Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ən böyük əxlaqsızlıq kiminsə icazəsi olmadan həyatına müdaxilə etməkdir"
"Ən böyük əxlaqsızlıq kiminsə icazəsi olmadan həyatına müdaxilə etməkdir"

Azərbaycan cəmiyyətində qadına ikinci dərəcəli varlıq kimi davranılır. Bu bütün sahələrdə özünü biruzə edir. İstər dövlət müəssisələrində yüksək vəzifə tutmaq, istərsə də ailə məsələlərində qadın ikinci dərəcəlidir.

İkinci dərəcəli olmaq isə, qadını təhqir edilməyə, alçaldılmağa, yox sayılmağa, şərə-böhtana məruz qalmağa, döyülməyə, öldürülməyə məruz qoyur. Və nə qədər gender bərabərliyi, qadın hüquqlarının aliliyi, qadına verilən dəyər və s. bu kimi fikirlərdən ağız dolusu danışsaq da, nəticə etibarilə qadın sonradan törəmə bir varlıq kimi dəyər görür.

Məsələn; avtomobil qəzaları baş verən zaman “qadın sürücü”, siyasi səhvlər zamanı “qadın deputat”, məktəbdə yaşanılan problemlərdə “qadın müəllim” deyilərək, şəxslərin işi deyil, qadın olması ön plana çıxarılır.

Və bu düşüncə Azərbaycan qadınını məhvə sürükləyir. Qadınlarımız həyat yoldaşı, qardaşı, atası və ya başqa doğmaları tərəfindən döyülür, təhqir edilir və öldürülür. Bu da azmış kimi üzərinə əxlaqsız damğası da vurulur.

Araşdırmaçı-sosioloq Orxan Şahbaz Bizimyol.info saytına müsahibəsində qeyd edir ki, “ən böyük əxlaqsızlıq kiminsə icazəsi olmadan onun həyatına müdaxilə etməkdir. İnsanlar öz həyatlarını istədikləri kimi yaşamalıdır. Necə istəyirsə elə davranmalıdır”.

Orxan Şahbaz Orxan Şahbaz

Orxan Şahbazın bu fikirləri çox dəyərlidir, ancaq təəssüflə qeyd edək ki, bizim cəmiyyət bu fikirləri qəbul edəcək qədər "yetişməyib".

“Qadını hər zaman cəmiyyətdə müxtəlif obrazlara salırlar: “Qız uşağı şirin olur”, “Qadın şeytandır”, “Ana müqəddəsdir” və s. Burada əsas,  insan faktorudur. Bizim cəmiyyətimizdə insan zorakılığı var. Sadəcə olaraq bizim cəmiyyət patriarxal cəmiyyət olduğuna görə və qadın da "zəif" obraz olduğu üçün onun üzərinə günah atmaq və ya ləkə yaxmaq, onun üzərindən nəyisə tənzimləmək çox asan olur. Nəticədə qadın ikinci dərəcəli vəziyyətə düşür.

Bu ilk olaraq məişətdən başlayır. Bunun müxtəlif səbəbləri var. Amma ən əsası mental kodlardır” - deyə araşdırmaçı-sosioloq.

Orxan  Şahbaz qeyd edir ki, Şərq cəmiyyətlərində hər zaman qadın üzərində hökmranlıq məsələsi var. Qadının kişiyə tabe olması, kişi nə dedisə onun fikri ilə oturub durması prinsipi var. Qadın patriarxal cəmiyyətlərdə müxtəlif obrazlara düşür. Məsələn; o əvvəlcə atası, qardaşı, sonra yoldaşı tərəfindən sıxışdırılır: “Mənim bir tanışım vardı. Qardaşı bunu qısqanırdı, sıxırdı. Xanım, ailə qurandan sonra qardaşı daha əsəbləşmir. Çünki artıq əri var. Əri onunla maraqlanacaq. Bu, çox absurd məsələdir. Qadını elə bil ki, namus, qeyrət obrazı kimi görmək var. Məsələn; Şərq cəmiyyətlərində, bizim cəmiyyətdə əxlaqsız insan anlayışı yoxdur. Əxlaqsız kişi deməzlər, əxlaqsız qadındır deyərlər. Əxlaqsızlıqla məşğul olur deyərlər.

Mənim tanışlarım həyat qadınların xidmətlərindən istifadə edib, özlərini söyürdülər. Deyirdilər ki, “filankəsi tanıyırsan, onunla belə-belə elədim”. Bu zaman mən onlara deyirdim ki, "siz onların xidmətindən istifadə edirsiniz və onları söyürsünüz. Belə çıxır ki, siz onların xidmətindən istifadə etdiyinizə görə, özünüzdə o söyüşlərə layiqsiniz. Çünki sən onun xidmətindən istifadə edirsən".  Yəni cəmiyyətdə bu tipli, baş-ayaq olan insan davranışları sonda qadının başında çatlayır”.

Orxan Şahbaz deyir ki, cəmiyyətdə mental kodlardan başqa ümumiləşdirmə problemi də var: “Biz hər şeyi ümumiləşdiririk. Məsələn; “indiki qızlar, indiki oğlanlar, indiki gənclər”. Həmişə bu “indiki” ilə keçmiş arasında bir çarpışma var. Biz o çarpışmaya nəsə yerləşdirməyə çalışırıq. Özümüzü təsdiq edib, ortaya nəsə yeni bir insan modeli çıxarmağa çalışırıq. Amma bu tamamilə yanlışdır. Qurunun oduna yaşı da yandırmaq çox yalnış bir davranışdır. Bir nəfər pisdirsə, digərləri də elə olacaq deyə bir fikir yoxdur”.

Zorakılığın 3-cü səbəbi isə, sistemlənməmiş insan toplusudur. “Bizdə cəmiyyət sistemləşməyib. İnsanlar sistemli şəkildə davranmır. Sadəcə görüntü olaraq davranır.  Məsələn; biz maşın alırıq ki, kiməsə göstərək. Evlənirik ki, kiməsə göstərək. Geyinirik ki, kiməsə göstərək. Yəni, məndə "bu var". Bizim üçün çöl görünüşü daha önəmlidir, beyin önəmli deyil. Buna görə də geyimi fərqli olan insan, xüsusilə qadına həmən əxlaqsız damğası vurulur” - deyir araşdırmaçı-sosioloq.

Örtülü və ya açıq gəzmək insanın öz seçimidir. Bu əxlaqsızlığın göstəricisi deyil. Amma kütlə üçün cəmiyyət üçün açıq-saçıq görüntüdə olmaq əxlaqsızlıq fikri yaradır.

“Bu bir zamanlar kişilər üçün də var idi. Əvvəllər kişilər şortik geyinəndə deyirdilər ki, “kişi şortik geyinər?”, amma indi normal hal alıb. Yaşlı adamlardan soruşsanız deyəcəklər ki, indiki kişilər pozulublar” - deyən sosioloq bildirir ki, bu problemdə daha çox qadınlar əziyyət çəkir. Məsələn; yolun ortasıda ürəkdən gülsəniz, hamı sizə baxacaq ki, "qızsan bu nə gülüşdür", "qızsan özünə hörmət elə"...

Bütün bu proseslərin içində insanlar ailə həyatı qurur. Evlilik prosesi iki insanın bir-birini sevməsi üzərində deyil, bir-birini görməsi və ya görücü üsulu ilə baş verir. Qohumdur, ağıllıdır, vəssalam.

Bizdə qadınla münasibət qurmaq, evlənmək “onu alacam” kimi təqdim edilir. Almaq-satmaq və s. ifadələrlə "bəzəyirlər". Ailə münasibətinə alver yaşanması var. Bu yanaşmanın təsiri ilə məişətdə zorakılıqlar başlayır. İnsanlar bir-birini qəbul etmək istəmir, söyüş-təhqir və s. kobudluqlar edir. Burada ən çox zərər görən qadın olur. Kişi onu öldürür, üzərinə istədiyi ləkəni ata bilir.

“Bu problemlərin qarşısının alınması üçün kütləvi maarifləndirmə effektli olmayacaq. Bu məsələ üçün normal təfəkkürlü insanların düşüncəsi lazımdır. Mənim üçün kişi və qadın üstünlüyü və yaxud hüquqları deyə bir şey yoxdur. Mənim üçün onların ikisi də eynidir. Hər şey onlar üçün yaradılır. Bunu qəliblərə salmaq doğru fikir deyil, bunu kişi və qadın özü müəyyənləşdirə bilər. Strategiya quran adamlar, öz fikirlərini bölüşməlidir. Mən də ara-sıra belə fikirlər bölüşürəm. Digərləri də fikirlərini bölüşərək bir fikir həmrəyliyi yaratmaq, bunun üzərində yavaş-yavaş gələcəkdə daha effektiv davranış formasını yaradıb ortaya çıxarmaq çox önəmlidir” - deyir araşdırmaçı-sosioloq.

Orxan Şahbazın düşüncələri bizim cəmiyyəti tam olaraq əks etdirsə də, cəmiyyətdə qadına qarşı olan davranışların dəyişdirilməsi hələ ki, bu gün üçün mümkün deyil. Ya da çox çətindir...

Xüsusi qeyd: Zorakılığa məruz qalanlar və ya çevrəsində zorakılığa məruz qalan şəxslər, dəstək almaq üçün müraciət edəcəkləri bütün xidmətlərin əlaqə nömrələrini BU LİNKdən əldə edə bilərlər.

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »