Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hüquq-mühafizə qurumları da ailə problemlərinə birbaşa müdaxilə etmək istəmirlər"
"Hüquq-mühafizə qurumları da ailə problemlərinə birbaşa müdaxilə etmək istəmirlər"

Azərbaycan Hüquq Mühafizə Orqanları ailədaxili zorakılıq hallarına birmənalı yanaşır, hüquq pozuntusunu aradan qaldırmaq yerinə barışdırıcı mövqe tuturlar.

Ötən il Nizami rayonu Polis İdarəsinin əməkdaşının həyat yoldaşını şikayətə getdiyi polis idarəsində qətlə yetirməsi də buna əyani sübutdur. Qadın, polis əməkdaşı olan həyat yoldaşından şikayətə gedir. Şikayət olunan həyat yoldaşı idarəyə çağrılır və qətl...

Bu məsələyə başqa baxışla yanaşıb, qadının şikayətini qəbul edib, həyat yoldaşı ilə ayrı söhbət etmək, ifadəsini almaq və hətta mühafizə orderinin çıxarılması üçün işi məhkəməyə qədər yüksəltmək olardı. Ancaq asan yol bu gün “barışıq yolu” hesab edilir. Bəzən Hüquq Mühafizə Orqanlarının əməkdaşları anlamaq istəmir ki, əgər qadın ərindən polisə şikayət edəcək həddədirsə, deməli, artıq barışıqdan keçib.

Nail Cəlil Nail Cəlil

Sosioloq Nail Cəlil Bizimyol.info saytına müsahibəsində bildirib ki, əslində, son dövrlərdə hüquq-mühafizə qurumları sosial təyinatlı nazirlik və komitələrlə müqayisədə zorakılıq probleminin həlli istiqamətində daha fəaldırlar. Məsələn; artıq güc strukturları bu məsələdə mediasiya ilə və ya zorakılıq zəminində cinayət törətmiş şəxsləri həbs edib cəzalandırmaqla kifayətlənmirlər, həm də geniş təbliğat, maarifləndirmə tədbirləri aparırlar: “Daxili İşlər Nazirliyinin “Zorakılığın bütün növlərinə son” şüarı ilə keçirdiyi tədbirlər, vətəndaşların öz hüquqları ilə bağlı geniş məlumatlandırılması, bununla bağlı sosial çarxların çəkilib yayımlanması deyilənlərə əyani misaldır. Polisin bu kimi hadisələrə bir qədər gec, hadisə baş verəndən, qadın və ya kişi tərəf müqabili, həyat yoldaşı tərəfindən öldürülməsinə gəldikdə, təəssüf ki, dünyanın ən inkişaf etmiş ölkələrində də buna oxşar vəziyyət hökm sürür. Səbəb ondan ibarətdir ki, hətta hüquq-mühafizə qurumları belə, ailədaxili zorakılığa “ev içində daxili münaqişə” kimi yanaşırlar, ailə problemlərinə birbaşa müdaxilə etmək istəmirlər. Əslində, polisin zorakılığa cəmiyyətin müvafiq problemə münasibətinə adekvatdır”.

Ekspertin fikrincə, müşahidə olunan müsbət təmayül odur ki, son dövrlər güc strukturları zorakılıq problemlərinin həllində fəal əməkdaşlıqla bağlı cəmiyyətə açıq çağırışlar edirlər. Düşünürəm ki, bu kifayət etməsə də, irəliyə doğru atılan əhəmiyyətli addımdır.

Ekspert, Azərbaycanda "əxlaq polisi" kimi bir dəstək qrupunun yaradılması təşəbbüsünün tərəfdarı deyil. Onun fikrincə, bu təşəbbüs, zorakılıq problemini həll etməyəcək. Əksinə, vəziyyəti daha da mürəkkəbləşdirəcək: “Əxlaq polisi yaratmaq əvəzinə, əxlaqi-mənəvi dəyərlərin qorunub saxlanılması, möhkəmləndirilməsi istiqamətində zəruri addımlar atmaq daha məqsədəuyğundur.

Küçədə, ictimai yerlərdə, hətta konkret mənzillərdə, ünvanlarda qeyri-etik, əxlaqa zidd, ictimai asayişi pozan hər hansı fakt qeydə alındıqda polis onsuz da birbaşa müdaxilə edir. Bu mənada, əxlaq polisi yaratmaq əlavə təzyiqi artırmaq, onsuz da problemlərlə yüklənmiş insanları dolayı psixoloji təzyiq və ya zorakılıqla üz-üzə qoymaqdır. Biz hər evin qarşısına da mühafizəçi və ya polis postu qoya bilmərik. Nəhayət, polis özü də insandır, vətəndaşdır. Bütün məsuliyyəti, hüquq-mühafizə orqanlarının, polisin üzərinə yükləmək sonda gözlənilməz əks nəticələr də verə bilər”.

Müsahibimiz qeyd edir ki, zorakılıq faktlarının aradan qaldırılmasında, qarşısının alınmasında cəmiyyətin rolu hər zaman həlledici təsirə malikdir. Hər bir insan məhz cəmiyyətdə özünü təsdiqləyir, ifadə etməyə çalışır. Hər ailə də cəmiyyətin normalarını, dəyərlərini daşıyır, real həyatda özünəməxsus kiçik dövlət kimi çıxış edir. Bu mənada, cəmiyyət kütləvi şəkildə zorakılığa qarşı çıxarsa, burada ictimai rəyin, xüsusən, ictimai qınağın yetərincə müsbət təsiri ola bilər. Öncə insanları buna hazırlamaq, fərdi şüuru və ictimai fikri medianın, digər təsir vasitələrinin köməyi ilə zorakılığa qarşı kökləmək vacibdir.

Xüsusi qeyd: Zorakılığa məruz qalanlar və ya çevrəsində zorakılığa məruz qalan şəxslər, dəstək almaq üçün müraciət edəcəkləri bütün xidmətlərin əlaqə nömrələrini aşağıdakı keçiddən əldə edə bilərlər:

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »