Son günlərdə sənəti və işlədiyi sahə üzrə tanınan şəxslərin bəziləri mobil telefon nömrələrinin yayılmasından, jurnalistlərin bir-birləri ilə bölüşməsindən narahatlıq duyduqlarını dilə gətirir, hətta media işçilərinə hədə-qorxu gəlməyə çalışırlar.
Maraqlısı ondadır ki, həmin tanınmış müğənni və ya aktyorlar toylara, məclislərə sifariş tutmaq üçün öz şəxsi sosial şəbəkə hesablarında əlaqə nömrələriтш açıq-aşkar qeyd edirlər və məclis sahiblərinin onlarla əlaqə saxlamasından nəinki narahat olmurlar, əksinə, buna can atırlar.
Tanınmış şəxslərin əlaqə vasitələri sirr hesab olunurmu? Bu şəxslərin mobil telefon nömrələrini başqa şəxslərə, xüsusən də jurnalistlərə verilməsinə görə hansısa hüquqi məsuliyyət varmı?
Məsələ ilə bağlı Bizimyol.info-nun suallarını cavablandıran vəkil Aqil Layıc bildirib ki, tanınmış şəxslərin telefon nömrələrinin paylanılması normal haldır. Onun sözlərinə görə, onların şəxsi həyətları digər şəxslərlə nisbətdə (tanınmayan, ictimai xadim olmayan) daha az qorunur.

“Ona görə də şəxslər siyasi, aktyorluq, müğənnilik və s. fəaliyyəti ilə təcəssüm olunubsa, onların nömrələrinin paylanılmasında, bölüşülməsində heç bir problem yoxdur. Hətta onların şəkilləri, hərəkətləri belə ictimai müzakirələrə səbəb ola bilər”.
Vəkil vurğulayır ki, ümumiyyətlə əlaqə vasitəslərinin yayılması özlüyündə məsuliyyətə səbəb olan hal deyil. “Bu məsələ onun şəxsi həyatının qorunma arealına daxil deyil. Amma adi şəxslərdən fərqli olaraq, həmin şəxsə xidmət göstərən insanlar bunu edə bilməzlər. Məsələn, tanınmış şəxs olsa belə, həmin vətəndaşın bankda əlaqə nömrələri varsa, bank işçiləri onu yaya bilməz. Çünki ona xidmət göstərən şəxslərdir”,- deyə bildirib.
Leyla Mirzə, Bizimyol.info