Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ali Məhkəmə cəza növünü dəyişə bilər" - Saleh Rüstəmovun işi
"Ali Məhkəmə cəza növünü dəyişə bilər" - Saleh Rüstəmovun işi

Bir qrup QHT və media rəhbərləri, hüquq müdafiəçiləri hazırda həbsdə olan, Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi proseslərinin və birinci Qarabağ müharibəsinin fəal iştirakçısı olmuş, Başkəndin azad edilməsində müstəsna rol oynamış Saleh Rüstəmovla bağlı Prezidentə müraciət edib.

Bu barədə fikirlərini açıqlayan Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev müraciətin ünvana çatdırıldığını söylədi.

Əliməmməd Nuriyev Əliməmməd Nuriyev

Cəmiyyətin müxtəlif təbəqələrindən də bununla bağlı müraciətlərin edildiyini deyən müsahibimiz, noyabrın 30-da bir neçə hüquq müdafiəçisi ilə birlikdə cəzaçəkmə müəssisəsində Saleh Rüstəmovla görüşdüyünü də diqqətə çatdırdı: "Ədliyyə Nazirliyi bu görüşə yaxından dəstək göstərdi. Onunla təkbətək görüşdə ətraflı müzakirələr aparıldı.

Bildiyimiz kimi, o, noyabrın 7-də başladığı aclıq aksiyasını hazırda davam etdirir. Bu müddətdə xeyli çəki itirib. Müalicə müəssisəsində ona ayrıca palata ayrılıb və daim həkimlərin nəzarətində saxlanılır. Tez-tez analizlər götürülür və sistemlər köçürülür və müxtəlif vitaminlər vurulur. Onun yeganə fikri odur ki, tezliklə azadlığa çıxsın və ailəsinin yanına qayıtsın. Biz ona aksiyanı dayandırmasını təklif etdik və aksiyanın onun səhhətinə mənfi təsir etdiyini diqqətinə çatdırdıq. Həkimlər də bizimlə həmrəy olduqlarını və aclığın onun səhhətində ağır fəsadlar törətdiyini söyləyirlər. Ancaq o, israrla aksiyanı davam etdirəcəyini bildirir".

Saleh Rüstəmovun azadlığa çıxması üçün hüquqi baxımdan bir neçə imkanın yarandığını deyən Ə.Nuriyev bildirdi ki, ilk növbədə vaxtından əvvəl cəzadan azadedilmə tətbiq oluna bilər: "Bu məsələyə məhkəmə baxa bilər. Hətta Ali Məhkəmənin plenumunda da onun işinə baxılması ehtimalı var. Sonuncu variant əfv ilə, yəni vaxtından əvvəl şərti azadetmə ilə bağlıdır ki, biz artıq bununla bağlı dövlət başçısına müraciət etmişik. Düzdür, cinayət qanunvericiliyində ağır cinayətlərə görə cəzanın yarısının çəkilməsi göstərilir. Əgər ağır cinayətlərə görə həbs edilibsə, onun vaxtından əvvəl şərti azad edilməsi ilə bağlı Cinayət məcəlləsinin 4.2 və 4.3 maddələrində bəzi müddəalar var. Bununla bağlı, nə zaman və hansı qərarların veriləcəyi barədə isə heç bir məlumat yoxdur. Ümid edirik ki, onun ailə vəziyyəti, himayəsində azyaşlı uşaqların olması, I qrup əlilliyi, l Qarabağ müharibəsində iştirakı, eləcə də sağlamlıq problemləri nəzərə alına bilər. Bu barədə indidən hər hansısa qəti fikir söyləmək doğru deyil".

Müsahibimiz Ali Məhkəmənin plenumunun qərarını dəyişdirməsi ehtimalını da diqqətə çatdırdı: "Plenum cəza növünü də dəyişə bilər. Biz, bu imkanların hamısını söyləmişik. Saleh Rüstəmovla görüşdə irəli sürdüyümüz fikirləri, Daxili İşlər naziri Vilayət Eyvazovla görüşdə də səsləndirdik".

"Beynəlxalq təşkilatların bu məsələ ilə bağlı münasibəti necədir? Bununla bağlı hansı addımlar ata bilərlər?"

Bu təşkilatların məsələyə ilə bağlı düşüncələrinin onun üçün heç bir əhəmiyyət daşımadığını deyən KAF prezidenti bildirdi ki, onların bu kimi proseslərdə hansi təsiretmə imkanlarına malik olduqlarını söyləyəmək mümkün deyil: "Azərbaycanlı hüquq müdafiəçiləri tərəfindən aidiyyəti orqanlara edilən müraciətlərə pozitiv cavablar verilib. Ümid edirəm ki, bundan sonra hər hansı bir müraciət olarsa, yenidən pozitiv cavab veriləcək və müvafiq addımlar atılacaq. Hər hansısa bir beynəlxalq təşkilatın məsələ ilə bağlı nə düşünməsi və ya hansısa qərar verməsi ilə bağlı heç bir məlumatım yoxdur".

Rövşən Ziya, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »