Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağda hansı abidələr var və onlar bizə nələrdən xəbər verir...
Qarabağda hansı abidələr var və onlar bizə nələrdən xəbər verir...

Bəşər sivilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycanın ayrılmaz guşəsi olan Qarabağ ərazisidir. İlk növbədə buna səbəb insanların yaşaması üçün mülayim və münasib təbii şəraitin olmasıdır. Hələ paleolit dövründə bu ərazilərdə ilkin insan məskənləri meydana çıxmışdır. Bu ərazilərdə demək olar ki, butun dövürlərə aid abidələr mövcuddur. Qarabağda Azıx, Tağlar mağaraları, Xocalı kurqanları, Babadərviş, Qaraköpəktəpə yaşayış yerləri və s, abidələr Azərbaycan arxeoloqları tərəfindən tədqiq edilmişdir. Bu tədqiq edilən abidələr, Qarabağda mövcud olan abidələrin demək olar ki, cüzi hissəsidir. Yaxın zamanda işğaldan azad edilmiş ərazilərimizdə yeni-yeni abidələrin tədqiqinə başlanılacaq.

Tarixçi Mikayıl Mustafayev Bizimyol.info saytına açıqlamasında bildirib ki, Qarabağ əraziləri Antik və Orta əsrlərdə Albaniyanın ən inkişaf etmiş vilayətlərini özündə birləşdirirdi. Bu ərazilərdə xristian dövrünə aid çoxlu sayda memarlıq abidələri mövcud olub. Bundan əlavə Qarabağ ərazisində çoxlu sayda qalalar, qəsrlər də inşa edilmiş və dövrümüzə qədər onların bir hissəsinin qalıqları gəlib çıxıb: “Ərəb işğallarının başlanması ilə VII əsrin ortalarında Azərbaycan Ərəb Xilafətinin tərkibinə daxil olub. İslam dininin yayılması ilə əlaqədar Azərbaycanın xristian əhalisi dağlıq zonalara çəkilməyə məcbur olub. Bu səbəbdən Qarabağın dağlıq əraziləri xristianlığın mərkəzinə çevrilib”.

Azərbaycanın xilafətin tərkibinə qatılması onun sosial-iqtisadi və siyasi həyatında böyük dəyişiklərə səbəb oldu. İslam dini tədricən Azərbaycanın bütün ərazilərində bərqərar oldu. İslam dininin təsiri ilə Azərbaycan memarlığında yeni üslub, tikinti texnikası meydana gəldi. Yeni memarlıq nümunələrində əvvəllər formalaşmış yerli memarlıq ənənələrinin təsiri aydın sezilirdi. Qarabağda mədəniyyətin inkişafını izləyərək aşkar edirik ki, arxeoloji qazıntıların nəticələri müxtəlif tikililərin yüksək bədii tərtibatını təsdiqləyir. Məsələn, kapitellərin künclərində qoyun başlarının təsviri, Laçında, Qubadlıda, Xankəndidə, Şuşada, Ağdamda, Bərdədə tapılmış kolonnaların əsaslarının bədii tərtibatı xristian və bütpərəst memarlığının elementlərini özündə əks etdirir. Bunların analoqlarına Azərbaycanın Qəbələ, Mingəçevir, Təzəkənd, Şamaxı digər abidələrində də izləmək olar. Qarabağın şəhərləri - Ağdərə, Kəlbəcər, Xocavənd, Şuşa, Xankəndi, Tərtər, Füzuli, Cəbrayıl, Ağcabədi, Laçın, Qubadlı, Zəngilan Orta əsrlərdə meydana gəlib.

XI-XII əsrlərdə Azərbaycan memarlığında Şirvan-Abşeron və Naxçıvan, Marağa məktəblərinin yaranması və yeni memarlıq nümunələrinin meydana gəlməsinə səbəb olub: “Qarabağ memarlığında bu məktəblərin hamısının təsiri özünü göstərirdi. Belə ki, burada həm çiy kərpic, bişmiş kəpic, əhəngdaşı, çay daşı və qarışıq materiallardan istifadə edilərək memarlıq nümunələri inşa edilirdi. Qafqaz Albaniyasının tərkib hisssəsi olan Aşağı və Yuxarı Qarabağ ərazisində xristianlıq dövrünə aid bir çox abidələr var. Bu abidələr həm Azərbaycanda İslamdan öncə, yəni VII əsrdən əvvəl, həm də XII-XIII əsrlərdə -intibah dövründə tikilib.

Füzuli ərazisində Şeyx Yaqub türbəsi (XII əsr), Qoç Əhməd kəndində Cümə məscidi, Əhmədəlilər kəndində Hacı Ələsgər məscidi, Mir Əli məscidi və XIV əsrə aid olan digər məbədlər, Babı kəndində yerləşən səkkiz guşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsi, Əhmədallar kəndində, orta əsr qəbiristanlığının yerində sənduqəformalı qəbir daşı qalıb”.

Tarixçi bildirir ki, tikilmə tarixinə görə ən qədim binalardan biri Füzuli bölgəsinin Şıxbabalı kəndindəki türbədir, Abidənin üzərindəki kitabədən onun 1272-ci ildə tikildiyi aydınlaşır. Bu türbə səkkizbucaqlı, yuxarısı çatmatağ şəkilli günbəzlə örtülüb.

Ermənistan vandallarının dağıntısına məruz qalan qiymətli abidələrdən biri də Füzuli rayonu ərazisində yerləşən Qaraköpəktəpədir. Burada ilk araşdırmalar həvəskar alman arxeoloqu E.A.Resler, ondan sonra isə Rusiya İmperator Arxeoloji Cəmiyyətin üzvü A.A.İvanovski tərəfindən aparıb. Amma onların tədqiqatları əsaslı bir nəticə verməmişdi.

Tarixçi danışır ki, 1964-cü ildə arxeoloq Qüdrət İsmayılzadənin rəhbərliyi ilə burada əsaslı tədqiqatlar başlayır. Arxeoloji qazıntılar 80-ci illərin sonlarınadək davam etdirilir. Q.İsmayılzadənin tədqiqatları Qaraköpəktəpə haqqında təsəvvürləri köklü şəkildə dəyişdi. Aparılan arxeoloji tədqiqatlar abidənin e.ə. V minillikdən b.e XVIII əsrinə kimi yaşayış yeri olduğunu müəyyən edir. Burada aşkar edilən ən qədim saman qatışıqlı gil qablar eneolit dövrünə (e.ə IV-II minilliklər) aiddir. Tədqiqatçıların fikrincə, tapıntıların bir hissəsi Kür-Araz mədəniyyəti dövrünü əks etdirir. Bundan başqa, təpənin üst qatlarında son tunc, erkən dəmir və antik dövrlərə aid mədəniyyət nümunələri aşkar edilib götürülüb.

“Laçın rayonundakı Ağoğlan monastr kompleksi (IX əsr), Amaras monastr kompleksi (IV-IX-XII əsrlər), müqəddəs Yelisey məbədi kompleksi (V-XIV əsrlər) və Qandazar monastrı (1216-1240-cı illər), Aşağı Xaçın vilayətinin hakimi Həsən Cəlal tərəfindən bərpa edilib. Həsən Cəlal Qafqaz Albaniyasında uzun müddət hakimiyyətdə olmuş Mehranilər sülaləsinin və Gürcü çarı Tamaranın məşhur sərkərdələri Mxarqradzelilərin nəslindəndir. Bu dövrə aid olan maraqlı abidələrdən biri də Cicimli kəndində yerləşən Malik Əjdər türbəsidir. Bu abidəni ilk dəfə görmüş və nəşr etmiş İ.Şeblikin bu binanın Səlcuqilər dəvrünə aid olduğunu qeyd edir, bu da onun tarixini təxminən XII əsrə və yaxud XIII əsrin əvvəllərinə aparır”.

Onun sözlərinə görə, Kəlbəcər rayonu Vəngli kəndi ərazisində yerləşən Gəncəsər monastrı 1216-1238-ci illərə aiddir. Həmin kəndə məşhur olan Xudavəng monastrı XIII əsr abidələri sırasında xüsusilə seçilir. Cəbrayıl rayonu ərazisində yerləşən məşhur abidələrdən biri də Xudafərin körpüləridir. XIII əsr səyyahı Həmdullah Qəzvini "Nüzhət əl-qülub" əsərindəki Xudafərin körpüləri barədə məlumatları xüsusilə maraqlıdır. Müəllif yazır ki, Araz çayı üzərində Zəngilan yaxınlığındakı (onbir aşırımlı) körpü hicri tarixi ilə 15-ci ildə (636-cı il) Məhəmməd peyğəmbərin yaxın adamlarından Bərk ibn Əbdallah tərəfindən salınmışdır. Buna görə də "Xudafərin ", yəni "Allah yaratmış" körpü adlanır.On beş aşırımlı körpünü isə Karkar ticarət mərkəzinin yaxınlığında xeyriyyə məqsədilə Diya əl-Mülk Naxçıvani saldırmışdı.

Zəngilanın memarlıq abidələrindən biri də, Məmmədbəyli kəndindəki türbədir. Türbənin giriş qapısı üstündə nəsx xətti ilə yazılmış ərəbcə kitabə var. Həmin kitabədə Qurandan ayə, türbənin kimə məxsus olduğu və nə vaxt tikildiyi göstərilib. Türbənin 678 yaşı var. O,Yəhya ibn Məhəmməd Əl-həcc Seyid Əlinin türbəsidir. Haçalı qülləsi Məmmədbəyli kəndinin yaxınlığında dağın döşündə yerləşir.

“Şərifanda 1974-cü ildə aparılmış arxeoloji qazıntılar nəticəsində, xeyli miqdarda maddi-mədəniyyət qalıqları aşkar edilib. Əldə olunan arxeoloji materiallara əsasən, şəhər tipli yaşayış məskəni olan Şərifan XIV əsrdə salınıb və XVII əsrə kimi burada intensiv yaşayış olub” - deyən M. Mustafayev qeyd edir ki, Bərdə şəhərində də bir sıra memarlıq abidələri zəmanəmizə qədər salamat qalıb. Bu abidələr Tərtər çayı üzərindən salınmış məşhur körpü (VII-XI əsrlər), "Axsadan baba" türbəsi (XIV əsr), İbrahim Məscidi (VIII-IX əsrlər) və s.

Ağcabədi rayonu ərazisində yerləşən Qalatəpə şəhər yeri qədim abidələrdən biridir. Burada Mil-Qarabağ arxeoloji ekspedisiyası T.R.Əliyevin rəhbərliyi ilə tədqiqat işləri aparılmışdır. Arxeoloji qazıntı zamanı abidənin 0,7 metrlik üst təbəqəsinin IX-XIII əsrlərə aid olduğu müəyyənləşdirilib.

Qalatəpə şəhər yerində və onun ətrafında başlanan qazıntılar, burada Azərbaycanın zəngin mədəniyyətinin mühüm bir hissəsinin hifz olunaraq qorunduğunu aşkara çıxardı. Hazırda T.R Əliyev bu abidədə qazıntıları davam etdirir.

XIII əsr ərəb səyyahı Yaqut əl-Həməvi "Mücam əl-buldan" əsəsrində Bərdə şəhəri haqqında onun tikililəri haqda məlumat verir. Müəllif Beyləqan və Bərdə şəhərindəki tikililərin monqol-tatarların hücumları zamanı yerlə yeksan edildiyini xəbər verir. XIII əsr səyyahı Həmdullah Qəzvini "Nüzhət əl-qülub" əsəsrindəki Kür və Araz çayları arasındakı ərazini Aran vilayəti adlandırır.

“IX əsr ərəb səyyahı İbn Xordadbeh "Yollar və ölkələr haqqında kitab" əsərində Bərdə və Beyləqan şəhərlərinin çiy kərpicdən hörülmüş qala divarları ilə əhatə olunduqlarını bildirir” - deyən tarixçi bildirir ki, 30 il ərzində erməni vandalları tərəfindən yuxarıda qeyd olunan tarixi-memarlıq abidələri dağıdılıb, talan edilib, qədim yaşayış məntəqələrindəki tarix, mədəniyyət və mənəviyyat abidələrimizə ciddi ziyan vurulub.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »