Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tofiq Yaqublu: “Başımdan torbanı çıxartdılar, şəklimi çəkdilər, kiməsə göndərdilər”
Tofiq Yaqublu: “Başımdan torbanı çıxartdılar, şəklimi çəkdilər, kiməsə göndərdilər”

Dekabrın 1-də paytaxtın Fəvvarələr meydanında saxlanılaraq 39-cu polis bölməsinə aparılan siyasi fəal Tofiq Yaqublunun orada, eləcə də daha sonra Ələt qəsəbəsinə aparılarkən yolda başına torba keçirilib döyülməsilə bağlı şikayəti Səbail rayon prokurorluğunda araşdırılır.

Bizimyol.info xəbər verir ki, prokurorluqda 4 saata yaxın müddətdə Tofiq Yaqublunun izahatı alınıb, daha sonra müstəntiq onunla birlikdə Ələt qəsəbəsində düşürüldüyü yerə gedib, hadisə yerinin müayinəsi aparılıb.

Amma Tofiq Yaqublu bu məsələnin obyektiv araşdırılacağına, onu döyənlərin cəzalandırılacağına inanmır. Hesab edir ki, bütün bu prosessual hərəkətlər işin araşdırılması görüntüsü yaratmaq üçündür, məqsəd ona qarşı cinayət törədənləri cəzalandırmaq deyil: “Prokurorluğa hadisənin ertəsi gün biz şikayət etdik. Halbuki, prokurorluq öz təşəbbüsüylə də araşdırmalara başlaya bilərdi. Mənim o vəziyyətdə şəklim sosial mediada yayılmışdı, bütün cəmiyyət xəbərdar idi. Bir gün sonra məni vəkilimlə birlikdə prokurorluöa çağırdılar. Prokurorun köməkçisi dindirdi. Ona əvvəldən də dedim ki, bu məsələ sizin iradənizə bağlı deyil, axırda yazacaqsınız ki, “deyilənlər sübuta yetirilmədi. Çünki əks halda, bu cinayətin sifarişini verənlər də, onu icra edənlər də cəzalandırılmalıdır. Siz isə bunu edə bilməzsiniz. Məndən soruşur ki, sizi döyənlərin adları, sifətləri yadınızda qalıbmı? Cavab verirəm ki, özünüzü niyə dağa-daşa salırsınız, mənim necə aparıldığımı əks etdirən videogörüntülər var. Polis bölməsində də onlarla videokamera var. Bölmədən video görüntüləri alın, baxın ki, məni ora gətirənlər kimlər olub, oradan hansı vəziyyətdə çıxarılmışam, yanımda kimlər olub...”

Tofiq Yaqubunun sözlərinə görə, prokurorluq onu tibbi ekspertizaya göndərib. Ekspert onu vizual müayinə edib. Siyasi fəalın sözlərinə görə, hələ ki, onun döyülməsiylə bağlı cinayət işi başlanmayıb.

Tofiq Yaqublu baş verənləri “yırtıcılıq”, “timsah, kaftar düşüncəsi” adlandırıb. O, hadisə günü necə saxlanması və sonradan olanlar haqda da danışıb: “Heç bir günahı olmadan, şərlənib həbsə atılmış Saleh Rüstəmli bir aydır ki, aclıq edir. Onun aclığının 26-cı günündə ictimai fəallar dinc etiraz aksiyası təyin eləmişdilər. Adam ölür, biz cəmiyyət olaraq, onun səsinə səs verməliyik. Günorta saat 3-də Fəvvarələr meydanına daxil olmuşam, heç bir dəqiqə olmadım orada. Canlı reportajlardan da görünür ki, heç bir fəallıq eləmişəm, şüar səsləndirməmişəm. Elə dayandığım yerdə qəfildən arxadan hücum edib apardılar. 39-cu bölməyə gətirib, nəsə yazdılar, sonra məni bir otağa saldılar, digərlərindən ayırdılar. Bir nəfər kapitan vardı, onun otağında idim. 10-15 dəqiqədən sonra bir nəfər mülki geyimli gəldi. Kapitanla danışıqdan başa düşdüm ki, gələn də polisdir, amma bu bölmənin əməkdaşı deyil. Məni o otaqdan çıxarıb, üzbəüzdə yerləşən başqa otağa itələdi. Yarıqaranlıq otaq idi. Xidməti kabinetə bənzəmirdi. Mən nə baş verəcəyini artıq ehtimal edirdim. İçəri girən kimi məni döyməyə başladılar. Qollarımı qandallamaq, başıma torba keçirmək istəyəndə müqavimət göstərdim. Amma bağladılar, başıma polietilen torba keçirdilər. Hava çatmırdı, durmadan zərbə endirirdilər. Torbanı da kip bağlamışdılar. Dişimlə torbanı didərək, nəfəs almağa çalışırdım. Bir müddət sonra məni bölmədən çıxarıb, bir maşına mindirdilər. Əllərim qandallı vəziyyətdə, başımda da torba vardı deyə, avtomobilin markasını görmədim. Maşında başımı aşağı sıxıb, təhqir edə-edə, döyə-döyə aparırdılar. Hiss elədim ki, maşın düz yola çıxdı, düşündüm ki, artıq şəhərdən kənarlaşır, magistral yoldur. Tələb edirdilər ki, siyasətdən əl çəkim. Bunları otaqda döyəndə də deyirdilər. Yolboyu tez-tez zəng gəlirdi. Danışıqlardan hiss olunurdu ki, mənimlə bağlıdır. Yolda saxladılar, başımdan torbanı çıxartdılar. Şəklimi çəkdilər, kiməsə göndərdilər. Bir neçə dəqiqə gözlədik. Sonra başıma yenə torba keçirdilər. Başımı aşağı sıxaraq, yola davam elədik. Yenə təhqirlər, döymələr. Bir müddət gedəndən sonra məni düşürüb başımdan torbanı çıxaranda gördüm ki, körpünün altıdır. Düşürən kimi maşının arxa hissəsinə söykədilər. Orada sifətimə, başıma ardıcıl zərbələr endirdilər. Qollarım qandallı vəziyyətdə, necə gəldi vururdular. Ayaq üstdə dayanmaq mümkün deyildi. Dizlərim boşaldı, yerə düşdüm. Döyəndən sonra yenə şəklimi çəkdilər. Yenə maşına mindirdilər. yenə telefonla danışırdılar...”

Tofiq Yaqublunun sözlərinə görə, bir müddət də gedəndən sonra onu Ələtdə kənar bir yerdə düşürüblər. Ələt olduğunu isə bir işığın izi ilə gedib tapdığı mağazada öyrənib: “Məni qoyub gedəndə qandalı əllərimdən çox çətinliklə açdılar. Çox sıxmışdılar. Gözümü açanda gördüm ki, yaşayış məntəqələrindən kənar bir yerdir. Düşündüm ki, məni öldürəcəklər. Meyit tapılanda qolunda qandal görünməsin deyə açırlar. Üzümə baxıb gülürdülər. Sanki çox yaxşı iş görüblər. Gözlərimə, başıma o qədər zərbə vurmuşdular ki, gözlərim açılmırdı. Aydın görə bilmirdim. Marketin işığı ətrafa yayıldığına görə çətinliklə də olsa, işığa tərəf getdim, çatanda gördüm ki, marketdir. Əlimlə gözümü araladım. Dedim ki, telefon lazımdı, nömrəni dedim, yığdı, Nigara zəng elədim. O adamdan öyrəndim ki, Ələt qəsəbəsidir...”

Daxili İşlər Nazirliyi isə Tofiq Yaqublunun 39-cu polis bölməsində və sonradan yolda polislər tərəfindən işgəncəyə məruz qalması haqda deyilənləri təkzib edib.

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Səidə Qocamanlı bildirib ki, qrupun digər üzvləri  Novella Cəfəroğlu və Səadət Bənənyarlı ilə dekabrın 3-də Daxili İşlər naziri Vilayət Eyvazovla görüşdə Tofiq Yaqublunun döyülməsi məsələsini də müzakirə ediblər. Onun sözlərinə görə, nazir siyasi fəalın polislər tərəfindən zorakılığa məruz qalmasını istisna edib: “Bununla belə, Tofiq Yaqublunun şikayətinin prokurorluq orqanları tərəfindən araşdırıldığını dedi, nəticələri gözləməyi məsləhət gördü”.

Bu məsələyə münasibət bildirən Tofiq Yaqublu deyib ki, Daxili İşlər Nazirliyindən fərqli mövqe gözləmirdi. Onun sözlərinə görə, bundan əvvəl – 19 oktyabr 2019-cu ildə Milli Şuranın mitinqi zamanı saxlanılaraq, Nəsimi rayon Polis İdarəsində işgəncələrə məruz qalanda da nazirlik eyni mövqe nümayiş etdirmişdi:

“Kamera görüntüləri ortadadır, hamı görür ki, onun polisləri məni aparanda hansı vəziyyətdə olmuşam. Əgər yalan danışmırlarsa, buyursunlar, mənim bölməyə necə daxil olduğumu və oradan necə çıxdığımı əks etdirən videogörüntüləri ortaya qoysunlar. Məsələ bu cinayətin mənə qarşı törədilməsi deyil. Hətta cinayətkara qarşı da belə bir əməl utancdır. Çünki insanların təhlükəsizliyinə cavabdeh adamlar insanlara işgəncə verir, cinayət törədir, üstəlik, də yalan danışırlar”.

Bizimyol.info

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
Son xəbərlər
Bütün xəbərlər »