Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadınların həyatı bu qədərmi dəyərsizdir?
Qadınların həyatı bu qədərmi dəyərsizdir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın fikrincə, qadınlara qarşı zorakılıq hallarına daha çox Mərkəzi Aran rayonlarında rast gəlinir Xanım sədr dəfələrlə bildirib ki, zorakılıq halları ilə bağlı monitorinqlər aparılıb və yaxın zamanlarda monitorinqin nəticələri açıqlanacaq. Düzünü desək, xanım sədrin zorakılıq deyəndə daha çox nəyi nəzərdə tutduğunu bilmirik. Bircə onu deyə bilərik ki, qadın qətllərinin çoxu, məhz Bakı və Bakı ətrafı qəsəbələrdə baş verir.

Ötən ay Bakının Pirşağı qəsəbəsində qətl hadisəsi baş verib. Bu dəfə 1998-ci il təvəllüdlü Ləman Ələsgərovanın kirayə qaldığı mənzildə üzərində zorakılıq əalmətləri olan meyidi tapılıb. Qətldə mərhumun həyat yoldaşı Şəhriyar Ələsgərov şübhəli bilinir. Şəhriyar Ələsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Hər gün Azərbaycanda qadınlar zorakılığa məruz qalır, öldürülür, döyülür, şantaj edilir...

Yenə ötən ay “Qələbə Residence” yaşayış kompleksindəki binadan yerə ataraq intihar etmiş 19 yaşlı Fidan Niftəliyeva açıq-saçıq videoları ilə şantaj edilirmiş. Hətta gənc qızın “18+” kateqoriyasından olan videoları sosial şəbəkələrin birinin qrupunda paylaşılıb.

Burada ilk olaraq belə bir sual meydana gəlir:

  • Hüquq Mühafizə Orqanları niyə bu məsələdə ağzına su alıb oturub?
  • Qadınların həyatı bu qədərmi dəyərsizdir?

Hər gün sosial şəbəkələrdə müxtəlif qruplarda şantaj edilən qadınların yardım çağırışları ilə qarşılaşıram. Qadınlar ölməmək üçün, ayaqda qalmaq üçün yardım istəyirlər. Hətta aralarında polisə güvənmədiyini etiraf edənlər də var. Bəlkə də haqlıdırlar.

Məsələn; ötən il bir jurnalist xanım iki il boyunca şantaj edilirdi. Bununla bağlı jurnalist sosial şəbəkələrdə ölkə başçısına qədər müraciət etmişdi. Heç bir nəticəsi olmadı, onu şantaj edən şəxsləri polis ortaya çıxarmadı və ya çıxarmaq istəmədi. Jurnalist Azərbaycandan getdi. Əgər hüquq mühafizə orqanları bir jurnalistin çağırışlarına əhəmiyyət vermədisə, deməli digər qadınlar da polisə, hüquq mühafizə orqanlarına inanmamaqda haqlıdırlar.

Məhz hüquq mühafizə orqanlarının qadına, qadın cinayətlərinə laqeydliyi səbəbindən ölkədə qadınlara qarşı zorakılıq halları artır. Cinayətkar cəzasız qalanda, daha dəhşətli və aqressiv olur. Bunu isə, nədənsə hüquq mühafizə orqanları əməkdaşları görməzdən gəlir.

İstər sosial şəbəkələrdə, istərsə də, real həyatda qadınlarımız təhqir edilir, şantaja məruz qalır, ya öldürülür, ya intihar edir. Və bu fonda Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitə rəhbəri deyir ki, "tədbirlər görülür, işlər aparılır" və s. və ilaxır...

Təklifim odur ki; ölkədə qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması və qadın cinayətlərinin azalması üçün bir neçə dövlət qurumunda sistem dəyişməlidir. Elə birinci Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində. Bu qurumun əməkdaşları sadəcə şablon tədbirlər keçirməklə, iş gördüklərini cəmiyyətə sırımaq istəyirlər.

Daha sonra Daxili İşlər Naziri cənab Vilayət Eyvazov bir başa bu sahə ilə bağlı tapşırıq verməlidir. Çünki polis bölmələrində qadın şikayətlərinə ciddi yanaşmırlar. Qadın həyat yoldaşından şikayətçi olduğu zaman ona barışmağı, “hər evdə dava olur” deyib, vəziyyəti qəbul etməyi tövsiyyə edirlər. Qadın cinayətlərinə, qadınlar öldürüldükdən və ya intihar etdikdən sonra ciddi şəkildə baxmağa başlayırlar. Amma cənab nazir özü birbaşa bu işlə bağlı tapşırıq verərsə, bəlkə belə hadisələr baş verməmişdən əvvəl qarşısını almaq mümkün olar.

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »