Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...

Yenə Bkıdan yazacağam. Başıbəlalı Bakıdan. Bir zamanlar xəyallar şəhəri olan, bir zamanlar küləklər şəhəri olan, indi isə, tıxaclar şəhərinə çevrilmiş, nakam Bakıdan...

Hər dəfə bu mövzuya yana-yana toxunuruq. Dar yollarımız, yolların kənarında tikilən möhtəşəm görüntülü obyektlər, göydələnlər, adı olub, özü gözgörünməyən park yerlərimiz, hər tərəfdən az qala nəfəs almağımızı da qeydə alan BNA kameraları, məhv edilən yaşıllıqlarımızın yerini alan süni yaşıllıqlar qısacası, problemlər şəhəri Bakı...

Deyirlər, Bakının yeni Baş Planı var. Güya Bakı dəyişəcək. Arzuladığımız şəhər olacaq. Bəlkə onda biz olmayacağıq, amma Bakı olacaq. Bu gün isə bizim Bakıda problemlərimiz var. Dar yollar...

Bakıda əvvəllər binalar bir-birinə çox yaxın tikilirdi. Hətta elə binalar var ki, üzbəüz qonşuya balkondan çay da verə bilərsən. Bu tikintilər xüsusən Nazirlər Kabinetinin 86 saylı qərarından sonra meydana gəldi. Əlinə hərə bir sərəncam alıb başladı tikməyə. Tikinti qaydaları, təhlükəszilik qaydaları və s. və ilaxır, heç kim düşünmədi də. Həmin dövrdə tikilən binaların nə park yerləri var, nə Allah eləməmiş, bir qəza olsa, yanğın olsa, həyətə girə biləcək qədər yolları. 2016-2019-cu illərdə Bakıda kifayət qədər təbii fəlakətə dözümsüz olan binalar tikildi. Burada əsas məqsəd qazanc götürmək idi. Məmurlar da daxil olmaqla çoxu bu məqsədinə çata bildi.

Bu səbbədən də dar olan yollarımız bir az da daraldı, geniş olan həyətlərimiz kiçildi. Sovet dövründə binaların qarşısında avtomobil saxlamaq üçün nəzərdə tutulan yerləri yeni göydələnlər əvəz etdiyi üçün bina sakinləri avtomobillərini harda saxlamaq baədə düşünməyə başladılar. Bu zaman da yolların kənarı gəldi ağıllarına, düşünə bilmədilər ki, yolların kənarında da saxlasalr, başlarının üstünü parkinq yerlərinin qənimi Bakı Nəqliyyat Agentliyi alacaq.

Əvvəllər Bakının əhalisi az, şəhər daha geniş idi. Nəfəs ala bilirdi. Qarabağ savaşı zamanı məcburi köçkünlərin çoxu yaşamaq üçün Bakını seçmişdi. Yataqxanalar, məktəblər, qarajlar insanlarla dolu idi.

Regionlardan işsiz axını daha yaxşı yaşaya bilmək üçün Bakını seçirdi, daha yaxşı təhsil üçün tələbələr Bakını seçirdi. Və beləcə Bakı doldu, Bakı boğulmağa başladı. Binalar tikildikcə yer azaldı, yol daraldı. Bakı Şəhər İcra Hakimiyyəti, yerli icra hakimiyyətlərj bu məsələyə göz yumdular. Və bir gün elə bir vəziyyət alındı ki, artıq sahibkarlar da öz obyektlərinin qarşısına şlaqbaum atıb “bura mənimdir” deyə bilir.

BNA yaradıldı ki, bəlkə gündən-günə darlaşan yollarımızdakı nəqliyyatı idarə edən bir qurum olsa, yollardakı tıxac azalar. Amma bu qurum da faydasız oldu. Həm də təkcə faydasız yox, həm də zərərli bir quruma çevrildi. Bu gün BNA ölkədə ancaq cərimə tətbiq edən qurum kimi tanınır. Hətta yol hərəkəti qaydasını pozan sürücünü polis saxlayan zaman belə BNA hərəkətə keçib, sürücyə bir də “dayanma-durma” cəzası yazılır.

Bir ayıb məəsl var, amma sizdən ayıbdır. Bu məsəldə kimin nəyə xidmət etdiyi məlum deyil. Əvvəllər hər kəs bu səlahiyyətin polisdə olduğunu bilirdi və hər kəs də çalışırdı ki, qanunu pozmasın. İndi isə qızın iki ədaxlısı var. O deyir mənə gəl, bu biri deyir yox mənə. Bu məsələni də ölkə başçısı birbaşa nəzarətə alsa, yaxşı olar. Bəlkə elə bu səlahiyyətin əvvəlki kimi DYP-də qalması daha yaxşı olardı?!

Piyada keçidləri

Bax, bu məsələ bir başa AAYDA-nın məsuliyyətindədir. Çünki layihələndirmə və çəkmə işləri birbaşa onlara aiddir. Mütəxəssilər gəlib araşdırır, sonra da yolun ortasında “daha çox pul silmək” məqsədilə möhtəşəm, qala divarlarına bənzər piyada keçidi tikilir. Bir keçid üçün Allah bilir, nə qədər vəsait silinir. Keçidlər də barı işə yarasa. Çoxunda eskalator olmadığı üçün, göyün üzündə olan keçidlərdən çox zaman istifadə də edilmir.

Hə, bu gün keçidlər sadəcə, yollarda piyada ölümü ilə bağlı qəzalarda sürücünün cəzasını yüngülləşdirmək üçün işə yarayır ki, bəs “piyada keçidi ola-ola piyada ordan keçməyib”. Təməl məqsəd üçün isə piyada keçdilərindən çox az adam istifadə edir. Səbəb  keçidlərin uzaqda olması, keçidlərin çox hündür olması, keçidlərin eskalator olmadan istifadəyə verilməsidir. Məncə, bütün keçidlərdə ikitərəfli eskalatorlar olsa, bu keçidlər də bir işə yaraya bilər. Bu da qalıb Saleh Məmmədovun vicdanına!

Bakı genişləndirilsin

Bütün Nazirliklər, dövlət qurumları, ali təhsil ocaqları sanki başqa yer yoxmuş kimi Bakıya yığılıb. Göydələnlər, dar küçələr və bir də dövlət qurumlarının yerləşdiyi Bakının bir az daha yaşamaq üçün çıxış yolu var. Bakını böyüdün. Genişlənsin, dövlət qurumlarını ətraf rayonlara yayın, ali təhsil ocaqları bölgələrə paylansın. Qarabağı da işğaldan azad etdik, torpaqlarımız özümüzdədir. Niyə bəzi nazirliklər, məsələn, Şuşaya köçməsin ki? Kənd Təsərrüfatı Nazirliyi niyə Bakıda olmalıdır? İqtisadiyyat Nazirliyi Qarabağdan da fəaliyyət göstərə bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi niyə Cəbrayılda olmasın ki? Qısacası, hər şeyə çarə var, amma edən olsa.

Bakının köçürülməsi təklifi ilə dəfələrlə əmlak eksperti Elnur Fərzəliyev çıxış edəndən sonra deputat Fazil Mustafa da bu təklifi səsləndirib. Milli Məclisdə qış yuxusuna gedib, 220 manat kirayə pulu davası edən, dövlətdən avtomobil, ev istəyən deputatlar da ağzına su alıb oturub. Məsələn, niyə Milli Məclis Şuşada olmasın?

Deputatlarımıza da yaşamaq üçün bir bina inşa edilsin, o zaman onlar daha yaxşı çalışar. Xalq üçün çalışmaq istəməyənlər də öz xoşu ilə geri çəkilər. Yox, bunu istəyə bilməzsiniz. Heç təklif də etməzsiniz. Axı, bura Bakıdır. Elit həyatlarınız var, qarnınız və cibiniz dolu, altınızda xarici avtomobillər. Siz xalqı düşünmürsünüz. Sizin üçün xalq elə özünüzsünüz. Siz özünüzdən üstünlərə boyun əyib, özünüzdən aşağıda yaşayanların evinə ayaqqabı ilə girənlərsiniz.

Bakının dərdləri o qədərdir ki, heç bilmirəm, nəyi qoyub, nədən danışım. Nəqliyyat dərdimizin işinə BNA, yol dərdimizə AAYDA, digər dərdlərimizə isə deputatlar göz yumur. Və biz də yazıq, səssiz xalq - başımıza qapaz vurub oturdublar yerimizdə. Bizə nə verirlərsə, onunla qane oluruq. Səsimizi çıxarmaqdan qorxuruq. Çünki bilirk ki, səsimizi kəsəcək güclər hər zaman başımızın üstündədir.

Deyirlər ki, insanlar öz atdıqları addımlara görə, ittiham edilir, xoşbəxt və ya bədbəxt olur. Bizi isə, istəmədiyimiz addımları atmağa məcbur edən güclər var. Və biz bu güclər qarşısında acizik. Deyirlər güc birlikdən doğar. Biz ona görə yazığıq ki, birlik ola bilmirik. Elə içi mən qarışıq...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »