Nüfuzlu "Financial Times", "Bloomberg", "Associated Press" və "Washington Post" nəşrləri günü-gündən gərginləşən Rusiya-Ukrayna münasibətləri ilə bağlı kəşfiyyat xarakterli yeni məlumat açıqlayıblar. Onlar iddia edirlər ki, Rusiya 2022-ci ilin əvvəlində Ukraynaya 175 minlik ordu ilə hücum edə bilər. Hətta Almaniyanın məşhur "Bild" nəşri Rusiya prezidenti Vladimir Putinin Ukraynaya 4 etaplı hücum planı xəritəsi yayımlayıb. Belə ki, Kiyev ələ keçirilir və Rusiya ordusu Belarus ərazisindən Ukraynaya tanklarla daxil olunur.
Yayılan məlumatlara münasibətini açıqlayan politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu məlumatların ABŞ kəşfiyyatı tərəfindən qəsdən yayıldığı barədə iddialar səsləndirildiyini diqqətə çatdırdı. Bu məsələni şərh etməyin bir qədər çətin olduğunu deyən politoloq düşünür ki, bu baş versə, Rusiya böyük bir səhvə yol verəcək: "Rusiya ordusu Kiyevi tuta bilər. Ancaq bu, o demək deyil ki, orada yaşayan insanlar bu işğalı qəbul edəcəklər. Bu baxımdan bu hadisə avantüraya oxşayan layihəyə çevriləcək".

Son dövrlərdə həm Moskva, həm də Kiyev tərəfindən iki ölkə münasibətlərinin daha da kəskinləşdiyini söyləyən müsahibimizin sözlərinə görə, artıq hər iki tərəf bir-birini düşmən kimi görməyə başlayıb: "Bu da münaqişənin daha da gərginləşməsinə səbəb olacaq. Çünki, hansısa ölkəni işğal etməklə, münasibətləri düzəltmək mümkün deyil. Həm dini, həm də milli baxımdan bir-biri ilə bağlı olan iki slavyan dövləti bütün problemləri siyasi yolla həll etməlidirlər. Hərbi yol, münaqişənin həlli yolu deyil".
Məlumdur ki, Azərbaycan hər iki ölkə ilə bir çox sahədə çox yüksək səviyyədə əlaqələrə malikdir. Münaqişə baş verəcəyi təqdirdə, Azərbaycana siyasi müstəvidə və iqtisadi sahələrdə hansı təsirlərə səbəb olacaq?
T.Zülfüqarov, bu münaqişənin tək Azərbaycana deyil, digər ölkələrə də mənfi təsir göstərəcəyini qeyd etdi. Dünyanın heç bir ölkəsinin nəinki Donbasdakı, eləcə də Luqanskdakı qurumları tanımadığını deyən həmsöhbətimizin sözlərinə görə, hətta Krımın Rusiya birləşməsini tanıyan ölkələrin sayı çox azdır: "Azərbaycanın bu məsələyə öz mövqeyini bildirən ilk dövlətlər sırasında olacağını güman etmirəm. Hər iki tərəfdən gərginliyin bu qədər artırılması ilk dəfə baş vermir. Hətta bu problemin süni şəkildə baş verdiyi təəssüratı da yaradılır. Cari ilin əvvəlində də belə bir vəziyyət yaradılmışdı. Buna nəzər salsaq, Türkiyənin də bu məsələdə fəal olduğunu görərik. Hesab edirəm ki, gərginliyin aradan qalxması üçün hər iki tərəfdən səylər göstəriləcək".
Azərbaycanın da münaqişənin həlli üçün öz imkanlarını ortaya qoyacağını söyləyən eks-nazir düşünür ki, rəsmi Bakının hansısa tərəfi tutması elə də vacib deyil: "Dövlətimiz həm Rusiya, həm də Ukrayna ilə yüksək səviyyəli münasibətilərə malikdir. Rəsmi Bakı bir neçə dəfə böyük beynəlxalq tədbirlərdə mövqeyini bildirib. Əsas məsələ odur ki, hansısa tərəfdə olmağın özü də bir taktikadir. Digər taktika ondan ibarətdir ki, yaxşı münasibətlərdən istifadə edərkən gərginliyi aradan götürmək üçün bütün səyləri ortaya qoymaq və tərəflərə münaqişənin həlli üçün kömək etmək lazımdır".

Milli Məclisin deputatı, siyasi analitik Arzu Nağıyev isə düşünür ki, son dövrlərdə böyük güclər beynəlxalq hüququ üstələyib: "Buna görə də NATO ilə Rusiya arasında soyuq müharibə davam edir. Məlumdur ki, Qərb və NATO Ukraynaya birmənalı şəkildə hərtərəfli dəstək göstərir. Hazırda Rusiyanı "Anakonda planı" deyilən taktika ilə sıxmağa cəhd edirlər. Moskva çox yaxşı başa düşür ki, məhz Donbas məsələsində hansısa güzəştə getsə, NATO-nun sərhəddi Rusiyaya çatacaq. Buna görə də Donbas və Krım ərazisini bufer zona kimi nəzarətində saxlamağa çalışır. Düşünürəm ki, münaqişənin səngiməsi üçün Conn Baydenlə Vladimir Putin arasında telefon danışığı olmalıdır. Bu görüşdən sonra gərginlik müəyyən səngiyə bilər".
Problemin həddindən çox böyük olduğunu deyən ekspertin sözlərinə görə, Qərblə Rusiya arasındakı gərginlik hər an müharibəyə çevrilə bilər: "Hətta Rusiya ilə Ukrayna arasında böyük qarşıdurmaya səbəb olacaq. Təbii ki, hər bir regional problem qlobal münaqişəya çevrilə bilər. Hər hansısa lokal müharibə belə, regionda yerləşən digər dövlətlərin təhlükəsizliyinə böyük təhdiddir. Bu məsələdə Türkiyənin bir vasitəçi kimi iştirak etməsi məsələsi də var. Ankara, Putinlə Zelenski arasında vasitəçi kimi rol oynaya biləcəyini bəyan edib. Artıq bu məsələyə artıq aydınlıq gətirilməlidir. Əsas məsələ odur ki, soyuq müharibə qaynar müharibəyə çevrilməsin".
Tərəflər arasında böyük bir müharibənin başlanmasını istisna edən deputat, bununla belə, Donbas və Luqansk ərazilərində lokal müharibələrin qaçılmaz olduğu düşüncəsindədir: "Ümumiyyətlə, bu ərazilərdə lokal döyüşlər həmişə baş verir və atəşkəs barədə heç bir söhbət getmir. Əgər müharibə başlanarsa, sərhədlər baglana və iqtisadi problemlər yarana bilər".
Bu münaqişə ilə Azərbaycanın tərəf göstərməyə məcbur olmadığını düşünən müsahibimizin sözlərinə görə, dövlətimizin öz siyasi xətti var: "Azərbaycan heç vaxt iki daş arasında qalmayacaq. Baxmayaraq ki, bəzi qüvvələr ölkəmizi bu kimi münaqişələrə qatmağa cəhd edirlər. Bizim həm Ukrayna, həm də Rusiya ilə bir çox sahələrdə yaxşı münasibətilərimiz mövcuddur. Hətta NATO, İsrail, Türkiyə və bəzi Qərb dövlətləri ilə qarşılıqlı münasibətlərimiz davam edir. Azərbaycan, bu məsələdə də tərəfsizliyini qoruyub saxlayacaq. Ümumiyyətlə, Azərbaycanın bu məsələdə tərəf seçməsi məqsədəuyğun deyil".
Rövşən Ziya, Bizimyol.info