Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Əgər bir narkomanın pulu varsa, onun narkoman olduğu bilinməyəcək”
“Əgər bir narkomanın pulu varsa, onun narkoman olduğu bilinməyəcək”

Bu gün Milli Məclisdə “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmə keçirilib. Dinləmədə bir çox deputatlar müəyyən təklif və layihələrlə bağlı öz fikirlərini bildiriblər.

MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycanın narkomanlıqla qətiyyətlə mübarizə aparan ölkələr sırasında olduğunu qeyd edib.

Azərbaycan qanunvericiliyində narkotik və narkotiktərkibli maddələrin istifadəsinə və satışına qarşı hansı qanuni prosedurların tətbiq olunduğunu, bu sahədə hansı çatışmazlıqların mövcud olduğunu öyrənmək üçün mediator, hüquqşünas Zaur Seyidzadə ilə söhbətləşdik.

Bizimyol.info həmin müsahibəni oxucularına təqdim edir:

- Zaur bəy, narkomaniya ilə mübarizə üçün ilk öncə hansı amillər nəzərə alınmalıdır? Qanunvericilikdə narkomaniyanın müalicəsi hansı əsaslarla təşkil edilir?

- İlk öncə onu qeyd edim ki, narkomaniya ilə mübarizə üçün insanların maddi vəziyyəti nəzərə alınmalıdır. Həkimlər bu xəstələrdən müalicələri üçün pul tələb edirlər. Hal-hazırda qanunvericiliklə narkomaniyanın müalicəsi pulsuz olaraq nəzərə alınmalıdır. Burada müəyyən cəza tədbirləri də nəzərdə tutulmaldır. Cəza tədbirləri dedikdə, əsasən sərhəd rayonlarını və xarici ölkələrdən gələn narkotik vasitələrin həmin sərhəd rayonlarından keçişinin qarşısının alınmasını nəzərdə tuturam. Digər bir məsələ də ondan ibarətdir ki, narkoman özünə “mal” axtarmaq üçün başqasını bədbəxt etməsin. Bu sahədə də işlər görülməlidir. Elə etmək lazımdır ki, O, özü kimi bir başqasını da bədbəxt etməsin. Narkomaniya elə bir bəladır ki, o, başqasını da bu yola çəkməyə vadar edir. Hansı ki, narkomanın öz narkotik vasitəsi qurtarır və onu almağa pulu olmur. O da bir başqasını bu yola cəlb edərək, həm onun pulundan istifadə edir, həm də onu özü kimi bədbəxt edir. Narkotik vasitələr elə bir bəladır ki, onun qarşısını həmişəlik almaq mümkün olmayacaq. Sadəcə olaraq, elə etmək lazımdır ki, bir narkoman digər şəxsləri bədbəxt etməsin. Ümumiyyətlə, insan elə bir varlıqdır ki, ona nəyi qadağan etsən, həmin qadağaya yönələcək.

-ABŞ və bəzi Avropa dövlətlərində narkoloji vəziyyəti və eləcə də bu zəhər növündən istifadə edən şəxsləri müəyyən nəzarətdə saxlamaq üçün bu vasitələrin satışı qanuniləşdirilib və istifadəçilər bunu qanuni yollarla əldə edirlər. Sizcə, Azərbaycanda bunu müəyyən çərçivədə qanuniləşdirib, nəzarət altına almaq mümkündürmü?

- Narkodispanserlərdə bununla bağlı müəyyən bir proqram var. Orada narkotik istifadəçilərinə həmin məhsul pulsuz verilməlidir. Amma çox az sayda və müəyyən şərtlərlə verilir. Əgər belə bir şey olsa, ölkədə narkomaniyanın qarşısını almaqda bir qədər köməklik edə bilər. O ki qaldı açıq satışa, bəli, açıq satış xaricdə mövcuddur. Ancaq bu qanun Azərbaycanda mövcud olsa, məncə, bunun elə də müsbət nəticəsi olmayacaq. Bu gün gündəmdə olan məsələ, narkotik vasitələrin alınması yox, onun alınması üçün pulun hardan və hansı yollarla əldə edilməsi məsələsidir. İnsanlar o pulu əldə etmək üçün oğurluqla məşğul olur, qadınlar özlərini insan alverinə qurban verirlər və başqa əməllərə əl atanlar getdikcə çoxalır. Əsas məsələ, o pulun tapılmasıdır. Əgər bir narkomanın pulu varsa, onun narkoman olduğu bilinməyəcək.

- Ümumiyyətlə, bu problem üzərində müəyyən yumşaq addımların atılması, qanuni çərçivəyə salınması və bu bəlaya qurşanan insanların başqalarını da bu yola cəlb etməməsi üçün onlara müəyyən məbləğin ayrılması, sizcə, fəlakətin qarşısını ala biləcəkmi?

- Mən bu məsələdə öz fikrimi açıq demək istəyirəm. Həyatda dörd məsələ var ki, onlar heç bir zaman öz həllini tapmayacaq: insanların yetim qalması, insanların əlil olması, insan alveri və bir də narkomaniya. Bunlar hər zaman olub və olacaq. Sadəcə olaraq, bu, qanunla müəyyən qədər asanlaşdırılmalıdır ki, onlar başqalarının da həyatını zəhərləməsinlər.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »