Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yas içindəykən... etiraz
Yas içindəykən... etiraz

Və ya Saleh Rüstəmli probleminə baxış

Saleh Rüstəmov. Biz, onu Saleh Rüstəmli kimi tanıyırıq; yazıda bu cür adlandıracağıq. Saleh Rüstəmlinin müdafiəsi üçün bu gün müxalifət fəalları piketə toplaşmışdılar.

Saleh Rüstəmli az qala bir aydır, aclıq aksiyası keçirir. Azadlığa buraxılmağı tələb edir. Ölkə ictimaiyyətinin müxtəlif kəsimləri, bu şəxsin aclıq aksiyası keçirməsindən narahat olur. Hətta Saleh Rüstəmlini tanımayan ziyalılar, ictimai xadimlər, vətəndaşlar belə onun bu etirazına diqqətlə yanaşmağa çağırışlar ediblər. Ölkə prezidentinə xeyli müraciətlər edilib. Bunun səbəbi də odur ki, Saleh Rüstəmli, israrla aclığı davam etdirir və vəkili, yaxınları onunla görüşdən sonra məhbusun sağlamlığının kritik olduğunu deyirlər. Hüquq müdafiə təşkilatlarının rəhbərləri də ona baş çəkib. Bəzi beynəlxalq təşkilatlar da, Rüstəmlinin azadlığa buraxılmasına çağırış ediblər. Milli Məclisin insan hüquqları komitəsinin sədri Zahid Oruc isə deyib ki, Saleh Rüstəmli "Zəfər amnistiyası"na düşə bilər.

Göründüyü kimi, cəmiyyət həm Saleh Rüstəmlinin özünün həyatı üçün, həm dövlət üçün narahat olublar. Hər an hər şey ola bilər; həm bir vətəndaşımızı itirə bilərik, həm də Azərbaycana təzyiqlər etmək üçün maraqlı xarici dairələrə fürsət vermiş olarıq. Sağlam yanaşma və onun azadlığa buraxılması üçün çağırış edənlərin əsl motivi budur. Hər halda əksəriyyətin.

Bu gün keçirilməsinə cəhd olunan etiraz piketindəkilər isə, Saleh Rüstəmlinin bir zamanlar mənsubu olduğu təşkilatın, eləcə də, başqa müxalif dairələrin təmsilçiləri idi. Bununla bağlı mediada və sosial şəbəkələrdə yayılan fikirlər, rəylər birmənalı deyil. Rəsmi mövqe də məlumdur: aksiyanın icazəsiz olmasından tutmuş etiraz üçün şəhərin mərkəzinin seçilməsinə, eləcə də, ölkənin, cəmiyyətin belə bir hüznlü günündə etiraz piketi keçirməyə qədər fikir zənciri var. Dünənki helikopter qəzasında həlak olan zabitlərimizin bu gün dəfn mərasimi idi. Doğrudur, Saleh Rüstəmlinin həyatı üçün narahatlıq da hər gün artır; onun üçün hər an sonuncu ola bilər deyə məlumatlar da gəlir. Ancaq ölkə öz şəhidlərini dəfn etdiyi, yas içində olduğu məqamda bu aksiya heç də yerinə düşmürdü. Sosial mediada da belə yozumlar var ki, dünyanın diqqəti bu qəzaya görə Azərbaycana yönəldiyi vaxt müxalifət bundan yararlanaraq piket keçirməyə çalışır və sair. Hətta məqsədin heç də Saleh Rüstəmlini müdafiə etmək olmadığına və müxalifətin bu vəsilə ilə özünə diqqət çəkmək cəhdinə də vurğu edilir.

Bu fikirləri xüsusi olaraq şərh etmədən belə bir qənaətimizi bildirmək istərdik: bəli, aksiyanın keçirilməsi üçün gün seçimi yanlışdır. Bu, Saleh Rüstəmlinin həyatı üçün müsbət bir nəticə doğurmadığı kimi, elə müxalifətin özünə də ciddi ictimai emosional basqı yaradır, zərər verir.

Bütövlükdə dövlət, cəmiyyət üçün yaxşı fikir yaratmır. Başqa ölkələr şəhidlərimizə görə bizə başsağlığı mesajı göndərərkən, biz daxildə bir-birimizin niyə "başıını yarırıq"?! 14 şəhid zabitimizin dəfn olunduğu bir gündə - polisin və ictimai təhlükəsizliyi təmin edən qüvvələrin işinin onsuz da çox olduğu dəmdə, belə bir aksiya bir yandan da ümummilli faciəni fürsətə çevirmək cəhdi kimi göründü sanki. Hər halda, rəsmi məqamlarda və sosial media seqmentinin bir çox resurslarında, məhz o cür qiymətləndirildi. Bizə görə, bu, piket təşəbbüsçülərinin və təşkilatlarının ən böyük səhvidir. Bir addım irəli atmaq istərkən, iki addım geri düşmək bu olsa gərək.

Ancaq iqtidarın da bəzi reallıqları görməsi lazımdır; artıq xeyli müddətdir ki, Saleh Rüstəmlinin səhhəti ilə bağlı həyəcanlı çağırışlar, konkret ünvanlara müraciətlər edilir. Məsələnin həllini bu qədər uzatmaq, zənnimizcə, lazım deyildi; heç olmasa, hüquq-müfafizə orqanları səviyyəsində, yaxud başqa uyğun səviyyələrdə bu işə reaksiya verilməli, müəyyən addımlar atılmalı idi. Saleh Rüstəmliyə görə ajiotaj yaranmasına imkan verməmək lazım idi. Onsuz da Azərbaycana, yumşaq desək, bədxah olan qüvvələr, ölkəyə zərər vermək üçün bəhanə axtarır, fürsət qovlayır. Bu məsələ ilə bağlı bir qərar veriləcəksə, onu mümkün qədər tez vermək lazımdır.

Saleh Rüstəmlini 2019-cu ilin əvvəlində Ağır Cinayətlər Məhkəməsi 7 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Cəzasının bir hissəsini çəkib. Özünün və övladının ağır xəstəliyi olduğu bildirilir. Bunları araşdırıb, müvafiq bir addım atmaq olar. Bu ölkədə ən ağır cinayət dövlət çevrilişinə cəhd, terrorçuluq və sair kimi əməllərdir. O əməlləri törədərək həbsxanaya düşmüş, cəzasının bir hissəsini çəkənlər, hətta "ömürlük"lər arasından belə zaman-zaman azadlığa buraxılanlar var. Onlardan çoxu əfv edilərkən, yaxud məhkəmə qərarı ilə cəzasının çəkilməmiş hissəsindən azad olunarkən ailə vəziyyəti və xəstəliyi əsas götürülüb. Bu halda da, eyni yanaşma seçilə bilər.

Əlbəttə, bu, ölkə prezidentinin preoreqatividir; əfvlə bağlı o, qərar verə bilər. Yaxud məhkəmə, Saleh Rüstəmli işinə yenidən baxa bilər. Hər halda bunun leqal, hüquq çərçivsində bəlli prosedurları var. Bəli, məsələnin siyasi rəngi var; Saleh Rüstəmli Rusiyada pul toplayaraq AXCP-yə ötürməklə "çirkli pulların yuyulması" kimi bir cinayətdə günahlandırılır; qarşıduran siyasi qüvvələrin rəqabəti deməsək, qarşıdurması mühitində belə şeylər baş verə bilir. Rüstəmli, müxalifəti maliyyələşdirməkdə günahlandırılır. O isə, bunu inkar edir. Bunun detallarına varmayacağıq. Burda məsələyə insani mərhəmət hissindən də yanaşmaq olar. Hər halda ümid edirik ki, problem hüquqi çərçivələrdə və insani motivlərlə həllini tezliklə tapacaq.

Seyid Əhmədli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »