Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə və Azərbaycan ortaq universitet yaradır
Türkiyə və Azərbaycan ortaq universitet yaradır

Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar Azərbaycanla ortaq universitet yaratmaq üçün işə başladıqlarını açıqlayıb. O, açıqlaması zamanı bildirib ki, iki ölkənin razılığı ilə ali təhsil ocağının reallaşması ciddi iş tələb edir.

“Azərbaycanda universitet yaratmağı planlaşdırırıq. Bu universitet ən hörmətli universitetlərlə əlaqə yaradaraq canlanacaq. Bu, bir ilkdir. Dünyada belə bir model ola bilər, amma mən bilmirəm. Bu ali təhsil müəssisəsi yeni modellə qurulacaq”, - deyə sədr bildirib.

Özvar onu da əlavə edib ki, universitetin yaradılması planı, iki ölkənin dövlət başçılarının birgə müraciəti ilə həyata keçirilib.

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov məsələ ilə bağlı Bizimyol.info saytına açıqlama verən zaman bildirib ki, Türkiyə və Azərbaycan arasında birgə universitetin yaradılmasını proses olaraq gecikmiş hesab edir.

İlqar Orucov İlqar Orucov

“Amma hər bir halda gec də olsa, çox şadam ki, nəhayət, bu istiqamətdə birgə qərar verildi və Azərbaycanla Türkiyənin birgə universiteti qurulacaq.

Bu universitet təkcə ali təhsil verməklə kifayətlənməyəcək, ən müasir, modern universitetlərdən biri olacaq. Burada təhsillə bərabər tədqiqat imkanı da olacaq və bu, çox vacib amildir. Buranın yeni laboratoriya sistemləri, çox ciddi, müasir elmi tətqiqat infrastrukturu olacaq. Heç kimə sirr deyil ki, Türkiyə universitetləri son illərdə kifayət qədər inkişaf edib, müasir səviyyədə qurulub və dünya səviyyəsində təhsil vermək imkanına malikdir. Qardaş ölkənin təcrübəsinin məhz Azərbaycanda tətbiqi, eyni zamanda bizim gənclərin yaxşı təhsil alma imkanlarını da şərtləndirəcək”.

Təhsil eksperti onu da qeyd edib ki, Türkiyə dövləti son illərdə texnologiya sahəsində də kifayət qədər inkişaf edib, naliyyətlərə yiyələnib. Bu, Azərbaycanın texnologiya istiqamətində inkişafına dəstək olacaq.

“Bu səbəbdən də birgə universitetin yaradılması qərarını Azərbaycan və bütövlükdə Türk dünyası üçün çox vacib hesab edirəm. Azərbaycan və Türkiyə arasında mədəni, elmi və təhsil sahəsində əlaqələr nə qədər çox olarsa, bir o qədər də faydalı olar. Hətta təkcə Azərbaycanla Türkiyə arasında yox, bütövlükdə Türk dünyası arasında bu əlaqələrə ehtiyac var.

Belə yaxşı nümunələrin, birgə işlərin ortaya qoyulması çox yaxşı effekt verəcək. Bu, hər iki dövlət arasında bütün sahələrdə olduğu kimi ali təhsil və tədqiqat sahəsində də yeni əməkdaşlığın əsasını qoyacaq. Bütövlükdə həm Azərbaycanın, həm də Türkiyənin təhsil sahəsində ənənələri var və bunu inkişaf etdirmək, birləşdirmək yalnız və yalnız möhkəmliyimizə, dostluğumuzun əbədi, sarsılmaz olmasına, eyni zamanda təhsil bağları ilə daha da möhkəmlənməsinə gətirib çıxaracaq”, - deyə ekspert bildirib.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »