Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
XİN: Ermənistan görüşdən öncə təxribat törətdi

"Bildiyiniz kimi, 2-3 dekabr tarixlərində Stokholm şəhərində ATƏT-in Nazirlər Şurasının 28-ci iclası keçirildi və Azərbaycan xarici işlər naziri bu iclasda iştirak etdi".

Bizimyol.info xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ATƏT-in Stokholmda keçirilən iclasında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşəcəyi ilə bağlı məlumata manasibət bildirərkən deyib.

L.Abdullayeva qeyd edib ki, iclasdan öncə Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan nazirlərinin növbəti görüşünün Stokholmda keçirilməsi təklifi ilə çıxış etmişdi: "Bəllidir ki, Azərbaycan hər zaman dialoqun tərəfdarıdır və bundan öncə keçirilmiş Nyu York, Minsk və Paris görüşlərində Azərbaycan xarici işlər naziri post münaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlər ilə bağlı ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

Lakin, 3 dekabr tarixində nəzərdə tutulan görüşdən bir neçə saat öncə Ermənistan tərəfinin təxribatı baş verdi. Belə ki, Ermənistan parlamentarlarının Azərbaycan Respublikası ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı məlumat yayıldı. Beləliklə də Azərbaycan tərəfi Ermənistanın bu təxribatına cavab olaraq, Stokholmda iki ölkə nazirinin görüşünün keçirilməsini məqsədəuyğun hesab etmədi.

Göründüyü kimi, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən addımların atılmasına baxmayaraq, Ermənistan hərbi-siyasi təxribatlarını davam etdirir. Ermənistanın bu mövqeyi bölgədə sülh quruculuğu səylərinə xələl gətirir".

Son xəbərlər
Bütün xəbərlər »