Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ən böyük travma yaşadan məhz psixoloji zorakılıqdır"
"Ən böyük travma yaşadan məhz psixoloji zorakılıqdır"

Statistikaya görə, bütün dünyada ailə-məişət münaqişələri müstəvisində daha çox şiddətə, zorakılığa məruz qalanlar əsasən, qadınlar və uşaqlardır. Başlıca səbəb son iki ərzində davam edən pandemiya, əksər zümrələrə, ailələrə təsir göstərən sosial-iqtisadi çətinliklərdir. Əslində, boşanmaların, kəskin fikir ayrılıqlarının sürətlə artmasının mühim səbəblərindən biri də budur. Qoyulan məcburi məhdudiyyətlər, qadağalar insanların həyatına, düşüncəsinə, davranışına birbaşa mənfi təsir göstərir. Bu mənada, tək qadınlara deyil, kişilərə qarşı da şiddət, zorakılıq faktları xeyli çoxalıb. Xüsusən, ailə problemləri müstəvisində, iş mühitində üzləşdikdə mənəvi-psixoloji təzyiqləri, qazanmaq, gəlir əldə etmək imkanlarının nisbətən məhdudlaşmasını buraya əlavə etdikdə insanların hazırkı dövrdə gərgin, narahat olmasının, şiddətə meyillənməsinin səbəbləri aydın görünür. Bunlar birbaşa səbəblərdir.

Əhəmiyyətli təsir göstərən subyektiv (və ya dolayı) səbəblər sırasında medianın, sosial şəbəkələrdən istifadənin ailə həyatına, qadınların, uşaqların davranışına, rəftarına mənfi təsiri dayanır. Yanlış təbliğatlar, insan hüquqlarının, gender bərabərliyinin KİV-də ailə dəyərlərinə, ənənələrə, mövcud mənəvi-əxlaqi stereotiplərə qarşı qoyulması da zorakılıq halları və faktlarını nəzərəçarpacaq dərəcədə artırır.

Nail Cəlil Nail Cəlil

Sosioloq Nail Cəlil Bizimyol.info saytına verdiyi müsahibədə, cəmiyyətdəki qadına qarşı zorakılıq hallarının baş vermə səbəbləri, riskli ailələrin müəyyən edilməsi və s. bu kimi məsələlərə aydınlıq gətirib:

- Zorakılıq halları nədən qaynaqlanır?

- Tədqiqatlar göstərir ki, ümumilikdə zorakılığı doğuran səbəblər çoxvektorlu amilləri əhatə edir. Şərti olaraq, burada ümumi, tipik-səciyyəvi, fərdi-spesifik səbəblər çoxluğunu fərqləndirmək mümkündür. Bu mənada, sosial streslərin artan dinamikası, eləcə də informasiya stressinin genişlənməsi burada həlledici faktorlardandır. Zorakılıq sözü hərfi mənada şiddət və ya “hücum etmək” mənasını ifadə edir. Bu cəhətdən, zorakılıq qarşı tərəfi və ya digər şəxsləri öz istəyinə uyğun, öz mənafeyinə uyğun davranmağa vadar cəhdidir. Bir sözlə, zorakılıq edən öz istəyinə təzyiqlə, vadar etməklə, zor tətbiq etməklə nail olmağa çalışır. Zorakılıq çox vaxt digər insanlara və ya tərəf müqabilinə münasibətdə fiziki güc tətbiq etmək kimi başa düşülür. Reallıq ondan ibarətdir ki, fiziki zorakılıqla yanaşı, psixoloji və sosial zorakılıq hallarına getdikcə daha çox rast gəlinir.

Psixoloji və ya mənəvi zorakılığa hədələmə, verbal təhqir, gözlə və jestlə təzyiq, şantaj, cinsi zorakılıq və s. aid edilir. Fiziki zorakılıqla yanaşı, insana ən böyük travma, kəskin stress yaşadan, uzunmüddətli təsir, iz qoyan məhz psixoloji zorakılıqdır.

- Hansı ailələrdə zorakılıq halları daha çox müşahidə edilir, təhsil və iqtisadi vəziyyətin buna təsiri varmı?

- Öncə qeyd etdiyimiz kimi, təhsil problemləri və sosial-iqtisadi vəziyyət, insanların rifah vəziyyəti onların düşüncəsinə, həyatına, davranışına birbaşa təsir göstərir. İstənilən insan maddi-mənəvi sıxıntı keçirəndə, imkanları tükənəndə, bilik və bacarıqları, iş qabiliyyəti yaşayışını, gələcəyini, xüsusən, ailəsinin ehtiyaclarını təmin edə bilməyəndə istər-istəməz narahat olur, qəzəblənir, aqressivləşir, acıqlı olur, özünə və ətrafına qarşı mənfi reaksiya, şiddət göstərməyə başlayır. İnsanın öncə təhlükəsizliyə, normal yaşayışa olan zəruri ehtiyacları, sonra sosial, mədəni, təhsil, yaxşı yaşamaq, yüksək gəlir qazanmaq, gələcəyini təmin etmək tələbatları ödənməlidir. Dünya ölkələri arasında müqayisə aparsaq, təhsil səviyyəsinin yüksək olduğu ölkələrdə (məsələn, Yaponiyada, Norveçdə, İsveçdə, Koreyada, Böyük Britaniyada və s.) insanların maddi rifahının, sağlamlıq, uzunömürlülük göstəricilərin yetərincə yüksək olduğunu görərik. Təhsil səviyyəsi ilə uzunömürlülük, rifah göstəriciləri arasında birbaşa asılılıq və əlaqə olduğu kimi, zorakı davranış, və ya zorakılığın artıb azalması arasında da müəyyən korrelyasiya asılılığı var. Bu, o deməkdir ki, təhsil əksər hallarda olduğu kimi, zorakılıq problemlərinin həllində də əhəmiyyətli təsirə malikdir.

- Riskli ailələri necə müəyyən etmək olar?

- Azərbaycanda zorakılıq problemi ilə bağlı riskli ailələrin müəyyənləşdirilməsi, bu istiqamətdə önləyici (profilaktik) tədbirlərin, müvafiq proqramların, xidmətlərin hazırlanıb həyata keçirilməsi əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kompetensiyasına aiddir. Bununla yanaşı, müxtəlif risk qruplarına aid olan ailələrin sosial cəhətdən dəstəklənməsi, zəruri hallarda onlara ünvanlı sosial yardımın ayrılması, müxtəlif müavinətlərin verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin funksional vəzifələrindəndir. Şəraitdən, vəziyyətdən, şərtlərdən asılı olaraq, belə ailələri müəyyənləşdirmək, eləcə də, zorakılıq riskinin qarşısını almaq üçün çeşidli metodologiyalar, yetərincə effektiv, faydalı prosedurlar, praktik, səmərəli metodlar var. Ailə problemlərinin, ailə zorakılığının sosial-psixoloji təhlili, sosial iş – effektiv sosial təsir metodları vasitəsilə həlli, aradan qaldırılması hazırda bütün dünya, eləcə də Azərbaycan ictimaiyyəti üçün böyük aktuallıq kəsb edir. Bütün dünyada, o cümlədən, postsovet məkanına daxil olan ölkələrdə dəyişən, yeniləşən şərait ailə məsələlərinə - ailə zorakılığı probleminə münasibəti də kökündən dəyişir. Bir tərəfdən, sosial – iqtisadi tərəqqinin yüksəlməsi, informasiya – kommunikasiya əlaqələrinin sürətli inkişafı bu barədə geniş məlumatlar əldə etmək, dolğun təsəvvür oyatmaq imkanını artırır, digər tərəfdən, bu zaman yüksək insani, əxlaqi dəyərlərlə yanaşı, ailə təsisatına mənfi təsir göstərən dağıdıcı amillərin kütləviləşməsi üçün əlverişli zəmin yaranır. Burada keys-menecmenti ailə problemlərinin həllində çevik, kreativ metodlardan biri kimi təqdim etmək mümkündür. Ümumilikdə, məsələni, zorakılıq problemini kompleks şəkildə bütün mümkün mənfi təsirləri uğurlu şəkildə neytrallaşdırmaqla, müsbətə doğru dəyişməklə həll etmək mümkündür.

Xüsusi qeyd: Zorakılığa məruz qalanlar və ya çevrəsində zorakılığa məruz qalan şəxslər, dəstək almaq üçün müraciət edəcəkləri bütün xidmətlərin əlaqə nömrələrini BU LİNKdən əldə edə bilərlər.

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »