Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı

Gördüyü işlər, şagirdləri ilə isti və səmimi münasibəti ilə sosial mediada məşhurlaşan, hamının sevimlisinə çevrilən müəllim Həbib Əlizadə işlədiyi məktəb kollektivi tərəfindən təzyiqlərə məruz qalıb.

Bu barədə Həbib Əlizadə özü Bizimyol.info saytına açıqlama verib. O, bildirib ki, ikinci iş yeri kimi müvəqqəti işlədiyi Astara 2 nömrəli məktəbdən ayrılmağa məcbur qalıb.

“Bu məktəbdə 2 ay işlədim. Lakin artıq işlədiyim bir ay müddətində şagirdlərlə çox yaxşı səmimiyyət qurmuş, əlavə olimpiyada hazırlığı təşkil etmiş, maraqlı videoroliklər çəkmişdik. Amma təssüflər olsun ki, məktəbin bir qrup müəllimi dərs dediyim şagirdləri mənə qarşı qaldırmağa çalışdılar.

Burada iki məqsədin olduğunu düşünürəm. Birincisi, qısa müddətdə şagirdlərin mənim ətrafımda cəmləşməsi, səmiyyəti həmin qrupu narahat etdi. İkinci məsələ isə odur ki, həmin məktəbdə bu işə rəhbərlik edən, səlahiyyətli şəxs narahat olub ki, mən onun yerinə, vəzifəsinə keçə bilərəm. Həmin bir qrup müəllim mənə qarşı müxtəlif təzyiqlər göstərdilər.

Bəhanə etdilər ki, sinifdən şagirdlərin səsi gəlir. Amma anlamıram ki, burada problem nədir? 21-ci əsrdə yaşayırıq və yeni təhsil sistemi ilə dərs keçirik. Bu halda sinifdən şagirdlərin səsinin gəlməsi ən normal haldır. Daha sonra direktora şikayət etdilər, mənə iftiralar atmağa başladılar ki, işlərin keyfiyyətsizdir və s.

Həmin məktəbin direktoru yeni təyin olunub və diam mənim haqda kollektiv qarşısında xoş sözlər söyləyirdi. Düşünürəm ki, bu onları qorxuya salıb və narahat olublar ki, mənə hansısa vəzifə verilə bilər. Amma mən orada da bildirmişdim ki, mən müəllim olaraq çalışmağa gəlmişəm. Mənim hansısa vəzifədə gözüm olsaydı, öz kəndimizin məktəbində namizəd kimi durardım”.

Həbib Əlizadənin sözlərinə görə, ümumi olaraq, bu məktəbin psixoloji tədris mühiti öz yerində deyil. “Bu münasibətlər yetərli səviyyədə qurulmayıb. Bu səbəbdən də bəzi müəllimlərlə belə anlaşılmazlıqlar yaşanır.

Bəhs etdiyimiz bir qrup müəllimin və ya illərlə kök salmış “qrup”un yeniliklərə imkan verməməsi ona səbəb olur ki, müəllim və şagird münasibətləri daha müasir səviyyədə qurulmur və ən əsası şagirdlərin sərbəst, açıq fikirli, özgüvənli böyüdülməsinin qarşısını alır. Bu münasibətlər qurulmayan siniflərdə təhsil alan uşaqların özgüvəni zəif olur, demotivasiya edildiş olurlar.

Əslində şagirdlər yeniliklərə hazırdırlar. Amma təəssüflər olsun ki, onların içərisində olan bir neçə şagirdi də müəllimlər yalnış yönəldirlər. Orada elə müəllimlər olub ki, bu iki ay müddətində mənim qiybətimi edib, münasibətimi, metodlarımı pisləyib və s. Yəni həmin müəllim sinifə girib öz dərsini deməkdənsə, başqa bir müəllimi gözdən salmaqla məşğul olub.

Amma kənardan ora baxıb övladlarımıza necə tip adamların müəllimlik etdiyini gördükdə insan sadəcə təəssüflənir. Bu həm də təhsilin düşdüyü vəziyyətin və onu xilasına çalışanların vəziyyətinin müqayisəli xülasəsidir”,- deyə bildirib.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »