Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadına qarşı zorakılıq niyə baş verir?
Qadına qarşı zorakılıq niyə baş verir?

Ötən həftələrdə Bakının Pirşağı qəsəbəsində kişi öz həyat yoldaşının başını kəsərək öldürdü. Öldürülən qadın Ləman Ələsəgərova ilə bağlı bir müddət əvvəl yerli telekanalların birində bir süjet yer almışdı. Ailəsində problem yaşayan gənc qadın, uşaqlarını da evdə qoyub, evdən getmişdi. Ailəsi onu efir vasitəsilə axtaran zaman qadın zəng edib, ana-atasından imtina etdiyini və əri ilə xoşbəxt olduğunu dilə gətirmişdi. Anası isə, qızının bu əməlindən peşman olacağını deyirdi. Ana haqqlı idi, sanki qızının başına gələcəklərdən xəbərdar idi. Aradan bir müddət keçdi və Ləman özünü çox xoşbəxt hiss etdiyi əri tərəfindən öldürüldü. Bu Azərbaycanda bu il baş vermiş növbəti qadın qətli, qadın cinayəti idi. Dünyasını dəyişən Ləman olsa da, yenı eyni telekanalda müzakirə edilmişdi, günahkar çıxarılmışdı.

Qadına qarşı zorakılıq niyə baş verir?

Psixoloq Ramin Hacıyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, qarşılıqlı anlayış olan ailələrdə heç bir zaman zorakılıq olmur. İnsanlar bir-biri ilə Pavlov nəzəriyyəsi ilə, “ikinci siqnal” vasitəsilə ünsiyyət qurmalıdırlar.

“Burada mən nitqi nəzərdə tuturam. Pavlov nəzəriyyəsi ondan ibarətdir ki, bizim “ikinci siqnal” sistemimiz, danışıq qabiliyyətimiz var. Əgər bizim danışıq qabiliyyətimiz düzgün istifadə olunursa, burada qarşılıqlı anlayış varsa, orada heç bir zaman zorakılıq ola bilməz. Çünki zorakılığın yaranma mühitində qarşılıqlı anlayış olmur. İnsanlar gərək bir-biri ilə düzgün şəkildə ünsiyyət qura bilsin. Bu zaman cəmiyyətdə zorakılıq hallarının səviyyəsi azalmış olar” - deyən ekspert hesab edir ki, Azərbaycan qadınları əsasən ailədə zorakılığa məruz qalır. Bura əsasən məişət zəmnində olan zorakılıq halları aid edilir.

Məsələn; övladın tərbiyəsində digər qohumların müdaxiləsi, qaynana, qaynata, baldız tərəfindən zorakılığa məruz qalan qadın həyat yoldaşı tərəfindən obyektiv şəkildə qiymətləndirilmir. Burada qadının hüquqları tapdanmış olur. Bu zaman müəyyən maddi faktorlar da ortaya çıxır. Maddi durumun zəif olması, hansısa istəklərin həyata keçirilməməsi və s. zorakılıq hallarının yaranmasına səbəb olur.

Psixoloq hesab edir ki, fikir ayrılığı olduğu təqdirdə hərhansı bir mövzuda zorakılıq meydana gələ bilər.

“Fikirlər fərqlidirsə, üst-üstə düşmürsə, təbii ki, zorakılıq yaranır. Əksər hallarda, qadının fikirləri qəbul olunmur və zorakılıq baş verir” - deyə psixoloq bildirir.

Azərbaycanda qadınların erkən ailə həyatı qurması, təhsildən yayındırılması, iqtisadi azadlıqlarının olmaması, nəticədə zorakılığa məruz qalmasına, qətlə yetirilməsinə gətirib çıxarır. Bəlkə fikrimi qəbul edənlər az olacaq, amma bu gün Azərbaycan cəmiyyəti uzaqdan qadın ikinci dərəcəli varlıq kimi baxan, dəyər verməyən bir cəmiyyətə çevrilib.

“Qadındır, başını əyib həyatını yaşasın. Qadındır, kişi işinə qarışmasın. Qadındır, nə verilirsə qane olmalıdır” -prinsipi ilə bir cəmiyyət nə qədər inkişaf edə bilər ki? Qadınlara təkcə məişət zəminində deyil, eləcə də, iş baxımından da zorakılıq tətbiq edilir. Məsələn; Azərbaycanda 67 nazir müavinindən cəmi 6-sı qadındır.

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »