Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
"Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"

Noyabrın 30-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda (Bakıdan 70 kilometr şimal) təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub və 2 nəfər xəsarət alıb. Yerli medianın məlumatına görə, həlak olanların əksəriyyəti yüksək rütbəli zabitlərdir.

Baş vermiş helikopter qəzası ilə bağlı sosial şəbəkələrdə daha çox "komplo teorisi" - konsperasiya nəzəriyyəsinə əsaslanan şərhlər yer alır. Ən çox verilən sual isə "bu qədər yüksək rütbəli hərbçi necə bir helikopterdə uçub?" fikridir.

Komplo teorisi nədir?

Təlimçi, Sosial Araşdırmaçı, Beyinix - sosial araşdırma və təlim agentliyinin təsisçisi, BƏT-in (Beynəlxalq Əmək Təşkilatı) "Öz Biznesinə Başla" proqramının biznes təlimçisi Orxan Şahbaz Bizimyol.info saytına bu barədə danışıb:

Orxan Şahbaz Orxan Şahbaz

“Hər hansı bir hadisə baş verir. Baş verən hadisənin arxasında xüsusi güclərin dayandığını, bizim bilmədiyimiz məlumatların olduğunu və daha böyük güclərin olduğunu iddia edən şərhlərin toplusu konsperasiya nəzəriyyəsi –“Komplo teorisi” adlanır” - deyən O.Şahbaz bildirir ki, kütlə hər zaman buna yönəlir.

Sosial araşdırmaçının sözlərinə görə, "sərfəli evristika" deyilən bir fikir var, yəni insanlar hər zaman mahiyyəti deyil, görüntünü mühakimə etməyə meylli olurlar.

Təlimçi qeyd edir ki, qiybət psixologiyasına nəzər salsaq, görərik ki, qiybətin özü bir konsperasiya nəzəriyyəsidir. Qiybət zamanı insanlar necə görürlərsə, görüntüsünə görə mühakimə etməyə başlayırlar. Bu, bütün dünyada və bütün sürü psixologiyasında belədir: “Amma Azərbaycan və Azərbaycan kimi şərq cəmiyyətlərində daha çox yayılıb. Artıq bu ciddi bir problemə çevrilməyə başlayır. Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır. Mahiyyət kənarda qaldıqca, ortaya istədiyimiz nəticələr çıxa bilmir”.

O.Şahbaz bildirir ki, sosial psixologiyada bir fikir var. Heyvanlar sürü şəklində olanda ağıllı olurlar, insalar kütlə şəklində olanda sözün əsl mənasında kütləşirlər. Yəni sadəcə hərəkət edir, reaksiya verir və düşünmürlər. Kütlə sadəcə? reaksiya verir, düşünmür. Konsperasiya nəzəriyyəsi də bundan əmələ gəlir. Biri edir, digəri də onun arxasında getməyə başlayır.

“Mənim bir dayım var, daim çayxanalarda oturur. Və o deyir ki, “Putin Amerikanın agentidir”. Konspirasiya hər zaman insanlarda çaşqınlıq yaradır. Və bunu daha çox siyasi gedişatlarda, sosiologiyada istifadə edirlər. Şirkət daxilində və yaxud ictimaiyyət arasında hər hansı bir hadisəni vəziyyətdən çıxarmaq, şəklini formasını dəyişmək üçün bu tipli taktikalardan istifadə edirlər”?- deyə Orxan Şahbaz əlavə edib.

Ötən gün baş verən helikopter qəzasına gəldikdə isə, O.Şahbaz deyir ki, sosial şəbəkələrə nəzər salan zaman 3-4 il əvvəl BƏƏ-də baş vermiş olan helikopter qəzasını insanlar Tiktokda, İnstagramda, Facebookda həmin qəzanın görüntüləri kimi təqdim edirlər: “Bəlkə heç onu paylaşanlar da bilmir ki, nə paylaşır, nədir bu. Ümumiyyətlə, heç kimin xəbəri yoxdur. Hamı dayanmadan paylaşır. Qurunun oduna yaş da yanır. Konsperasiya nəzəriyyəsi buradan yaranır. Hərbi proseslərdə, müharibə dövründə də belə idi. Məsələn, mən hərbi xidməti kəşfiyyat və xüsusi bölmələrdə keçmişəm. Orda da belə idi. Səngərdə baş verən hadisələr, cəmiyyətə şəkli dəyişmiş formada çatırdı. Çünki kütlə analiz edə bilmədiyinə görə, hər kəs şişirə-şişirə gəlib bu vəziyyətə çatır. Hətta bununla bağlı bir kütlə oyunu var. Bu oyunu mən hər zaman təlimlərdə edirəm. Adamın qulağına bir söz deyirsən, digəri dəyişdirib o biri adamın qulağına deyir. Beləcə 50 adam içərisində birinci adamın dediyi ilə 50-ci adamın öyrəndiyi fikir tamam fərqli olur. Məsələn, birinci adama çəkic sözünü demisinizsə, 50-ci adam bunu çəkic deyil, iynə kimi deyə bilər”.

Təlimçinin sözlərinə görə, bu, qeybətin, konspirasiyanın, kütlənin bu şeylərə necə meylli olduğunun göstəricisidir. Bu, çox maraqlı oyundur. Bəzən siyasətdə elə məqamlar olur ki, həmin vəziyyəti yaradan adamlar konspirologiyadan istifadə edirlər. Ortada qarışıq bir situasiya yaradırlar ki, kütlə bunu müzakirə etsin və baş qarışsın: “Bu vəziyyət də mənə çox qəribə gəlmir. Dünyanın bütün ölkələrində belə hadisələr baş verir. Biz sadəcə, fikirlər irəli sürə bilərik ki, ekipaj üzvləri niyə bu qədər idi? Proses necə olub? Rəsmi açıqlamadan sonra analiz etmək olar. Kütlədə deyilənlərdən uzaqlaşıb, özün düşünüb, özün qərar verməyə çalışmalısan”.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »