Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”

“Əgər xarabsa maya, nə ar bilər, nə həya” - Cəlaləddin Rumi

Biləcəri qəsəbəsində yaşayan sakinlərin bir qismi Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin vergi toplamaq üçün “icad” etdiyi texnologiyalardan artıq təngə gəliblər. Bu qəsəbədə tikilən evlərin çoxu sənədsiz tikililər olduğundan burada yaşayan sakinlərin yaşayış yerləri ilə bağlı problemləri bitib-tükənmək bilmir.

Biləcəri Bələdiyyəsinin bildirişi Biləcəri Bələdiyyəsinin qanunsuz bildirişi

Belə ki, içində heç bir məna çaları olmayan, nöqtə-vergülünün harada başlayıb, harada bitdiyi naməlum olan, sözlərin necə gəldi düzüldüyü bildiriş qəbzləri iki gündən bir sakinlərin qapılarının arasından soxuşdurulur. Şəkildə gördüyünüz bildirişdə 3 maraqlı məqam var:

- “Prezident Administrasiyasının sərəncamı” ifadəsi lətifə kimi bir şeydir. Administrasiya ölkə boyunca hüquqi qüvvə daşıyan qanunvericilik sənədləri imzalamır.

- “Prezidentin sərəncamı” yazılsaydı, ifadə yerinə düşərdi, amma o tarixdə, ö nəmrədə uyğun bir Prezident sərəncamı ümumiyyətlə, yoxdur.

- Azərbaycanda hazırda “Dövlət Əmlak Komitəsi” adlı bir qurum yoxdur, ləğv edilib və yerinə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yaradılıb.

Beləliklə, həmin bildirişlərdən birini uzun-uzadı bir neçə dəfə oxuyandan sonra məlum oldu ki, qəbzdə vətəndaşlardan sənədsiz evlərin və altındakı torpaq sahələrinin torpaq vergisinə görə ödəniş çekləri tələb olunur ki, bu çeklər hansısa ekspert komissiyasına təqdim olunsun və beləliklə, bölgədə nə qədər sənədsiz evin olduğu müəyyənləşdirilərək “kupça” verilməsi üçün aidiyyatı üzrə iş aparılsın. Sakinlr isə daha əvvəlki deyil – başa düşürlər ki, bütün bunlar “vergi” adı ilə pul almaq üçün düşünülmüş “sonuncu fırıldaq”dır. Yəni burada məqsəd evlərə “kupça” verilməsi deyil. Sadəcə, “kupça” adı ilə camaatı “qanunsuz vergi”lərə şirnikləndirməkdir.

Qeyd edək ki, Dövlət Vergi Xidməti Biləcəri Bələdiyyəsini vergi öhdəliklərini yerinə yetirmədiyinə görə məhkəməyə verib. Bələdiyyə də o gündən bu yana düşüb sakinlərin üstünə vergi tələb edir. Amma hansı əsasla?

Görəsən, sənədsiz torpaq sahəsi üzərində inşa edilmiş sənədsiz tikilidə yaşayan vətəndaş hansı torpaq vergisini ödəməlidir? Belə anladım ki, adına “vergi” deyilən məlum fəaliyyətin icrası üçün heç bir sənədə ehtiyac duyulmur. Vətəndaş Bələfiyyəyə deyir ki, gəlin torpaq sahəsinə sərəncam verərək mülkiyyətimə keçirin, mən də həvəslə vergisini ödəyim. Bələdiyyə deyir ki, 2005-ci ildən bu yana bizə sərəncam verməyi qadağan ediblər. Vətəndaş da qayıdırb soruşur ki, ay Bələdiyyə, üzərində sərəncam hüququn olmayan torpaq sahəsinə görə hansı üzlə vergi istəyirsən. Burada proses dalana dirənir.

Bundan əlavə, üzərində hansı orqana məxsus olduğu bilinməyən möhürsüz, loqosuz, rəmzsiz bu qəbzin üzrərində maraqlı bir sərəncam nömrəsi də qeyd olunub və bildirilir ki, bu sərəncam Prezident Administrasiyası tərəfindən imzalanıb: “Biləcəri Bələdiyyəsi nəzərinizə çatdırır ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının 13.05.2019-cu il tarixli, 37 nömrəli sərəncamına əsasən,..”

İlk növbədə, belə bir sərəncamın mövcudluğunu araşdırmaq üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəyini öyrənmək istədim. Məsələ ilə bağlı Nazirliyin mətbuat katibi Abbas Əliyev bildirdi ki, bu, vergiyə aid məsələdir və qəbzə baxılıb haqqında müəyyən məlumat veriləcək.

Daha sonra Əmlak Məsələləri Dövlət Xidməti ilə əlaqə saxladım. Dövlət Xidmətindən bildirildi ki, 37 nömrəli sərəncam barədə hər hansısa məlumat onlarda yoxdur: “ 37 nömrəli sərəncam barədə hər hansısa məlumat bildirə bilməyəcəyik. Ancaq onu deyə bilərik ki, Prezidentin müvafiq tapşırığına əsasən, 27 iyun 2019-cu il tarixində “Tədbirlər Planı” təsdiq edilib. Bu tədbirlər planında sadəcə olaraq təsdiq olunub ki, Respublika üzərində nə qədər sənədsiz tikililər varsa, onlar barədə statistik məlumatlar dəqiqləşdirilsin. Çünki bu vətəndaşlar özəlləşdirmədə problem yaşayırlar. Ancaq qeyd etdiyiniz tarixdə qəbul edilmiş 37 nömrəli sərəncam haqqında məlumatımız yoxdur”,– deyə Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Bildiriş qəbzinin üzərində adı və əlaqə nömrəsi qeyd olunan Bələdiyyə Gəlirləri və Yerli Vergilər Şöbəsinin Ərazi üzrə Müfəttişi Gündüz Pirəliyevlə əlaqə saxladım. Onunla apardığım söhbətdən belə məlum oldu ki, Gündüz bəy üzərində adının və nömrəsinin qeyd edildiyi bu bildiriş qəbzindəki saxta sərəncam tarixindən və nömrəsindən xəbərsizdir: “Biz o məlumatları bizə verilmiş blank əsasında yazırıq. Bizdə blankın üzərində həmin sərəncamın nömrəsi və tarixi qeyd olunub”.

Elə müfəttişlə apardığım kiçik dialoqu oxucularımızın da nəzərinə çatdırmağı uyğun gördüm:

- O, hansı blankdır, Gündüz müəllim?

- Bu blankı bizə iki ildir veriblər, biz də ona uyğun qəbz hazırlamışıq.

- Sizə blank veriblərsə, elə o blanka uyğun gəlsin deyə necə gəldi qəbz hazırlayıb verə bilməzsiniz axı. Mənim sizə sualım belədir: 13.05.2019-cu il tarixdə 37 nömrəli sərəncam deyə bir qanunvericilik sənədi yoxdur. Olmayan bir qanuna dayanıb necə qəbz hazırlayırsınız?

- Ola bilər, burada yanlışlığa yol veriblər... İki ildir biz bu qəbzi hazırlayıb veririk, indi sizin savadınız çatıb həmin qəbzi sorğulayırsınız. İndi ola bilsin, burada texniki səhvə yol verilib. İki ildir ki, bu qəbzdən paylanılır.

- Bu, texniki səhv deyil axı. Mən indi bununla əlaqədar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əlaqə saxladım. Orda aydın oldu ki, belə bir tarixli, nömrəli sərəncam haqqında heç bir məlumat yoxdur. Daha sonra bu barədə “e-qanun”dan müəyyən araşdırma etdim və orda da belə bir sərəncam qarşıma çıxmadı. İndi siz deyirsiniz, ola bilsin, texniki xəta olub. Bildirişin üzərinə sizin ad-soyadınız, əlaqə nömrəniz yazılır. Həmin qəbzi heç özünüz oxumusunuzmu?

- Burda 15 müfəttişlik var, hərəsinin öz ərazisi var. Mənim də ərazimə altında mənim adım, nömrəm yazılan qəbz verilib.

- Gündüz bəy, siz ad-soyadınızın, nömrənizin qeyd edildiyi qəbzi oxumalısınız ki, görəsən, burda nə yazılıb? Mövcud olmayan, uydurma bir “sərəncam”a dayanmağın özü də elə bir qanun pozuntusudur. Bunun fərqindəsinizmi?

- Mən öz şöbə müdirimizə bu haqda bildirəcəyəm, qoy, həmin xətaya düzəliş edilsin... Yenə deyirəm, ola bilsin, texniki xəta baş verib... Sizə minnətdaram ki, bu barədə məlumat verdiniz. Mən öz abır-həyamı qoruyan adamam...

Müfəttiş Gündüz bəyin həqiqətən abırlı adam olduğuna heç bir şübhəm yoxdur. O, nöqsanları səmimi şəkildə qəbul etdi və bunun düzəldilməsi üçün rəhbərliyinə müraciət edəcəyini bildirdi. Yaxşı, bəs üzərində yanlış sərəncam tarixinin, nömrəsinin yazıldığı blankı onun qarşısına qoyan, iki ildir israr edənlər kimlərdir? Ümumiyyətlə, Bələdiyyə sədri Etibar Cabbarov bunu necə izah edə bilər?

Görünən odur, müfəttiş vəzifəsinə təyin olunan şəxsin özünün, təmsil etdiyi orqanın özünün elə müfəttişə, təftişə ehtiyacı var. Elə bununla yanaşı, həm də vətəndaşlarla, yerli sakinlərlə münasibətdə, yazılı və şifahi söhbətlərdə özünü ifadə edə biləcək, işinin əhli olan doğru-düzgün kadrlara ehtiyac var.

Nəticə olaraq, əgər öz vəzifələrini icra edən bələdiyyə rəhbərliyi öz işlərini savadlı şəkildə görmüş olsaydı, yəqin ki, indi qapı arasından soxuşdurulan həmin qəbzlərin nə “təfsiri”nə, nə də içində qeyd olunan əsassız sərəncamın araşdırılmasına ehtiyac qalardı. Ümumiyyətlə, bu bildiriş kağızlarının paylanılmasının doğru olmadığı anlaşılardı. Bir halda ki, torpaqlar sənədsizdir, onlar necə torpaq vergisi verə bilərlər? Sənədi olmayan tikilinin sahibi həmin “vergi”ni kimin cibinə ötürüb qəbz almalıdır? Bələdiyyə sədrinin, ya heç nədən xəbəri olmayan müfəttişin?..

Bu arada bəzən vətəndaşlardan ev tikilən tarixdən bu yana torpaq vergisi istənilir. Əvvəla, qanunvericiliyə görə, üzərindən 3 ildən artıq keçmiş vergi öhdəliyinin icrası heç kimdən tələb edilə bilməz. İkincisi isə, hətta vətəndaş bunu da sorğulaya və vergi öhdəliyinin yalnız mülkiyyət hüququna dair sənədləşmə aparıldırdan sonra yarandığını iddia edə bilər. Başqa sözlə, öncə dövlət vətəndaşın Konstitusiya ilə təsbit edilən mülkiyyət hüququnu tanımalıdır ki, vətəndaş da dövlətin əmlak və torpaq vergilərini tanısın.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »