Mənə dedi ki, sənə telefon alacam. İki-üç gün sonra zəng etdi ki, gəl sənə telefon verim. Vaxtım olmadığına görə qonşunu göndərdim. Həmin telefon da bir neçə gün evdə qaldı, sonra satıb “iPhone 12” aldım”.

Ata Abdullayev Masazırın icra nümayəndəsi Şahlar Həsənovdan 10 min manat tələb etməsi barədə iddiadan da danışıb: "Tək Masazırda yox, Abşeronun çox yerlərində çəkilişim olub. Masazırda zibillərin daşınması ilə bağlı vəziyyət çox acınacaqlı idi. Zibil qutuları qoyulmurdu. Olanların da təkərləri yox idi, normal qaydada daşınsın. Natəmizlik hökm sürürdü. Hətta çox yüksək rütbəli şəxslərə də həmin yerin ünvanını atmışam. Sonra oranı təmizlədilər, gedib onu da çəkdim. Onda Şahlar Həsənov mənə nömrəsini verdi. Mənim maşınımda 360 dərəcəli kamera var. O kameralarla çəkdiklərimi kartlarda saxlayırdım. Kartları gətirib burda baxsaz görərsiniz ki, Şahlar Həsənov mənimlə nələr danışıb. Mənə zəng edib deyirdi ki, “bacıoğlu, sənin bizim başçı ilə nə işin var?”. Cavab verirdim ki, başçı dövlət tərəfindən təyin olunmuş şəxsdir, mənim onunla nə işim var?! Sonra 15 gün ərzində zibil qutuları yeniləndi. Onu da qeyd etdim ki, Abşeron icra başçısı sağ olsun. Heç kimə deməmişəm ki, mənə pul ver”.

Ata Abdullayev hər bir insan kimi səhvlərə yol verdiyini deyib: “Buna görə cənab prezident qarşısında, Mehriban xanım qarşısında üzr istəyirəm”.

Ata Abdullayevin dediyinə görə, mənzil-istismar sahəsi onun haqqında mənfi xasiyyətnamə verib. Ondan qonşuların şikayətçi olduğu bildirilib.

“Xahiş edirəm, mənim 65 nəfər qonşumu çağırıb məhkəmədə dindirin. Bütün  qonşularım da vəzifəli şəxslərdir. Onlar məndən şikayətçi olsalar, heç nə deməyəcəm”.

Proses dekabrın 14-də davam edəcək.

Ata Abdullayevi 2021-ci il martın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham olunur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »