Yerevanın Stokholmda ATƏT-in nazirlər konfransı çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin dekabrın 3-də keçiriləcəyini anons etdiyi görüş baş tutmayıb.
Bu barədə Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan bildirib.
O, Ermənistan tərəfin dəfələrlə elan etdiyi görüşün baş tutmamasının səbəbini açıqlamayıb. Eyni zamanda, Unanyan deyib ki, "Ermənistan tərəfi ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı çərçivəsində görüşdən heç vaxt çəkinməyib".
Onun sözlərindən belə bir nəticə çıxarmaq olar ki, Yerevan ATƏT MQ-nin həmsədrlərinin iştirakı ilə görüş keçirilməsində israr etsə də, Bakı bununla razılaşmayıb.
Eyni zamanda, Azərbaycan XİN nə həmsədrlərin iştirakı ilə, nə də onların iştirakı olmadan Bayramov-Mirzoyan görüşününgözlənilməsi haqqında heç bir məlumat verməmişdi.(turan)