“Amnistiya Aktı ilə ümumilikdə 1 921 şəxs artıq azadlığa buraxılıb”.
Bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın prokurorluq orqanları tərəfindən icra vəziyyətinə dair brifinqdə deyib.
“Bu rəqəmlər dinamik şəkildə dəyişir. İndiyədək 13 Amnistiya Aktı qəbul edilib. Hazırkı Amnistiya Aktının 16-17 min nəfərə tətbiq edilməsi nəzərdə tutulur. Bu Zəfər amnistiyasının təntənəsindən xəbər verir”, - o vurğulayıb.
E.Musayev bildirib ki, amnistiya aktı indiyədək 3448 kişi və 228 qadın məhkuma tətbiq edilib. Son bir ayda prokurorluq orqanları tərəfindən 53 şəxsə amnistiya aktı tətbiq edilib. İndiyədək amnistiya aktının icrası ən çox Bakı şəhərində həyata keçirilib. Aktın icra vəziyyəti Bakı şəhəri üzrə 58 faiz təşkil edir. Amnistiya aktını ən çox tətbiq edən müəssisə isə Bakı Şəhər Probasiya İdarəsidir.