İran-Əfqanıstan sərhədində Taliban və İran ordusu arasında intensiv toqquşmaların baş verdiyi bildirilir. Hətta döyüşlər zamanı ağır silah və artilleriyadan istifadə edildiyi ilə bağlı görüntülər paylaşılır.
Qeyri-rəsmi mənbələr Talibanın daha əvvəl İran əsgərlərinin nəzarətində olan 3 sərhəd postunu ələ keçirdiyini iddia edirlər. İran rəsmi mənbələri bu xəbəri təkzib etsə də, Taliban mənbələri ələ keçirildiyi iddia olunan postların birindən video paylaşıblar.
Siyasi şərhçi Turab Rzayev İran-Əfqanıstan arasında baş verən bu münaqişəni Bizimyol.info-ya şərh edən zaman bildirib ki, İran nədənsə çəkinir, hadisə barədə açıqlamalarında belə sözləri diqqətlə seçməyə çalışır.

“Düşünürəm ki, bu ilkin güc sınağı oldu və Taliban öz gücünü sınadı. Bəli, bunu İranın elan etdiyi kimi Talibanın səhvən iralı fermerlərə atəş açması və bunun nəticəsində yaranan insident olduğunu da iddia etmək olar. Amma çox qəribədir ki, Taliban tərəfi açıq şəkildə İran postlarına hücum edib, sərhəd postlarına daxil olub, postların 3-nü ələ keçirdiyini deyib və ən azından birinin içərisindən videosunu paylaşıb. İran tərəf isə buna ümumiyyətlə dinmir. Sərhəddəki münaqişənin artıq başa çatdığını bildirir. Daha sonra bu video görüntülər üzə çıxdıqda İran tərəfi sadəcə bunun münaqişənin əvvəlində baş verdiyini, daha sonra məsələnin həll edildiyini açıqlayır.
Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, İran Talibanın adını çəkmir və sadəcə “sərhəddəki atışmalar”, “sərhəd pozuntusu” kimi ümumi ifadələr işlətməyə çalışır. Buradan görünür ki, İran tərəfi münaqişədən qorxur, çəkinir və buna hazır deyil. Əks tərəf isə bunun açıq şəkildə videolarını yayır, postları ələ keçirdiyini bildirir.
Burada iki məqam var. Birincisi ondan ibarətdir ki, Taliban tərəfin ordusu kifayət qədər kontrolsuz, özbaşına ola, sərhədi səhv salıb bu cür əməliyat apara bilər və bu mərkəzdən xəbərsiz baş verə bilər. Bu şəkildə İran da hadisələrin eskalasiya baş vermədən örtməyə çalışar. Yox, əgər planlıdırsa, Talibanın bu qədər göstərə-göstərə İran postlarını əldə etməsi və qısa zamanda İran üzərində üstünlük əldə etməsi heç də xoş nəticədən xəbər vermir. Bu onu göstərir ki, Taliban öz üstünlüyünü, İranın onun üçün zəif hədəf olduğunu başa düşəcək. Bunun nəticəsində isə yaxın gələcəkdə artıq Taliban rəhbərliyi bu senarini yenidən sınaya bilər.
Siyasi şərhçi qeyd edib ki, bu cür xırda münaqişələrin böyük müharibəyə səbəb olması istisna deyil.
“Bu birinci dəfə deyil. Əvvəllər də eyni şəkildə Suriyada hadisələr xırda sərhəd hadisələrindən başlamışdı. İran-İraq müharibəsi də həmçinin xırda sərhəd münaqişələrindən başlamışdı və böyük münaqişəyə səbəb olmuşdu.
İran əgər ehtiyyatsızlıq edərsə, Taliban bu məsələdə ciddi şəkildə davam etmək istərsə, bu zamna xırda sərhəd münaqişəsi daha böyük miqyaslı atışmalara səbəb olar. Bunun nəticəsində isə Qərbin, xüsusilə İsrailin və ABŞ-ın İranın dağılması ilə bağlı mümkün olan planları həyəta keçirilə bilər. Düşünürəm ki, İranın bu məsələdə həddən artıq diqqətli davranması həm də bununla bağlıdır”.
Leyla Mirzə, Bizimyol.info