Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Onlarla kontakt quranda çoxu “bizimlə əlaqə saxlama” deyirdilər"
"Onlarla kontakt quranda çoxu “bizimlə əlaqə saxlama” deyirdilər"

“Azərbaycanda diaspor quruculuğunu iki dövrə bölmək olar. Nazim İbrahimov və Fuad Muradov dövrü”.

Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Bizimyol.info saytına açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Nazim İbrahimov dövründə Diasporla İş üzrə Dövlət Komitəsi şəxsi bir mərkəzə çevrilmişdi.

“Diaspor siyasətində dövlətin, Prezidentin tapşırığına əməl olunmurdu. İndiki dövrdə isə koordinasiyanın aparılması hiss olunur. Məsələn; 44 günlük müharibə müddətində biz gördük ki, Azərbaycan diasporu dünyanın müxtəlif ölkələrində aksiyalar keçirdi, etiraz bəyənnamələri verdi, çıxşlar etdi. Hətta biraz daha irəli gedərək, ermənilərin fiziki zorakılığına məruz qaldılar. Bu sahədə mütəxəsssis olaraq həm də onu görürdüm ki, Diasporla İş üzrə Dövlət Komitəsi proseslərə dərhal reaksiya verirdi. Əvvəlki illərdə Diasporla İş üzrə Dövlət Komitəsinin səsi çıxmırdı və yaxud bunun üstünə gəlmək istəmirdilər. Lakin indiki dövrdə bu tamamilə dəyişib. Kənardan baxan şəxs kimi deyirəm ki, Fuad Muradovun bütün prosesləri izləməsi hər halı ilə hiss olunur.

Eyni zamanda hiss olunur ki, 44 günlük müharibənin qələbə ilə nəticələnməsi də bizim diasporda sanki canlanma yaratdı. Bizim diaspor üzvlərimiz əvvəlki məğlubiyyətlik sindiromundan çıxaraq, qalib xalq mərhələsinə keçiblər.

Mən 1998-ci ildən bu sahədəyəm və dünyanın 70 ölkəsində tanıdığım Azərbaycan diasporunun üzvləri var. Mən onlarla kontakt quranda çoxu “bizimlə əlaqə saxlama”, “biz heç nə etmək istəmirik” deyirdilər və prosesə qoşulmaq istəmirdilər. Amma son 2 ildə bu hal müsbət istiqamətdə dəyişməyə başlayıb. Onlar indi özləri irəli çıxır, tədbirlərə gəlir, lobbiçilik edir, Azərbaycanı təmsil etməyə çalışırlar. Bu, irəliləyiş, uğurdur. Bunun isə əsas memarı İlham Əliyev, onun çıxışları və ordumuzun qələbə istiqamətində gördüyü işlərdir. Bu qələbə, sanki bizim üçün bir qığılcım oldu.

Hesab edirəm ki, bugün üçün Diasporla İş üzrə Dövlət Komitəsi, Fuad Muradovun quruculuğu altında hələki dövlətin qoyduğu xətdən kənara çıxmayıb.

Diaspor məsələsi kənardan baxan insanlara çox asan görsənməsin. Amerika, İsrail, Almaniyada olmuşam və 1998-ci ildən onların problemlərini araşdırıram, bu insanlarla bağlı bütün xəbərləri gündəlik olaraq izləyirəm, onların psixologiyasını araşdırıram. Mən bununla bağlı 8 kitab müəllifiyəm və bilirəm ki, bu insanların hansı ölkədə yaşamasından asılı olaraq, psixologiyası, həmin ölkənin adaptasiya məsələsi, psixoloji basqısı nəzərə alınmalıdır. Xoş haldır ki, son 2 il ərzində biz bunun öhtəsindən gələ, bu insanaların psixologiyasına uyğun davrana bilirik. Unutmayaq ki, “Kreml birdən-birə qurulmur””.

Zaur Əliyev cəmiyyətdə formalaşan “Azərbaycan diasporu niyə erməni diasporu qarşısında zəifdir?” sualına da aydınlıq gətirib və bildirib ki, etnik lobbiçilik yönündə də çox ciddi irəliləyişlər var.

“Mən sizə deyim ki, Brüssel, Amerika, Londondakı tədbirlər, ermənilərin hücumlarına qarşı bizim azərbaycanlıların orada adekvat cavab verməsi, birləşməsi, komitənin dərhal reaksiya verməsi, diaspora rəhbərlərinin həmin yerə gəlməsi, səfirliyimizin onlarla bərabər çıxış etməsi göstərir ki, 44 günlük müharibə təkcə başqa sahələrdə deyil, bu sahədə irələməyimizə təkan verib.

Lobbiçilik qurmaq asan məsələ deyil. Bu üç istiqamətdə qurulur. Prezident yanında lobbiçilik, parlament yanında lobbiçilik və etnik lobbilər. Etnik lobbiçilik bizdə çətin anlaşıla bilər. Çünki hansısa azərbaycanlı erməni və yəhudilərdən fərqli olaraq, orada lobbi şikəti qurub Azərbaycanı təmsil edə bilmir. Amma bizim də güvəndiyimiz orada oturuşmuş, siyasiləşmiş Türk təşkilatlarıdır. Türk dilli dövlətlər yəni, Mərkəzi Asiya ölkələrinin xaricdə olan nümyəndələrinin əksəriyyəti isə bu məsələlərə qarışmaq istəmir. İş adamları da sadəcə tədbirlərə gəlirlər.

Deyərdim ki, son 100 ildə ilk dəfə idi ki, Türk dilli dövlətlərin diasporları birləşdirməsi addımını Azərbaycan atdı. Amma onlardan nəsə gözləmək olmaz. Çünki onların elə bir nüfuzları, həmrəyliyi yoxdur. Türkiyənin isə nüfuzlu şirkətləri, onların himayəsində olan hüquq şirkətləri var və biz onların vasitəsi ilə lobbiçilik qura bilirik.

Düzdür ermənilərə, ruslara baxanda biraz geriyik, çünki burada əsas məsələ informasiya savaşında PR-ın qurulmasıdır. Son bir ildə bizim qurduğumuz PR sırf qələbədir, amma 2020-ci ilin sentyabr ayına kimi qurulan PR demək olar ki, effektiv deyildi. 2021-ci ilin sentyabrında bu yana qurulan PR isə effektiv qəbul olunur. Bu etnik lobbiçiliyin binövrəsini qoymağa bərabər bir işdir. Düşünürəm ki, yaxın müddətdə öz müstəqil etnik lobbiçiliyimizi qura biləcəyik. Təbii ki, hər şeyi tək dövlətin boynuna qoymaq lazım deyil, xaricdəki azərbaycanlıların da bu işdə istəyi, köməyi olmalıdır”, - deyə bildirib.

Leyla Mirzə, Bizimyol.info

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.14. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Son xəbərlər
Bütün xəbərlər »