Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadınlar yüksək vəzifələrdə: Azərbaycanda vəziyyət necədir...
Qadınlar yüksək vəzifələrdə: Azərbaycanda vəziyyət necədir...

Almaniya hökumətinin Sol mərkəzçi Sosial Demokrat Partiyasından (SPD) olan yeni kansler Olaf Şolz kabinetin siyahısını açıqlayıb. SPD-dən olan təmsilçilər yeni kabinetdə əsas postlara namizəd göstərilib. Nensi Faezer Almaniyanın daxili işlər naziri postuna təyin olunub. O, bu posta təsdiqlənəcəyi halda N. Faezer ölkənin ilk qadın daxili işlər naziri olacaq.

Merkel hökumətində ədliyyə və ailə məsələləri üzrə nazir olan Kristin Lambrext, Müdafiə Nazirliyinə rəhbərlik edəcək. Əmək naziri postuna Hubertus Heil, Tikinti Məsələləri üzrə Nazirliyə Klara Geyvitz, İnkişaf naziri Svenja Şulz, Xarici İşlər Naziri Annalena Baerbok, İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinə vitse-kansler Robert Habek, Ailə İşləri Nazirliyinə Enn Şpigel, Ətraf Mühit Nazirliyinə Steffi Lemke təyin edilib. Qeyd edək ki, yeni kansler Olaf Şolzun əsas vədlərindən biri, yeni kabinetdə bərabər sayda kişi və qadın nazirlərin olması idi ki, artıq bu, təmin olunur.

Gender bərabərliyi baxımından Azərbaycanı Almaniya ilə müqayisə etmək yerinə düşməsə də, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin sözlərinə görə, ölkəmizdə bu sahədə müəyyən irəliləyişlər olsa da, hələ arzuolunan səviyyədə deyil.

“Gender bərabərliyinin işgüzar fəaliyyətə müsbət təsiri də artıq heç bir şübhə doğurmur. Bir sıra tədqiqatlar göstərir ki, qadınların karyera pilləsində rahat yüksəldiyi və rəhbər vəzifələrə təyin olunduğu şirkət və təşkilatlar öz sahələrində daha məhsuldar və səmərəli fəaliyyət göstərirlər”.

Bu barədə Dövlət İmtahan Komissiyasının idarə heyətinin sədri Məleykə Abbaszadə danışıb. O, qeyd edib ki, burada söhbət qadınlara hansısa imtiyaz verilməsindən yox, onların bacarıqlarının layiqincə qiymətləndirilməsindən gedir.

Məleykə Abbaszadə Məleykə Abbaszadə

“Məsələn, dövlət qulluğuna qəbul üzrə imtahan və müsahibələrdə hər iki cinsin nümayəndələrinin göstəriciləri bir-birinə yaxın olsa da, xüsusən rəhbər vəzifələrə təyinatda kişilərə üstünlük verilməsi bariz şəkildə nəzərə çarpır” - deyə sədr qeyd edib.

Rəsmi statistikaya görə, Dövlət Qulluqçularının Reyestrinə daxil edilmiş məlumatlara əsasən dövlət orqanlarında 24 min 562 nəfər çalışır. Və onlardan 7 min 336 nəfəri qadındır. İnzibati rəhbər vəzifələrdə çalışan dövlət qulluqçularından cəmi 533 nəfəri qadındır. Qadınlar daha çox inzibati icraçı vəzifələrdə çalışırlar. Yardımçı vəzifələrdə çalışan dövlət qulluqçularından da 2 min 157 nəfəri qadındır. Rəhbər vəzifələrə gəldikdə isə, Azərbaycanda nazir müavinlərindən cəmi 6-sı qadındır.

Ailə Qadın və Uşaq Problemləri Komitəsinin sədri, Dövlət İmtahan Mərkəzinin sədri və Azərbaycanda ombudsman qadındır. Qısacası rəsmi statistika da sübut edir ki, Azərbaycanda qadınlar dövlət qurumlarında, rəhbər vəzifələrdə daha az yer tutur.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »