Türkiyənin pilotsuz uçuş aparatlarının Ukraynada görünməsi Rusiyanı çox narahat edir. Kreml bu barədə açıqlamalarında xeyli aqressiv təsir bağışlayır. Rusiya mətbuatı məsələyə xüsusi diqqət ayırır.
Bizimyol.info xəbər verir ki, Ukraynanın birləşmiş qüvvələrinin əməliyyat komandanı Aleksandr Pavlyuk “Bayraktar”ların Donbass münaqişə zonasında havaya qalxdığını bildirib. Rusiya mətbuatı açıqlamaya çox həssas yanaşıb. Pavlyuk müsahibəsində pilotsuz uçuş aparatlarının hələlik Ukraynanın nəzarət edə bilmədiyi ərazilərə daxil olmadığını deyib. Əməliyyat komandanı “Bayraktar”ların köməyi ilə kəşfiyyat apardıqlarını, düşmənin hərəkət planlarını izlədiklərini etiraf edib. Pavlyuk Türkiyə dronlarını çox tərifləyib. Onun sözlərinə görə, düşməni rahat izləmək üçün bundan yaxşı vasitə ola bilməz.
Rusiya mətbuatı həyəcanla yazır ki, “Bayraktar”ın növbəti həmləsi ola bilər. Oktyabrın 26-da Ukrayna Türkiyə dronları ilə separatçı qüvvələrə ardıcıl zərbələr endirmişdi. Kreml məhz həmin hadisəyə görə Ankaraya iradını bildirmişdi.
Bir neçə gün əvvəl Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı “Bayraktar”lar üçün yeni taktika hazırladıqlarını demişdi. Bunun üçün Niukolayev vilayətində təlim də keçirilib.
Bizimyol.info