Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Kişilərin təhsil səviyyəsində geriləmə var, qadınlarda isə əksinədir"
"Kişilərin təhsil səviyyəsində geriləmə var, qadınlarda isə əksinədir"

Azərbaycanda qadına qarşı zorakılıq halları durmadan artır. Qadınlar döyülür, qətlə yetirilir. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevin sözlərinə görə, bu il ərzində qaynar xəttə 7 min 647-si ailə münaqişəsi, məişət zorakılğı müraciət daxil olub. Onun sözlərinə görə, DİN-in sosial şəbəkələrinə 100-dən çox şikayət, həmçinin KİV-lərdən, ailə-qadın cəmiyyətlərindən də 90-dan artıq müraciət daxil olub. Məlumata görə, il ərzində 602 sayda ailəli qadın ərləri tərəfindən döyüllüb. DİN-ə 4 min 52 döyülmə faktı ilə bağlı məlumat daxil olub və öz təsdiqini tapıb.

Bəs zorakılıq hallarının qarşısını necə almaq olar?

Sosioloq Nail Cəlil Bizimyol.info saytına açıqlamasında bildirib ki, hər şeydən əvvəl belə zorakılıq hallarının artmasına gətirib çıxaran səbəbləri aradan qaldırmaq məqsədəuyğundur. Yəni, əsas diqqəti sosial-iqtisadi çətinliklərin tənzimlənməsinə, məşğulluq, işsizlik, maddi-məişət, mədəni-mənəvi həyatın təşkili kimi vacib problemlərin həllinə yönəlməlidir. Bu istiqamətdə maarifləndirməni və təbliğatı daha effektiv, sistemli bir şəkildə qurmaq çox önəmlidir.

"Son dövrlərdə kişilərin təhsil səviyyəsində xeyli geriləmə, qadınlarda isə əksinə, təhsil səviyyəsini yüksəltmə meyli daha çox müşahidə olunur. Kişilərin təhsil sahəsində qismən geriləməsi də, zorakılıq faktorlarını artıran amillərdəndir. Çünki dünyagörüşünün, biliklərin, təhsilin məhdudluğu, bu səbəbdən karyera imkanlarının yoxluğu, gəlir əldə etməyin çətinləşməsi, qadının təhsilli və daha üstün görünməsi nəticəsində ənənəvi stereotiplərin dəyişməsi, psixoloji baxımdan zəif və aciz görünmək kişilərdə qarşı cinsə aqressiyanı, həsədi və zorakılığı xeyli artırır” - deyə sosioloq bildiirb. Onun sözlərinə görə, çıxış yolu hüquq bərabərliyi çərçivəsində tərəflərin gender maraqları və balansının qorunmasındadır. Müxtəlif peşələr üzrə geniş təhsil və ixtisaslaşma, əmək bazarının məqsədli genişləndirilməsi, məşğulluqla bağlı sosial təminatın təkmilləşdirilməsi, xüsusən, asudə vaxtın səmərəli və faydalı təşkili, ailələrə maddi-mənəvi və psixoloji dəstəyin gücləndirilməsi, gənc ailələr üçün aktual olan mənzil-məişət məsələlərinin effektiv həlli vəziyyəti kökündən müsbətə doğru dəyişə bilər:

“Müvafiq sosial proqram və xidmətlərin təşkili çərçivəsində bu istiqamətdə dərinləşdirilmiş sosioloji, eləcə də, sosial-psixoloji tədqiqatlar aparmaq da tərəfimizdən tövsiyə edilir. Bu işi Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Tədqiqatlar Mərkəzi, Gənclər və İdman Nazirliyi, Dövlət Statistika Komitəsi, digər əlaqədar qurumlar birgə təşkil edib həyata keçirsələr, daha yaxşı olar. İstənilən halda müstəqil tədqiqatçıların, araşdırma mərkəzlərinin bununla bağlı oxşar təşəbbüslərini alqışlamaq, dəstəkləmək ümumi işin yalnız xeyrinədir”.

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »